Zəngəzur dəhlizi

0
1755

Zəngəzur dəhlizi

44 günlük Vətən müharibəsi yalnız 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə bitmədi, həm də qalib tərəf olaraq Azərbaycana böyük imkanlar yaratdı. Bunlardan biri də  Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaqdır.  Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcəkdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu dəhlizin açılmasıyla ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin əsas məqsədlərindən biri türk dünyasında quru sərhədinin ləğv edilməsi olub. Həmin qüvvələr buna qismən nail də olmuşdular. Azərbaycandan Naxçıvana getmək üçün insanlar İran ərazisindən keçirdilər. Bəzi yükdaşımalar zamanı istər-istəməz müəyyən problemlər yaranırdı. Bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaqdır.

Zəngəzur dəhlizinin Azərbaycan Respublikası ərazisində olan hissəsində “İnşaat Norma və Qaydaları”nın tələbləri çərçivəsində həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri