Zorən faytonçu, Bağırova sərt cavab, Heybət adını Vladimirə dəyişən qəhrəman – SƏBUHİ MƏMMƏDLİ YAZIR

0
1426

 

…1959-cu il oktyabrın 7-də Kiyevdən Bakıya, daha dəqiq desək, Maştağaya ağır xəbər gəlir. Heybət qəfil vəfat edib. Dərhal dəfn hazırlığına başlayırlar. Onun ölümü barədə təzəcə Azərbaycana rəhbər təyin olunmuş Vəli Axundova da məlumat verirlər. Axundov dəfnin yüksək səviyyədə təşkili barədə göstəriş verir. Hətta Fəxri Xiyabanda dəfn olunmasıyla bağlı sərəncam da imzalayır.  Oktyabrın 14-də onu fəxri xiyabanda dəfn edirlər. Amma bu maştağalı balasının qəbir daşı üzərinə belə yazılır: ”General-mayor, Zyuvanov Vladimir Pavloviç, 1898-1959”.

 

Deyir ölümünü hiss edirmiş nədi, son saatlarında yaxınlarını bir yerə yığıb elə-beləcə də deyibmiş: “Məni Bakıda dəfn edin”.

 

***

 

Bakılıydı, maştağalıydı, elə bu kənddə anadan olmuşdu 1898-ci ildə.

1912-ci ildə rus-Azərbaycan məktəbini, 1916-ci ildə isə üç sinifli Alekseyev ali-ibtidai məktəbini bitirmişdi. İki il sonra isə atasını itirmişdi. Atamoğlan kişi ermənilər tərəfindən qətlə yetirilmişdi, martın 31-də, məlum hadisələr zamanı. Böyük ailə idi Heybətovlar. Tək ana 7 övladına quru çörək belə tapa bilmirdi. Ona görə də atasından qalma ata fayton qoşub Bakının Bolşaya Morskaya küçəsində faytonçuluq edirdi Heybət. Gündəlik qazancı isə ancaq və ancaq ailənin yavan çörəyinə güclə yetirdi. Amma az keçmiş bu fəarəsətli oğlanı Biləcəridəki neft mədənlərindən birinə usta köməkçisi götürürlər. Beləcə işləməyə başlayır. Amma çox yox, heç altı ay keçməmiş ailənin qonşuluğunda yaşayan keçmiş rus hərbçi Pavel Zyuvanov onun anasına müraciət edir. Keçmiş hərbçi onu oğulluğa götürmək niyyətində olduğunu bildirir.  Nə anası, nə də özü etiraz edir.  Beləcə, bizim qəhrəmanımız Heybət Atamoğlan oğlu Heybətov Zyuvanov Vladimir Pavloviçə çevrilir.

 

***

 

Atalığı onu hərbçi görmək istəyirdi. Buna görə də 1920-ci ilin oktyabr ayında sovet ordusunda xidmət etməyə başlayır. Əsgərliyinin ilk ayında isə onu nümünəvi əsgər kimi Bakıdakı hərbi məktəbə təhsil almağa göndərirlər.  1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir. Atıcı diviziyasına vzvod komandiri təyin olunan gənc Heybət Heybətov üç il burada, birinci atıcı “Dəmir alayı”nda xidmət edir və hərbi biliyi, bacarığı sayəsində rota komandiri vəzifəsinə qədər yüksəlir. 1929-cu ilin oktyabr ayında təhsilini artırmaq üçün Moskvaya, M.Frunze adına Hərbi Akademiyaya təkmilləşdirmə kursuna oxumağa göndərilir. Təhsilini müvəffəqiyyətlə başa vuran Heybət Heybətov Bakıya qayıdır, dağ-atıcı diviziyasının komandiri kimi məsul vəzifədə çalışır. 1939-cu ilin avqust ayında bacarıqlı komandir Oryol şəhər Hərbi Dairəsinə hərbi nəzarət qrupunun rəisi təyin edilir. Az sonra isə 641-ci atıcı alayının komandiri olur. Böyük Vətən müharibəsi başlayanda isə ona daha bir məsul vəzifə tapşırılır.

O, azərbaycanlılardan ibarət 223-cü diviziyanını komandiri təyin edilir.

 

 

***

 

Müharibənin ilk illərindən ön cəbhədə döyüşən Heybətin şücaəti ali komandanlıq tərəfindən yüksək qiymətləndirilir. 10 noyabr 1942-ci ildə ona general-mayor rütbəsi verilir. Bir il sonra isə o, azərbaycanlılardan ibarət  məşhur  416-cı atıcı diviziyaya komandan təyin olunur. Və bu diviziya ilə düz Berlinə kimi gəlib çıxır.

