Ömürlük məhkum Nizami Nağıyev: “Zakir Qaralov yerindən qalxıb iti addımlarla mənə yaxınlaşdı, sağ qolumdan bərk-bərk tutub silkələdi, yuxarı qaldırdı, dedi ki, bax, bu əlinlə vurmusan”
1997-ci il fevralın 21-də böyük alim, akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.
Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.
İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.
***
Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…
Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır…
Bu odur – ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni Müsavat”ın müxbirinə hər şeyi anladır…
“Hadisədən sonra dəstə dağılmışdı”
– O vaxtlar mətbuatda qarışıq yazırdılar. Hər qəzet bir cür yazırdı. Kimsə çıxıb bir söz deyəndə yazırdılar. Hər dəfə yazılar eyni olmurdu. Kim nə istəyirdi, onu da yazırdı. İstintaqla bağlı da ciddi bir məlumat olmurdu. Dediyim kimi bizi axtaran da yox idi. Tariyelə də bunu dedim. Dedim sakitçilikdir. Artıq Xətaidəki anbarı təhvil vermişdik. Mən gömrükdə işləyirdim. Tariyel Moskvada, Mahir, Cavanşir nə işlə məşğul olurdular bilmirdim. Qalibi də sərhəddə öldürmüşdülər. Hadisədən sonra dəstə dağılmışdı.
– Qalib Babayev sərhəddə öldürüləndən sonra onun yas məclisinə getmişdiz?
– Yox, getmədik. Düşündük ki, qardaşı birdən bizdən şübhələnər. Ona görə getmədim.
“Gömrükdə işə düzəlmişdim”
– Heç qəbrinin üstünə də getmədiz?
– Tariyel Azərbaycana o hadisədən 2 ildən sonra qayıdıb gəldi. Bundan sonra yığışıb Xaçmaza, Çiçi kəndində onun qəbrinin üstünə getdik. 1999-cu ilin yayının sonları idi. Tariyel Moskvadan qayıdandan sonra daha Montində yaşamadı. Pirşağıdakı bağına köçüb orada yaşamağa başladı. Atasından qalma bağ idi. O qayıdıb gələndən sonra heç görüşməyə vaxt olmurdu. Hadisədən sonra gömrükdə işə düzəlmişdim, bir gün səhər növbəsində olurdum, bir gün də axşam. Görüşə bilmirdik.
– Gömrükdə işə hadisədən dərhal sonra düzəlmişdiz?
– Fevralda hadisə olmuşdu, dekabrda artıq gömrükdə işləyirdim.
– İşə düzəlməyinizə kim kömək etdi?
– Atam işə düzəltmişdi. Demişdi ki, qardaşların kimi sən də get bir işin qulpundan yapış, gələcəyin olsun. Əkin biçindən, alverdən bir şey olmaz.
– Gömrükdə vəzifəniz nə idi?
– İnspektor idim. Sərnişinləri yoxlayırdım, əsasən yük şöbəsində olurdum, yüklərə nəzarət edirdim. Günüm işdə keçirdi.
“O bizi aparıb elə bir işin içinə salmışdı ki…”
– Düşünürdüz ki, bu işin üstü açılmayacaq?
– 3 ildə bizi faktiki axtaran olmadı. Ağlımıza nə gələrdi ki, bizi müəyyən edib həbs edə bilərlər.
– Tariyellə bu haqda söhbətləriniz olurdu?
– Tariyel də gələndən sonra adi həyatımızı yaşayırdıq. Bu haqda demək olar ki, danışmırdıq.
– Nəsrullah ilə əlaqə qalırdı?
– O, 2000-ci ilin əvvəlində gəlib çıxdı. Tariyel gedib onunla görüşmüşdü. Mənə də demişdi ki, birdən Nəsrullah sənə yaxınlaşsa, yaxınlıq vermə, de ki, nə sözün var, Tariyelə de, mənə yaxın gəlmə. Mən də dedim ki, bizi Nəsrullah ilə sən tanış etdin, biz Nəsrullah tanımırdıq. Həmin vaxt Tariyel özü də baş verənlərə görə peşman olmuşdu. O bizi aparıb elə bir işin içinə salmışdı ki… Artıq həmin vaxt onun 2 uşağı vardı, yoldaşı 3-cü uşağa hamilə idi. Bilirdi ki, bunun sonu yoxdur. Arada söhbət olanda da deyirdi ki, bizim uşaqların aqibəti necə olacaq? Ona deyirdim ki, bu işin üstü açılsa, hamımız əlli-ayaqlı gedəcəyik, məhv olacağıq. İt kimi peşman idi.
