Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.
Axar.az xəbər verir ki, M.Zaxarova APA-nın Rusiya nümayəndəliyinin rəhbəri Fərid Əkbərovun 2014-cü ilin dekabrında qondarma “DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsib. Zaxarova Azərbaycan mətbuatında bu səpkidə yazılan yazıları “xamlıq” adlandırıb: “Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib”.
F. Əkbərovun APA-nı təmsil etməsi ilə bağlı xəbərdarlığından və suala cavab istəməsindən sonra isə M. Zaxarova “suala sonra cavab veriləcəyini” bildirib: “Sizdən xahiş edirəm, bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız”.
Azərbaycan sosial şəbəkə istifadəçiləri, xüsusilə jurnalistlər və politoloqlar Zaxaraovanın davranışını tənqid ediblər.
“APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı da Feysbukda məsələyə münasibət bildirib: “Mən Zaxarovanın ifadə tərzini ona qarşı istifadə eləmək istəmirəm. Amma bir mətbuat xidməti rəhbərinin peşəkarlıq nümayişi bu deyil. Fərid isə təmkinli və peşəkar mövqe nümayiş etdirdi, məncə. Bütün hallarda sualın cavabını gözləyirik”.