Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilən. lakin məhkəmə bəraət alan Rövşən Əhmədov dünən gecə saatlarında intihara cəhd edib.
Arazinfo-nun Lent.az-a istinadən məlumatına görə, bu barədə onun yaxınları məlumat yayıblar.
Onlar bildiriblər ki, buna səbəb R. Əhmədovun yenidən həbsə düşmək istəməməyidir: “Cibindən məktub tapdıq. Yazıb ki, yenidən şərlənib həbsxanaya getməkdənsə, ölsə yaxşıdır. Gecə çoxlu həblər içib.Təcili yardımla xəstəxanaya güclə çatdırdıq. Hazırda Respublika Toksikologiya Mərkəzindədir”.
Qeyd edək ki, bəraət alaraq azadlığa çıxan R.Əhmədovun barəsindəki hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə altı aydır davam edən məhkəmə yekunlaşmaq üzrədir. Ötən məhkəmə iclasında dövlət ittihamçısı R.Əhmədov barəsindəki bəraət hökmünün ləğv olunmasını və onun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Bu gün onun məhkəməsi olmalıydı.
Qeyd edək ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilib. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunub.
İttihama görə, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızıl-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib.
Ç.Baxşıyevin adı mətbuata evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan məmur kimi gəlib. Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər.