Zəngəzurun Azərbaycana qaytarılması Ermənistanı Rusiyanın nəzarətindən çıxmağa imkan verməyəcək

0
502

“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın MDB və təhlükəsizlik məsələləri üzrə müvafiq strukturlarının təmsilçilərindən ibarət böyük bir nümayəndə heyəti ilə Ermənistanda oldu. Gecikmiş səfər idi. Paşinyan Ermənistanı qonşularına qarşı istənilən sifarişi qəbul etməyə, reallaşdırmağa hazırdır. Rusiya istiqamətində isə yalnız antiRusiya mahiyyətli sifariş qəbul edir. Ermənistanda anti-Rusiyaçılığın formalaşmış ənənələri və metodikası mövcuddur. Səfər əvvəlcədən iki günlük elan olunsa da sonradan səfər təxminən 4 gün davam etdi. N.Patruşevin yalnız Ermənistanın Baş naziri N.Paşinyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryanla görüşü barədə məlumat yayıldı. Ermənistanda təhlükəsizlik məsələsində əsas fiqur Ermənistan Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyandır. N.Patruşev Yerevana gəlməzdən qabaq  Vanetsyanın məzuniyyətə çıxması ilə bağlı məlumat yayıldı. Bu  Vanetsyanın Patruşevlə görüşmək niyyətində olmadığını və yaxud N.Patruşevin onunla görüşmək istəmədiyinin əlaməti kimi qəbul edilə bilər”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, N.Patruşevin Ermənistana səfəri 4-cü gün axşam “Qələbə” parkını ziyarətlə başa çatdı: “Buna da müəyyən bir simvolik yanaşmaq olar. N.Patruşev Ermənistanla əlaqəli məsələlərdə qələbə çaldığının siqnalını verdi. Səfər düşünmək üçün kifayət qədər əsaslar verir. Bu səfərlə bağlı geniş məlumat verilmədi. Ermənistan tərəfdən yayılan məlumatlarla Rusiya Təhlükəsizik Şurasının yaydığı məlumatlar arasında fərqlər var. Hər iki tərəfin yaydığı məlumatda müəyyən prioritetləri var. Ermənistan tərəfinin yaydığı məlumatda əsas prioritet Rusiyanın 3-cü dövlətə silah satması müzakirə mövzusu olmasıdır. Belə alınır ki, Ermənistanın Rusiyadan narazılığının kökündə Rusiyanın Azərbaycana silah satması məsələsi dayanır. Amma fakt budur ki, Rusiya Azərbaycana silah satmazdan əvvəl də Ermənistanla Rusiyanın münasibətlərində gərginlik başlamışdı. Rusiyanın Azərbaycana silah satmasına Kremlin ermənilərdən narazılığının üzə çıxması kimi yanaşmaq daha düzgündür. SSRİ-nin dağılmasında ermənilərin Amerika xüsusi xidmət orqanlarının əlində alət olması bu hamıya bəlli məsələdir və ermənilərin rus xalqına qarşı ən böyük xəyanətlərindən biridir. Sovet dönəmində Moskva metrosunda olan partlayışlar, saxta sovet pulunun kəsilməsi, eləcə də Qriboyedovun ölümü-ermənilərin rus xalqına qarşı xəyanətinin bir tərkib hissəsidir. Bu zaman RF Azərbaycana silah satmırdı”.

