Zərdab rayonunun Böyük Dəkkə kənd sakini Abdullayev Rasim Tapdıq oğlunun sosial şəbəkələrdə yayılmış müraciətinə cavab
Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, şəhid atası Rasim Abdullayev vaxtaşırı olaraq müxtəlif sosial şəbəkələrdə yazılar dərc etdirir.
Qanunla.Az Zərdab Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini təqdim edir:
Dəfələrlə rayon icra hakimiyyətində qəbul edilməsinə, müxtəlif yardımlar olunmasına baxmayaraq Rasim Abdullayev hələ də eyni məzmunlu çıxışlar edir. Təkcə 2022-ci il ərzində onun həyat yoldaşı üçün 100 manat dəyərində dərman vasitələri, şəhid oğlunun doğum və anım günündə 260 manatlıq ərzaq məhsulları alınıb verilmiş, ayrı-ayrı vaxtlarda 600, 500, 100 manat məbləğində maddi yardımlar edilmiş, Anım günü ilə bağlı Bakı şəhərində keçirilən tədbirə getmək üçün 120 manat nəqliyyat xərci ödənilmişdir. Hazırda yaşadıqları ərazidə 1360 manat dəyərində xatirə bulağının tikintisi tamamlanmaq üzrədir (foto əlavə olunur). Rasim Abdullayev onlara edilən maddi yardıma görə 15.02.2022-ci il tarixdə rayon icra hakimiyyətinə minnətdarlıq da ünvanlamışdır (əlavə olunur). 2019-cu ildə ailəyə Heydər Əliyev Fondu tərəfindən fərdi yaşayış evi tikilmişdir.
Hazırda müraciəti əvvəllər əlilliyə görə təyin edilmiş pensiyası dayandırıldığı üçün işlə təmin olunması ilə bağlıdır. RİH tərəfindən ona Kommunal Müəssisələri Kombinatında bir neçə vakant iş yeri təklif olunmuş, lakin o, ailə vəziyyətini və səhhətini əsas gətirərək bu işlərdən imtina etmişdir. İşdən imtina etməsi ilə bağlı 28.09.2022-ci il tarixdə müvafiq akt tərtib olunmuşdur (akt əlavə olunur). R.Abdullayev 30.09.2022-ci il tarixdə rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramova zəng edərək işlə razılaşdığını, lakin əmək haqqı kartını özündə saxlamaqla işə çıxmayacağını bildirmişdir. Onun bu istəyinin mümkün olmadığı diqqətinə çatdırılmışdır. 11.10.2022-ci il tarixdə saat 09:00-da yenidən 25 il orduda xidmət etmiş, Azərbaycan Respublikasının Prezidenti, Baş nazir və Müdafiə naziri tərəfindən 15-ə yaxın müxtəlif medallarla təltif edilmiş şöbə müdiri Zinhar Bayramova zəng edərək onu və digər aparat işçilərini şəhid atasına yaraşmayan küçə söyüşləri ilə təhqir etmişdir (həmin telefon danışığının səs yazısı mövcuddur, lakin etika xətrinə paylaşmırıq).
Pensiyasının kəsilməsi ilə bağlı müraciəti ilə əlaqədar Rasim Abdullayev RİH-də ayrılmış xüsusi otaqda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri cənab Natiq Əmirov tərəfindən də videoformatda qəbul edilmiş, müraciəti ilə əlaqədar onunla əlaqə saxlanılacağı diqqətinə çatdırılmışdır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov iyunun 23-də Zərdab rayonunda vətəndaş qəbulu keçirərkən Rasim Abdullayev də qəbul edilmişdir. Əlilliklə bağlı pensiyanın təyin edilməsi məsələsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir.
Rasim Abdullayevin müraciətində adı çəkilən Qaroğlan Mustafayev RİH-ə etdiyi bütün müraciətlərə çox diqqətlə yanaşılmasına baxmayaraq (RİH tərəfindən 780 manatlıq tikinti materialları alınmış, 1200 manat maddi yardım edilmiş, həyətyanı sahəsinin suvarılması ilə bağlı 500 manat dəyərində su nasosu alınıb verilmişdir. 2022-ci ilin mart ayında ona bank vasitəsilə göndərilən 250 manat vəsaiti az hesab edərək qəbul etməkdən imtina etmişdir. Hər ay 400 manat Prezident təqaüdü, 286 manat əlilliyə görə əmək pensiyası ilə təmin edilir. 1 yanvar 2022-ci il tarixdən cənab Prezidentin Sərəncamına əsasən rübdə bir dəfə 50 manat maddi yardım alır. 2022-ci ilin avqust ayında birinci dərəcə əlilliyə görə 8800 manat birdəfəlik ödəmə almışdır. RİH-in köməkliyi ilə həyat yoldaşı Alıcanlı kənd körpələr evi-uşaq bağçasında 0,25 ştat vahidi, Uşaq Gənclər İnkişaf Mərkəzində 0,5 ştat vahidi işlə təmin olunmuşdur. 1-ci qrup əlilə qulluğa görə müavinət alır və 2 azyaşlı övladı müharibə əlillərinin uşaqları üçün təyin edilmiş müavinət ilə təmin edilir. 4 ha pay, 1 ha bələdiyyə torpağı vardır. Əlavə 1 ha torpaq sahəsini zəbt etməklə cəmi 6 ha torpaq sahəsindən istifadə edir. ƏƏSMN tərəfindən Alıcanlı kəndində və şəhərin “32 hektar” adlanan ərazisində olmaqla 2 fərdi yaşayış evi tikilərək təhvil verilmişdir.) statusundan sui-istifadə edərək RİH-dən etdiyi tələblərinin sayı günü-gündən artır, vaxtaşırı olaraq icra aparatına gələrək səs-küy salır, aparat işçilərini təhqir edir, dövlət qurumunun normal işləməsinə ciddi maneçiliklər yaradır. Qaroğlan Mustafayev 19.09.2022-ci il tarixdə Aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramovu müxtəlif ifadələrlə təhqir etmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ona verilmiş medalların saxta olduğunu və onların həqiqiliyini yoxlatdıracağını bildirmiş, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmova zəng edərək onun şərəf və ləyaqətini təhqir edən fikirlər söyləmişdir. Bu hərəkətlərinə görə onun barəsində akt tərtib olunmuş və müvafiq tədbir görülməsi üçün Zərdab RİH tərəfindən rayon polis şöbəsinə 01/832 nömrəli, 21.09.2022-ci il tarixli məktub göndərilmişdir.
Həmçinin o, qonşusu – şəhid bacısını təhqir etdiyi üçün 02.04.2021-ci il tarixdə Zərdab Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat miqdarında cərimə cəzasına da məhkum edilmişdir.