İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ABŞ Prezidenti Donald Trampa “Makedoniyalı İsgəndər, Çingiz xan və digərləri İranı məhv edə bilməyib, Tramp da bunu bacarmayacaq” deməsi tarixi hadisələri yenidən gündəmə gətirib. Zərifin bütün dövrlərin ən qüdrətli hökmdarı Çingiz xan haqqında dediyi bu söz tarixə yenidən işıq tutmağa zəmin yaradıb.
Kult.az xatırladır ki, bəşər tarixinin ən böyük ikinci imperiyası olan Monqol dövlətinin tərkibinə indi İran adlanan tarixi Azərbaycan torpaqları da daxil idi.
Məhz Çingiz xanın hakimiyyəti illərində indi İran adlanan ərazidə türk dövləti Xarəzmşahlar İmperiyası mövcud idi. Həmin dönəm Çini özünə tabe edən Çingiz xan yeni əraziləri işğal etməyə hazırlaşırdı. Bundan qorxuya düşən Xarəzmşahlar Çingiz xanla dostluq əlaqələri qurmağa çalışdılar və buna nail oldular. Lakin 1218-ci ildə 450 nəfərlik monqol ticarət karvanı o dövrün ən bahalı mallarını islam ölkələrinə aparmaq üçün yola düşərkən Otrar şəhərində hücuma məruz qaldı. Şəhər valisi Qayır xan tacirlərin hamısını öldürtdü. Çingiz xan Xarəzmlərə elçi göndərərək, Otrar valisi Qayır xanın təslim edilməsini istədi. Lakin elçilər də qətlə yetirildi. Tarixə “Otrar fəlakəti” kim düşən bu olay monqolların islam ölkələrinə hücumlarının başlamasına səbəb oldu.
Bu olaydan hiddətlənən Çingiz xan 1220-ci ildə Xarəzmşahlara qarşı dağıdıcı bir yürüş başlatdı. Önünə çıxan hərbi birlikləri bir-bir məhv edən monqol ordusu Otrarı, Səmərqəndi, Buxaranı qısa müddətdə tutdu və minlərlə Xarəzm döyüşçüsünü qılıncdan keçirdi.
1220-ci ilin avqustunda Rey və Tehranı, sentyabrda Həmədanı, oktyabrda Ərdəbili, Zəncanı, Sərabı ələ keçirərək alt-üst etdi.
Burda önəmli bir nüansa diqqət çəkmək lazımdır. Monqol ordusu İranın hazırkı paytaxtı Tehranı çox qısa bir müddətdə işğal etsə də, Azərbaycan türklərinin şəhəri Təbrizdə ciddi müqavimətlə üzləşdi. Həmin vaxt Təbriz Azərbaycan Eldənizlər dövlətinin paytaxtı idi. Şəhərin möhkəm qala divarlarını və güclü döyüşçülərlə müdafiə olunduğunu görən monqol ordusu geri çəkildi. Müxtəlif vaxtlarda bir neçə dəfə şəhəri işğal etməyə gələn monqollar ciddi müqavimətlə üzləşdi və yalnız xərac alaraq geri qayıtdı.
Lakin növbəti illərdə nəinki indiki İranı, hətta Güney və Quzey Azərbaycan torpaqlarını da işğal etdilər və şimala doğru hərəkət edərək, özlərindən 3 dəfə çox olan rus qoşunlarını ağır məğlubiyyətə uğratdılar.
Monqolların indiki İran ərazisinə ən amansız hücumu 1221-ci ildə həyata keçirilib. Həmin ildə monqol ordusunun Nişapurda 1,7 milyon insanı qətlə yetirdiyi bildirilir. Məlumata görə, bu hücum zamanı Nişapurdakı heyvanlar da daxil olmaqla, bütün canlılar öldürülüb, şəhərdə daş-daş üstündə qalmayıb.
Ən önəmli məqam da budur ki, Çingiz xan İran da daxil olmaqla, Qərbə doğru yürüşlərin bir çoxunda şəxsən iştirak etməyib. Çünki bu döyüşləri onun ordusunun ön dəstələri (Kəşfiyyat qrupu) aparıb. Yəni İranı ilk dəfə darmadağın edən (bir daha xatırladaq ki, həmin vaxt İranda türk dövlətləri hakim idi) Çingiz xan ordusunun ön dəstələri idi, böyük ordu isə Batu xanla gələcəkdi.
Bu baxımdan Çingiz xanı dünyada yalnız Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. O İsgəndər ki, cəmi 47 minlik heyətlə İranın “sələf” adlandırdığı Əhəməni dövlətinin 200 minlik ordusunu darmadağın etmiş və bu dövləti süquta uğratmışdı.