– Deyirsiniz ki, Ziya Bünyadovu sizə ilkin olaraq Aydın adı ilə tanıtmışdılar. Dəstə daxilində sizlərin də gizli adınız vardı?
– Yox, bizim gizli adlarımız yox idi. Bilirdik ki, o tərəfdən gələn Nəsrullahın, Məhəmmədin adları qondarmadır. Onlar öz adlarını demirdilər.
Ziya Bünyadovu qətlə yetirən dəstəni telefonları ələ verib
– Bəs sizin ən qorxduğunuz məsələ – bu işin üstü necə açıldı?
– 2000-ci ildə prokurorluğun rəhbərliyi dəyişildi. Heydər Əliyev göstəriş vermişdi ki, bu işin üstü hökmən açılmalıdır. Təxminən may ayı idi. Tariyeldə bir telefon nömrəsi vardı, onu hadisədən çox sonra ləğv eləmişdi. O telefon nömrəsi kimin adına idi, həmin adamı istintaqa çağırmışdılar. Həmin adam da Tariyelin telefon nömrəsini bilirdi. Tariyel gəlib dedi ki, nömrə kimin adınadır, onu istintaqa çağırıblar. O adam da nömrənin məndə olduğunu bilir. Ona dedim ki, evimiz yıxıldı. Sonradan Cavanşirin oğurladığı telefonların sahiblərini də istintaqa çağırmağa başladılar.
– Hansı telefonlardan söhbət gedirdi?
– Hadisədən əvvəl istifadə edilən telefonlar vardı.
– Qətldən əvvəl Ziya Bünyadovu izlədiyi zaman Tariyelin istifadə etdiyi telefonları müəyyən etmişdilər?
– Hə, həmin telefonlar oğurluq sənədlərlə alınmışdı. Sənədlərin sahibi Tariyelin həmin nömrəni işlətdiyini bilirdi. İstintaqçılar da həmin nömrədən qətldən əvvəl və sonra 2 zəng olduğunu aydınlaşdırmışdılar. Təxmin etmişdilər ki, cinayətdə istifadə edilən nömrədir. Sahibini axtarmışlar, onu da tapmışdılar.
– Sizdə o adamların istintaqa çağırılması haqda məlumat haradan idi?
– Xanların maşınından əmisi oğlunun pasportunu oğurlayıb işdə istifadə edilən telefon nömrələrini almışdlar. Xanlar da Cavanşirə demişdi ki, əmisi oğlunu istintaqa çağırıblar, sıxırlar. Beləcə bilirdik ki, adamları çağırırlar. Ətrafda salam-əleykimiz olan adamları da çağırırdılar. Peycerlərlə də maraqlanmağa başlamışdılar.
Dəstənin ölkədən qaçmaq planı olub
– Başa düşmüşdüz ki, istintaqçılar sizləri müəyyən edə biliblər?
– Bilirdik ki, geci-tezi var. Həmin günlərin birində Tariyel dedi ki, gəl Mərdəkana dəniz kənarında görüşək. 2000-ci ilin iyul ayı idi. Getdim, Tariyel çox həyəcanlı idi. Dedi ki, Cavanşirin qardaşı Aslanı çağırıblar istintaqa, gözləyək, görək nə xəbərlə gələcək. Axşamüstü Aslan gəldi, Cavanşirə dedi ki, istintaqda səni istəyirlər, sən mütləq istintaqa getməlisən. İstifadə olunan 2 telefonun hər ikisini o almışdı. Tariyel Cavanşirlə bir kənara çəkilib söhbətə başladılar. Nə dedilər, nə söhbət elədilər bilmədim. Qayıdıb gəldilər, Tariyel dedi ki, gələn cümə, bir də o biri cümə saat 10-da Günəşlidə poçtun qabağına gələrsən. Buradan o tərəfə gedəcəyik.
Nizami Nağıyev
– Yəni ölkədən çıxacaqdız?
