Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir

0
1718

Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur. 1993-cü il oktyabrın 29-da Zəngilan Rusiyanın köməyilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib. Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Ötən ilin aprelində işğaldan azad edilmiş Zəngilan rayonunda Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin iştirakı ilə ilk “ağıllı kənd” layihəsinin təməli qoyuldu. Ağalı kəndində icra olunan layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər.

Erməni qəsbkarları Qarabağda, o cümlədən, Zəngilanda illər ərzində yeraltı və yerüstü sərvətlərimizi talan etməklə, təbiətin “ağciyəri” hesab edilən meşələrimizi, təbii abidələri məhv etməklə, su ehtiyatlarını çirkləndirməklə, flora və faunaya zərər yetirməklə ekosistemin mühüm halqalarını, qida zəncirini dağıtmaq­la tapdaq altında olan ərazilərimizi bərbad günə qoymuşdular. Zəngilan ərazisində yerləşən daxili suların mik­roflora və mikrofaunasını tamamilə məhv edib, suları ağır metallarla çirkləndirib, istifadəyə yararsız hala salıb. Bir sözlə, Zəngilanın təbiəti viran qoyulub.

Dövlətimizin başçısı cənab İlham Əliyev ilk gündən azad olunmuş ərazilərin bərpası ilə bağlı qarşıya qoyduğu vəzifələri açıqladı. Bəyan edildi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. 2021-ci il aprelin 26-da bu istiqamətdə ilk addım atıldı. Müzəffər Ali Baş Komandan bu mühüm hadisəni Böyük Qayıdışın başlandığı günü kimi dəyərləndirdi.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi- İlahə Mustafayeva.