Zamin Hacının polisə nə səbəbə çağrıldığı məlum oldu

0
672

11

Satirik yazar Zamin Hacı noyabrın 28-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) Facebook statusuna görə çağırılıb.

Bunu jurnalistlə birgə BŞBPİ-yə gedən vəkil Elçin Sadıqov bildirib.

Vəkilin deməsinə görə, polisdəki bir saatadək davam edən görüşdə Zamin Hacıya məsləhət veriblər.

“Zamin Hacı Facebook-dakı statusuna görə, çağırılmışdı. Onunla Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsinin rəisi Nazim İsmayılov və Daxili İşlər Nazirliyinin bir əməkdaşı profilaktik söhbət etdi. Belə yazılar yazmamağı məsləhət bildilər”, vəkil bildirib.

 

Vəkil qeydinə görə, Zamin Hacıya aşağıdakı statusuna görə, irad bildirilib.

“Son 26 ildə Azərbaycanda törədilən qətl və terror hadisələrinə görə demək olar heç kim cəza almayıb. Bu hadisələrin qısa, indi yadıma düşən siyahısı: 20 yanvar, Xocalı, 20 noyabrdakı vertolyot terroru, Ziya Bünyadovun qətli, hərbi hava qüvvələrinin komandanı Rail Rzayevin qətli, jurnalist Elmar Hüseynovun qətli, yazıçı-publisist Rafiq Tağının qətli, və sairə (ardını şərhdə siz yazın)… Belə ölkədə necə sabitlikdən, dövlət quruculuğundan danışmaq olar, əgər bu cinayətlər cəzasız qalıbsa?”…

Status noyabrın 23-də yazılıb…

Vəkilin bildirdiklərinə Daxili İşlər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Azadliq.org

BIR CAVAB BURAXIN