– Hə, getməli idik. 2 cümə günü Günəşlidə poçtun qabağına getdim. Evdə də demişdim ki, Rusiyaya gedirəm. Tariyellə Cavanşir görüşə gəlmədilər. O gündən Tariyellə Cavanşir haqda xəbərim olmadı. Belə başa düşdüm ki, qaçıb ölkədən çıxıblar. Bizi də qoyub qaçıblar. Sentyabrın 28-də məni istintaqa çağırdılar. Çünki mən Tariyelə bir xarici pasport almışdım. O, Moskvadan qayıdandan sonra iyun ayında pasportu alanda öz poliklinikamızdan ona sağlamlıq kağızı almışdım. Bunu istintaqçılar araşdırıb bilmişdilər. Bizimlə anbarda kim işləmişdi, hamını çağırmışdılar. Fəhlələr, qarovulçular dindirilmişdi, barəmizdə kifayət qədər məlumat toplamışdılar. Mən də istintaqa gəldim. Tariyellə Cavanşir artıq yox idi, Qalib ölmüşdü, Mahirin də harada olması haqda məlumatsız idim. 2 gün sorğu-sual etdilər. Dindirdilər, deyirdim ki, xəbərim yoxdur. Sonda baş prokurorun kabinetinə apardılar.
– Kimlər vardı orada?
– Ramil Usubov, müavini Zahid Dünyamalıyev, Zakir Qaralov, Rüstəm Usubov, Ramiz Rzayev və 2-3 nəfər başqa adamlar vardı. Ramiz Rzayev başladı suallar verməyə. Baxırdım ki, haradasa məlumatlıdırlar.
– Nə deyirdilər ki, belə qənaətə gəlirdiniz?
– Telefonların alınmasından danışırdılar, elə məqamları deyirdilər ki, bilirdim ki, xəbərləri var. Amma boynumdan atırdım, deyirdim mən eləməmişəm. İranlılar söhbəti də ortaya çıxmışdı.
(“Yeni Müsavat”ın müxbiri Elşən Məmmədəliyev Nizami Nağıyevin saxlanıldığı Qobustan Qapalı Həbsxanasında)
– O məsələ necə olmuşdu?
– Bilmirəm axı. Sadəcə suallarından başa düşürdüm ki, artıq iş gedib, mənə deyirdilər ki, siz onlarla işləmisiz. Haqqımda kifayət qədər məlumatlı idilər. Görürdüm ki, çıxış yolu qalmayıb. Tariyelgil görüşə gəlsəydilər, mən də onlarla qaçıb ölkədən gedəcəkdim. İstintaqçıların əlində idim. Qaçan yerim yox idi.
– Baş verənləri etiraf eləməyə başladız?
– Sual-cavabın ən qızğın vaxtında baş prokuror Zakir Qaralov yerindən qalxıb iti addımlarla mənə yaxınlaşdı, sağ qolumdan bərk-bərk tutub silkələdi, yuxarı qaldırdı, dedi ki, bax bu əlinlə vurmusan. Bu əlində tutduğun bıçaqla vurmusan.
“Hə, bundan sonra başladım danışmağa”
– Və başladız danışmağa?
– Hə, bundan sonra başladım danışmağa. Nə baş vermişdisə, hamısını dedim. Sonradan Tariyelin o biri dəstəsində olan lənkəranlı uşaqları da tutdular. Orada 3 nəfəri tutdular, Xanlar, Maarif və bir başqası. 1 nəfər də qaçıb o tərəfə (İrana) keçmişdi.
– İş materillarını oxuyanda, sizin məhkəmədə ittihamları rədd etməyiniz diqqətimi çəkdi. İndi dediklərinizi o dövrdə niyə dilə gətirmirdiz?
– Atam məhkəməyə gələndə baxdım ki, özündə deyil. Düşündüm ki, hər şeyi olduğu kimi danışsam, infarkt keçirəcək, ya da insult olacaq. Onsuz da bir insanın ailəsini bədbəxt eləmişik, bu da belə olsun istəmədim.
“Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da həyatını məhv etdilər” |
– Kimi bədbəxt etdiyinizi nəzərdə tutursuz?
– Ziya Bünyadovun ailəsini. Onu vurub öldürdük, ailəsini başsız qoyduq. Atam mənə yaxınlaşanda, dedi ki, bu işi eləmisənsə, düzünü de. Üzünə baxdım, özündə deyildi, düzünü demədim. Dedim xəbərim yoxdur, kriminalist Rövşən Əliyev bu işi boynuma qoyub, bu iş mənlik deyil. Bir az da ailəm üçün qorxdum. Düşündüm ki, o tərəf ailəmə xətər yetirə bilər.
– Kimi nəzərdə tutursuz?
– Kimlərlə birgə idim onları.
“Atam da günahsız olduğumu düşünüb qəzetlərə şikayətə gedirdi”
-Onlar sizə nə edə bilərdilər ki?