Plotoloq əlavə edib ki, Rusiya Təhlükəsizlik Şurasının yaydığı məlumatlarda isə informasiya təhlükəsizliyi məsələləri prioritetdir: “N.Patruşev Ermənistanda daha çox beynəlxalq informasiya təhlükəsizliyini həm ikitərəfli, həm də qlobal miqyasda müzakirə edib. Təbii ki,  N.Patruşevin yaydığı məlumat daha doğrudur. Bəzi ekspertlər, bəzi ermənipərəst siyasilər N.Patruşevin səfərini Rusiyanın Azərbaycana yaxınlaşması kimi təqdim etsələr də qeyri-ciddi söhbətlərdir. Rusiya ilə Azərbaycanın münasibətləri normal hərəkətdədir, enişi-yoxuşu olsa da  irəliyə doğru gedir. Məncə həmişə də irəliyə doğru gedəcəkdir və artıq Ermənistan Rusiya-Azərbaycan münasibətlərinə müdaxilə edə bilmir. N.Paşinyanın dövründə Ermənistanda anti-Rusiyaçılıq yeni mərhələyə qalxıb. Gümrü hərbi bazasına qarşı artıq sanksiya, vergi cərimələri tətbiq olunur. “Cənubi Qafqaz Dəmir Yolları”nı Kremlin daimi təzyiqləri Ermənistanın hüquq-mühafizə orqanlarının əlindən qurtardı. “Qazprom”a (RF) qarşı Ermənistan hökumətinin təzyiqləri indinin özündə də davam edir. N.Paşinyan hakimiyyətə gələn kimi Rusiyaya məxsus olan bir sıra iri şirkətləri, onların sahiblərini Ermənistandan uzaqlaşdırdı. Ermənistanın Çinlə o cümlədən hərbi əlaqələri RF üçün böyük təhlükədir. Ermənistan Çin üçün anti-Türkiyə platformaya çevrilib. Uyğur məsələsində Çinlə Türkiyə arasında çox ciddi narazılıq var və Türkiyə Çinin daxilində uyğurları müdafiə edə bilmir. Amma özünə qonşu ərazilərində Çinə çox güclü zərbə endirə bilər. Hətta Türkiyə Ermənistanın ərazisində hərbi əməliyyatlar apara bilər. Bu isə artıq Türkiyə-Rusiya qarşıdurması yarada bilər. Türkiyə-Rusiya qarşıdurması indiki Rusiya üçün çox böyük təhlükədir və ona görə bu da nəzərə alınmalıdır”.

M. Əhmədoğlu vurğulayıb ki, ona görə N.Patruşev gəldi, Ermənistan-Rusiya münasibətlərinin indiki halını sistemləşdirdi və ona da uyğun qərarlar qəbul etdi: “Paşinyanın 3 köməkçisini azad etməsi prosesin başlanğıcıdır. N.Patruşevin gəldiyi əsas nəticə ondan ibarətdir ki, Ermənistan müstəqil siyasət aparmaq istəmir, bəlkə də bilmir. N.Patruşev artıq Ermənistanı buxovlamaq üzrə nəzarət mexanizmlərinin işlənib hazırlanması üzərində iş aparır. Ermənistanı buxovlamaq cəhdləri hələ onun reallaşması anlamında deyil. Nikol Paşinyan hakimiyyətə başlayanda Rusiyanın imicinə ziddi zərbə vurdu. Rusiyanın təkidi ilə həmin zərbə vuranları vəzifədən uzaqlaşdırdı, amma yenə anti-Rusiyaçılıq davam etdi. Ona görə əsas məsələ buxovlamaq mexanizminin reallaşmasının təminatıdır. N.Patruşevin gətirdiyi mütəxəssislərdən bir qrupu Moskva və Sankt-Peterburq arxivlərində Cənubi Qafqazda Rusiyanın apardığı müharibələrin tarixini öyrənsələr görəcəklər ki, bu regionda Ermənistan adlı dövlət olmayıb. Bu Rusiyanın yaratdığı dövlətdir. Ermənistanın özünü belə cəsarətli aparmasının səbəbi tarixi Azərbaycan torpaqlarının Ermənistana verilməsidir. Məhz bu istiqamətdə əks-proseslər başlanmalıdır.  Azərbaycanın torpaqları özünə qaytarılmalıdır və bu sahədə də ən vacib addım Zəngəzurun Azərbaycana qaytarılması olar. Zəngəzurun Azərbaycana qaytarılması Ermənistanı Rusiyanın nəzarətindən çıxmağa imkan verməyəcək, Azərbaycanı isə Rusiyaya daha da yaxınlaşdıracaq. Azərbaycanın təhlükəsizliyi daha da artacaq. Nə qədər ki, bu olmayıb, ermənilər Rusiya üçün böyük təhlükə mənbəyi olacaq. Qərb həmişə erməni faktoruna söykənərək özünü Rusiya üzərində güclü hesab edəcək və tez-tez anti-Rusiya layihələr reallaşdıracaqlar.Ona görə N.Patruşevin Yerevana səfərinin daha ciddi nəticələrini biz bir müddət sonra hiss edəcəyik”.