 

Çox az adama məlumdur ki, məhz Zyuvanov-Heybətovun diviziyası kayzer Vilhelmin sarayını, SSRİ-nin Almaniyadakı keçmiş səfirliyinin binasını tutmuşdu.

 

 

Yeri gəlmişkən, bir qədər əvvəl Rusiyanın NTV telekanalında yayımlanan məşhur intellektual veriliş “Svoya iqra”da belə bir sual səslənmişdi. Aparıcı  “1945-ci il mayın 2-də Məcidovun rəhbərliyi ilə dörd döyüşçü məhz bunu edib…” – deyə iştirakçılara sual vermişdi. Verilişə dəvət edilmiş Vadim adlı iştirakçı sualı belə cavablandırmışdı: “Berlində Brandenburq qapıları üstünə qələbə bayrağı sancıblar”.

Hə, bu əsgərlər və Məcidov məhz Zyuvanovun komandanlığı altında döyüşürdülər. 1945-ci ilin aprelin 21-də azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziya Berlin şəhərinə qədər irəliləyərək, bir neçə strateji mövqeni ələ keçirmişdi.

Daha sonra mayın 2-də leytenant Rəşid Məcidovun rəhbərlik etdiyi 4 nəfərlik qrup (Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev) Brandenburq darvazalarına qələbə bayrağını sancmışdılar.

 

Bu diviziyanın igidliyi yüksək dəyərləndirilmişdi. Səkkiz nəfərə Sovet İttifaqı Qəhrəmanı  adı verilmişdi.

 

Sonradan həmin cəbhədə vuruşan general-leytenant Bokov özünün “Qələbə baharı” kitabında yazacaqdı:

 

“1945-ci ilin 21 aprel günü beşinci zərbə ordusu, o cümlədən 416-cı diviziya üçün unudulmaz gün idi. Bu diviziya Berlinin xarici və daxili müdafiə xətlərini yararaq aprelin iyirmi birində şəhər uğrunda döyüşə girişdi. Diviziya komandirinin müavini, Azərbaycan xalqının mərd oğlu general-mayor Zyuvanovun rəhbərliyi altında döyüşçülər birincilər sırasında şəhərə daxil oldu. Generalın qarşısında Saraya, sonra isə Berlinin əsas küçəsi olan Unter-den Linden ilə Brandenburq darvazası istiqamətində hücum etmək vəzifəsi qoyulmuşdu. Diviziya Şpreye çayı üzərindəki körpüdə döyuşə başladı və qısa zamanda əmri yerinə yetirdi”.

 

 

***

 

Deyilənə görə, 1942-ci ilin sentyabrında Mir Cəfər Bağırov diviziyanın əsgərləri ilə görüşə gəlir. Elə əsgərlər qarşısında çıxışındaca bəyan edir ki, bu, mili diviziyadır, komandiri də məhz azərbaycanlı olmaldır. Zyuvanov azərbaycan dilində Bağırova “mən azərbaycanlıyam” deyir. Bağıov çaşır və bəs nədən bu familiyanı daşıdığını soruşur. Zyuvanov tarixçəni danışır. Bağırov isə tərslik edir:

 

– Familyianı dəyiş.

 

Amma Bağırov gözləmədiyi halda sərt cavab alır.

 

 

-Mən azərbaycanlıyam. Bu familiyanı daşımaqla isə nə millətimdən, nə də Azərbaycandan üz döndərməmişəm. Mənə ata əvəzi olmuş bir şəxsə nankor çıxa bilmərəm.

 

Bundan sonra Bağırov daha heç nə demir…

 

***

 

…Müharibədən sonra Heybət Bakıya qayıdır, partiya işində çalışır. Hətta Ali Sovetin deputatı seçilir. Amma müharibənin səhhətinə vurduğu zərbə özünü göstərməyə başlayır. 3 dəfə yaralanmışdı cəbhədə, 3 dəfə də kontuziya olunmuşdu. Tez-tez Moskvaya, Leninqrada və Kiyevə müalicəyə gedirdi. Elə Kiyevdə müalicədə olarkən də dünyasını dəyişmişdi bu qəhrəman Azərbaycan oğlu – Heybət Atamoğlan oğlu Heybətov…

BIR CAVAB BURAXIN