Ziya Məmmədovun sabiq müşaviri ilə çəkişən şəxs özünü doğradı

0
711

Bəraət alan və məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədov xəstəxanada yenidən intihara cəhd edib.

Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, dekabrın 26-da, gecə saatlarında Rövşən Əhmədov müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) palata yoldaşının sistem şüşəsini sındıraraq, əl-qolunu və boyununu kəsib.

Hadisə yerinə dərhal gələn həkimlər onun intihar etməsinin qarışısını alıb.

Bundan sonra xəstəxanaya polis əməkdaşları çağılıb.

Daha sonra Rövşən Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasına köçürülüb. O, hazırda həmin xəstəxanada müalicə alır.

Qeyd edək ki, bundan əvvəl Rövşən Əhmədov dekabrın 21-də axşam saatlarında çoxlu sayda həblər içərək intihara cəhd göstərmişdi.

O, Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Mərkəzdən bildiriblər ki, Rövşən Əhmədovun vəziyyəti ağırdır.

Ailəsi onun intihara cəhd göstərməsini təsdiqləyib. Bildiriblər ki, Rövşən Əhmədov hər gün intihar edəcəyini deyirmiş.

Rövşən Əhmədov intihara cəhddən əvvəl məktub yazaraq bildirib ki, yenidən şərlənərək həbsxanaya getməkdənsə, ölmək yaxşıdır.

Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsindən bildirilib ki, 59 yaşlı Rövşən Əhmədov gecə saat 01:07 radələrində ağır dərman zəhərlənməsi ilə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Bölmədən bildiriblər ki, Rövşən Əhmədovun intihara cəhd etməsi ilə bağlı araşdırma aparılır.

Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya qarşı mənimsəmədə ittiham edilib.

İttihama aktına əsasən o, qohumu Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davamı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Rövşən Əhmədovun işi üzrə şikayətin araşdırılması başa çatsa da, qərar açıqlanmayıb. Buna səbəb Rövşən Əhmədovun intihara cəhd etməsi olub.

Xatırladaq ki, Rövşən Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib.

Daha sonra Çingiz Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, Rövşən Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib.

Çingiz Baxşıyev şərəf və ləyaqətinin alçaldığını bildirərək, Rövşən Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə Rövşən Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.

Bu qərardan narazı qalan Rövşən Əhmədov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rövşən Əhmədovun şikayəti təmin edilməyib.

BIR CAVAB BURAXIN