– Gəldilər, Bakının ortasında belə bir iş gördülər, sakitcə çıxıb getdilər. Bundan da real güc olar? Mən nə bilim ki, onlarla kimlər var? Bunu bilə bilməzdim axı.
– Yəni sizə bir işarə verən olurdu ki, sizin dəstədən də başqa adamlar var?
– Bunu ancaq Tariyel bilə bilərdi. O da bizə bir söz demirdi. Biz “pexota” idik, deyirdilər get qabağa, biz də gedirdik.
– Həbs ediləndən sonra istifadə etdiyiniz bıçağı, silahı götürdülər?
-Yox, Cavanşirgil paltarları yandırmışdılar, bıçağı, silahı yoxa çıxarmışdılar. Maşınların təkərlərini də söküb yandırmışdılar ki, izinə düşüb maşınları tapan olmasın.
– Məhkəmədə də olanları danırdız, etiraf etmirdiz?
– Hə, atam məhkəmədə də üstümə düşdü, ona həqiqəti deyə bilməzdim. Necə deyim ki, sənin oğlun belə bir işin altına girib? Atam icra başçısı idi. Mənə görə onu, qardaşlarımı işdən çıxarmışdılar. Bu gün də işsizdirlər. Atam da günahsız olduğumu düşünüb qəzetlərə şikayətlərə gedirdi.
– Necə oldu ki, həqiqəti atanıza dediz?
– Gördüm ki, ora-bura şikayətə çox gedir. O vaxtlar yanıma gəlmirdi. Çağırdım, nə var hamısını ona dedim. 2009-cu ilin sonu idi. Dedim ki, onu-bunu günahlandırmayın, haqq-hesab belə olub. Hamı bunu hökumətin üstünə atırdı. Qəzetlərə də bu məlumatlar çıxırdı.
“Nəsrullah, İran gəlib deyər ki, bunu biz etmişik?
– Ötən 18 ildə düşünüb-daşınmağa kifayət qədər varxtınız olub. Sizcə, Ziya Bünyadovun qətli ilə Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabını dilimizə tərcümə etməsi arasında bir əlaqə olub?
– Mən bunu bilə bilməzdim. Biz icraçılar idik. Aldadılmış icraçılar. İnanmıram ki, dəstədə kimsə də bunu bilirdi.
-Yeni tutulanda üzvü olduğunuz təşkilatın sizi həbsdən qurtara biləcəyinə ümidiniz vardı?
– Tariyelə inanırdım. Amma kim gəlib deyərdi ki, bunu biz etmişik? Nəsrullah, İran gəlib deyər ki, bunu biz etmişik? Tutuldun, deməli məhv olub getdin.
– Namaz qılırsız?
– Namaz qılıram, oruc tuturam.
– Uşaqlarınız necə, ibadət əhlidirlər?
– Uşaqlarım namaz qılırlar. Amma onlara məscidə getməyi qadağan etmişəm.
– Niyə?
– Mənim başıma bu müsibətlər məsciddən gəldi də. Mən ora gedib girməsəydim, bu işlərə də qoşulmazdım. Böyük oğlum namaz qılır, kiçiyi idmançıdır.
“Özümə sual verirəm – kimə görə, nəyə görə sən burdasan?”
– Təsərrüfatınız qalır?
– Atam bir inək alıb-verib. Ötən 18 ildə yanıma gəlib getmək üçün parnikimin bütün turbalarını söküb satıblar. Həyət-bacada toyuq-cücə var, birtəhər dolanırlar. Mən də burda. Bir əlimdir, bir də başım. Gözümü açıram, pəncərədən çölə baxıram. Özümə sual verirəm – kimə görə, nəyə görə sən burdasan? İçim yanır. Özümü, Tariyeli, Nəsrullahı söyməkdən başqa əlimdən heç nə gəlmir. Nə qədər özümü söyüm, nə edim. Nə edim? Baxırsan ki, generallar da səhv edir. Burada kimlər olmayıb ki? 1992-ci ildə kor-koranə gedib bunların əlinə düşdük. Hərdən baxıram, cavan-cavan uşaqlar gedib İŞİD-ə qoşulur. Bədbəxtdirlər. Dünyanın ən bədbəxt adamlarıdırlar. Ailələrini də yığıb özləri ilə aparırlar. O vaxt bizlərin interneti yox idi. Sosial şəbəkələr yox idi. Dünyadan bixəbər idik. İndi isə belə deyil axı. Bağdadi ilə bağlı məlumatları eşidirik. Bu adam Amerika həbsxanasında olub. Necə olub azad edilib? Necə olub gedib Afrikaya çıxıb? Bu haradan mömin oldu? Hamısı xüsusi xidmət orqanlarının işidir. Bağdadi bir gün onlara lazım olmayacaq və aradan götürəcəklər.
“Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da həyatını məhv etdilər”
– Yəni indi gedişatı saf-çürük eləmək üçün imkanlar var?
-Əlbəttə var. Hər şey göz qabağındadır. O dövr belə deyildi. Mən haradan hara gəlib çıxdım? Ailəmi, atamı, qardaşlarımı haradan hara gətirib çıxardım? Qoşulmasaydım, ailəm harada idi, indi haradadır? İmkansızlıqdan bu gün görüşlərin çoxuna çıxa bilmirəm. Uşaqlara da deyirəm ki, məni düşünməyin, mənim də qismətim belə oldu. Mən nəyi qaytara bilərəm ki? Nəyi dəyişə bilərəm? Gərək elə iş görəsən ki, sonra kaş ki, belə etməzdim deməyəsən. Mahir də 2 uşaqla elə bədbəxt oldu. Narxozu qırmızı diplomla qurtarmışdı. Yaşlı anası var. Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da həyatını məhv etdilər.
– Tariyellə Cavanşiri nəzərdə tutursuz?
-Bəs kimi deyirəm? 18 ildir ki, yoxdurlar. Ailələrini də götürüb gediblər o tərəfə. Atam da deyir ki, onları da tutun. Deyirlər ki, İran tərəfi deyir ki, bizim ərazidə yoxdurlar.
-İrana keçmələri təsdiqlənib?
– O vaxt qəzetlər yazmışdılar ki, qeyri-qanuni İrana keçiblər.
“Ziya Bünyadovun ailəsindən, yaxınlarından üzr istəyirəm”
– İmkanınız olsaydı, nələri dəyişərdiz?
“Böyüyünün 31 yaşı var artıq. Mən tutulanda 12 yaşı vardı. Balaca 6 yaşında idi. İndi 24 yaşı var. Deyirəm evlən, deyir ki, sən çıxmasan evlənən deyiləm” |
– Ziya Bünyadovun ailəsindən, yaxınlarından üzr istəyirəm. Allah içi mən qarışıq baiskarın evini yıxın. Allah Tahirə xanıma rəhmət eləsin. O, ölümündə əvvəl mənim günahlarımı bağışlamışdı, prezidentə də məktub yazmışdı. Ziya Bünyadovun yaxınlarından xahiş edirəm, imkanları varsa, Tahirə xanımın yolu ilə getsinlər, bizi bağışlasınlar. Bilirəm ki, böyük bir günah etmişəm. Bizi aldatdılar. Onu Aydın kimi təqdim etdilər, barəsində bizə çox yalanlar dedilər. Biz cavan, təcrübəsiz olduq. Siyasi, dini, hüququ savadımız da olmadı ki, vəziyyətdən çıxa bilək. Sovet hökuməti yeni dağılmışdı. Çox adam vəziyyətdən baş çıxara bilmirdi. Heydər Əliyev Azərbaycana qayıdanda bir çox ziyalılar belə ona yuxarıdan aşağı baxırdılar, anlamırdılar ki, nə baş verir. 1990-cı ildə o rəhbər olsaydı, Azərbaycanın vəziyyəti bir başqa olardı. OMON-çular, əlikramçılar, sadvalçılar, avarlar, Hizbullahçılar, Ceyşullahçılar, İŞİD-çilər, bozqurdlar… Daha kimlər yoxdur burada? Kim ala biləcəkdi bunların qabağını? Ətrafımızda salamat müsəlman ölkəsi var? Yoxdur. Hamısı darmadağındır. Hamısında aləm bir-birinə qarışıb. Azərbaycanda isə sabitlikdir.
“Uşaqdır, bilmir, ağlı kəsmir ki, dustağam”
-Azadlıq haqda fikirləşirsiz?
– Ümid edirəm, fikirləşmirəm. 3 nəvəm var. 25 illik hədd qoyublar. Ümid edirəm. Ürəyim xəstədir, bəlkə sağ qaldım. Bəlkə ömürlük üstümdən götürülər. Bir istəyim var – azadlıq. Balalarımın əllərindən öpmək istəyirəm azadlıqda. 3 nəvəm var. Böyük nəvəmin adı Əlidir, kiçiyinin adı Cəfərdir. Birinin da adı Məryəmdir. Böyük nəvəm gəlir, deyir ki, baba, əsgərlərlə işləyirsən burda? Uşaqdır, bilmir, ağlı kəsmir ki, dustağam. Bilmir.
(“Yeni Müsavat”ın müxbiri Elşən Məmmədəliyev Nizami Nağıyevin saxlanıldığı Qobustan Qapalı Həbsxanasında)
-Uşaqlarınıza nəyə görə həbs edildiyinizi deyiblər?
-Bilirlər. Böyüyünün 31 yaşı var artıq. Mən tutulanda 12 yaşı vardı. Balaca 6 yaşında idi. İndi 24 yaşı var. Deyirəm evlən, deyir ki, sən çıxmasan evlənən deyiləm. Nə cür evlənim deyir.
– Azad edilsəz, nə işlə məşğul olacaqsız?
– 54 yaşım var, ürək xəstəsiyəm. Nə işlə məşğul ola bilərəm? Yəqin gedib yenə də torpaqda işləyib, mal-qara saxlayacağam. Başqa nə edə bilərəm?
-Cəzanızın müddətli cəza ilə əvəzlənməsi üçün müraciət edirsiz?
-Mən də yazıram, atam da yazır. 3 dəfə ərizə yazmışam. Alıb aparıblar. Ümid edirəm. Vəssalam.
“Mahir də mənim kimi gəlib məscidə namaz qılmağa, düşüb böyük bir zibilin içinə, ömrü çürüyür gedir”
-Mahirlə münasibətiniz var?
-Bir kamerada qalırıq.
-O nə fikirləşir, nə deyir?
– Ağlayır. O tutulanda uşağının 3 yaşı vardı. Anası qocalıb. Qabağında ata yox, qardaşı xəstə. Bir qaynatası var, o gəlib-gedir dalınca. “Narxoz”u qırmızı diplomla qurtarıb, gəlib oturub burada. Onun atası “Narxoz”un müəllimi olub, 90-cı ildə rəhmətə gedib. Mahir də mənim kimi gəlib məscidə namaz qılmağa, düşüb böyük bir zibilin içinə, ömrü çürüyür gedir. 22 yaşında düşüb bu oyunun içinə. 18 ildir ki, o söyür, mən söyürəm. O başına vurur, mən vururam, başqa nə edək?
“Özümə bəraət qazandırmıram. İstəyirəm 90-cı illər nəzərə alınsın”
– Mahir tutulanda nə işlə məşğul olurdu?
-Taksi sürürdü. Tariyel hamilə yoldaşını bunların ümidinə qoyub aradan çıxıb. O da baxırmış. Mahiri də evində tutmuşdular. Mahir biz birinci dəfə ora gedəndə yox idi. İkinci dəfə gedəndə elə bil ki, əcəl onu dartıb gətirmişdi. Yəni onu özümüzlə aparmaq planı yox idi. Özü durub gəlmişdi. Soruşduq, dedi ki, gəldim görüm nə edirsiz. Tariyel də dedi ki, gəlmisən, get sən də, maşında oturarsan, motoru söndürməzsən. Hava soyuq idi, dedilər ki, motoru söndürərsiz, birdən sonra işə düşməz. Həmin gün qar yağmışdı. Onun da ailəsi belə bədbəxt oldu. 2 uşağı var, hər ikisi universitetdə oxuyurlar. Çətindir. 18 il yollarda qalmaq asan deyil. Ailələrimiz gəlib-gedə bilmirlər. Yoldaşım ürəyindən əməliyyat olunub. Ona görə gələ bilmir. Oğlanlarım gəlir. 54 yaşında belə bir durumdayam. Tək ümidim göydə Allaha, yerdə prezidentimizədir. Onun ədalətinə sığınıram. Bilirəm ki, bu işi etməməli idik. Özümə bəraət qazandırmıram. İstəyirəm 90-cı illər nəzərə alınsın. O boyda ziyalılar səhv edirdilər. Milli təhlükəsizlik naziri Nəriman İmranov mənimlə qonşu kamerada yatıb. Surət Hüseynov burada idi. Müzamil Abdullayev, Natiq Əfəndiyev, Zakir Nəsirov, Kamil Sədrəddinov, KQB-nin bir zabiti var, bir müstəntiq var… Buradan xeyli adam keçib. Biz bədbəxtlər birdən-birə düşdük din adından alver edənlərin təsiri altına, başımızı yedilər. Bir daha təkrar edirəm, tək ümidim göydə Allaha, yerdə prezidentimizədir. Onun ədalətinə inanıram.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com