Zəngəzur dəhlizi

0
1752

Zəngəzur dəhlizi

Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlarımız həmişəlik azad edilməklə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. İndi isə qarşıda dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bölgədəki nəqliyyat əlaqələrinin də bərpasıdır.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinin Zəngəzura qayıdış üçün zəmin yaradır. Eyni zamanda, cari ilin yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas verir. Zəngəzur dəhlizi tarixi torpağımız olmaqla yanaşı, ölkəmizi qardaş Türkiyə vasitəsilə bütöv bir dünyaya bağlayan strateji yol olacaq. Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi, eyni zamanda, türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpüdür. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq. Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək. Ulu öndər Heydər Əliyevin reallaşdırmaq istədiyi və inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun tikintisi layihəsi o zamankı Ermənistan rəhbərliyinin etirazlarından sonra dayandırılmışdı. Bu gün isə dövlətimizin başçısı cənab İlham Əliyev bu ideyanı da həyata keçirərək Ulu Öndərin uzun illər əvvəl hazırlamış olduğu strategiyanı çox böyük uğurla davam etdirir. Artıq Ermənistan tərəfi Zəngəzur dəhlizinin icrasına heç bir ciddi maneə yarada bilməz, belə ki, tarixi həqiqət bizim yanımızda olmaqla yanaşı, hüquqi sənədlər də dəhlizin reallaşdırılmasına şərait yaradır. Hazırda dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti və avtomobil yolu üzrə işlərin xeyli hissəsi icra olunub. Yeni yaranacaq nəqliyyat dəhlizi üzrə işlərin 2024-cü ildə tamamlanacağı nəzərdə tutulmuşdur.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Qarşılıqlı dəstək

Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halı gündən-günə daha da yüksəlir. Eləcə də Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı cənab İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.
Beləliklə, müstəqil Azərbaycan dövləti bu gün dünyanın bütün ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr yaradıb və münasibətlərin yüksələn xətlə inkişafına xüsusi önəm verir. Qarşılıqlı maraqlar çərçivəsində tənzimlənən əməkdaşlıq həm də ölkəmizin dünyaya inteqrasiya prosesini sürətləndirir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Beləliklə, Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Etibarlı əməkdaşlığın obyektiv əsasları

Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlər ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Cənab Prezident İlham Əliyevin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz bir sıra sahələrdə bir-birlərinə qarşılıqlı dəstək verir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar buna ən yaxşı sübutdur. Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur.

Son zamanların geosiyasi hadisələri Azərbaycanı önəmli tranzit ölkəsinə çevirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi

Xalqımız Vətən müharibəsində apardığı haqq işi uğrunda mübarizə nəticəsində tarixi bir qələbəyə imza atdı. Mənfur qonşularımz tərəfindən 30 ilə yaxın işğal altında qalan dədə-baba torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi və Silahlı Qüvvələrimizin Şanlı qələbəsi ilə düşmən tapdağından azad olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı. İllərdir ki, münaqişənin dinc yolla həllinə çalışan Azərbaycan istənilən halda torpaqlarımızın düşmən tapdağından azad olunacağını daim bəyan edirdi. 27 illik nəticəsiz qalan danışıqlar prosesinin sonunda mütəmadi xarakter daşıyan erməni hərbi təxribatlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan 44 gün ərzində bu müddət ərzində yığılıb qalan bütün sualların cavabını verdi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində Azərbaycan Ordusu tərəfindən 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə və çoxsaylı strateji yüksəkliklər azad olundu. Məğlubiyyətini etiraf edən Ermənistan imzalanmış üçtərəfli bəyanata əsasən digər işğal altında olan torpaqlarımızdan da hərbi qulluqçularını və qanunsuz məskunlaşmış əhalini çıxarmaq məcburiyyətində qaldı. 44 gün davam edən döyüşlər bir çox reallıqların üzə çıxmasına da şərait yaratdı. İlk olaraq Azərbaycan ordusu ermənilərin uzun illər ərzində özləri haqqında uydurduqları “məğlubedilməzlik” barədə mifi darmadağın etdi. Bununla yanaşı əks-hücum əməliyyatlarının ilk günlərindən etibarən Azərbaycanda xalq bir daha öz liderinə və əsgərinə inamını nümayiş etdirdi. 44 günlük müharibə zamanı xalqımız bir millət kimi tarix boyu ən yüksək həmrəylik nümayiş etdirdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

Etibarlı əməkdaşlığın obyektiv əsasları

Bu gün Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləristrateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Hazırda ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaqdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Son zamanların geosiyasi hadisələri Azərbaycanı önəmli tranzit ölkəsinə çevirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edir.

Prezident cənab İlham  Əliyevin  rəhbərliyi  ilə  dahada  güclənən  Azərbaycan    dünya  ölkələri  arasında  yeni  müstəvidə  qəbul  edilməyə  başlanılmışdır.  Uğurlu   iqtisadi  islahatlar,  etibalı   tərəfdaşlıq,  mültikultural  dəyərlər,  texnoloji  innovasiyalar,  sosial  sabitlik  və  daha  nələr  Azərbaycan  hökümətinin   ən  əsas  silahına  çevrildi.

Bütün bunlar Azərbaycanın beynəlxalq yükdaşıma və logistika sahəsində regionda aparıcı dövlət olmasını bir daha sübut edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır

Uzun müddət Türkmənistanla Azərbaycan arasında müəyyən soyuqluq özünü göstərib. Bu bir tərəfdən Türkmənistandakı hakimiyyətin özünəməxsus səciyyəsi ilə bağlıydısa, başqa bir tərəfdən də Xəzər dənizinin bölünməsi, Xəzərdəki neft yataqlarının işlənməsi ilə bağlı anlaşılmazlıq idi. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün Türk dünyası ilə əlaqələrdə olduğu kimi , eləcə də Türkmənistanla aradakı soyuqluğun aradan qaldırılması ilə bağlı çox fəal siyasət aparır. Buna görə də təsadüfi deyil ki, bu gün cənab Prezident cənab İlham Əliyev Türk dünyasının liderlərindən biridir. Onun yüksək intellekti Türk dünyasının inteqrasiyasında xüsusi bir rol oynayır.

Türkmənistan bir türk, oğuz yurdudur və Azərbaycan da oğuz xalqlarından biridir. Vaxtilə də bu iki ölkə arasında çox sıx əlaqələr olub. Hətta Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində biz türkmən mənbələrinə çox müraciət edirik.

Ümumilikdə baş tutan görüşlər Azərbaycan və Türkmənistan arasında geniş məzmun daşıyan münasibətlərin təmin olunması baxımından olduqca vacibdir.

Türkiyə ilə Müttəfiqlik haqqında¸Türkmənistan ilə isə Strateji Tərəfdaşlığa dair Bəyannamələr imzalanmışdır. Bu gün Türkmənistanda Zirvə Görüşü çərçivəsində imzalanmış, ticari-iqtisadi, gömrük və energetika sahəsində əməkdaşlığına dair memorandumlar, həm də “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı” ölkələrimiz arası münasibətləri yeni müstəviyə çıxaracaq.

Ümumilikdə qeyd edə bilərik ki, Türk Dövlətləri Birliyi yeni dünya nizamında güclü siyasi – iqtisadi mərkəz kimi meydana gəlir və güclənir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr

Prezident cənab İlham Əliyevin Türkmənistana səfəri, Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi bütövlükdə Türk Dünyası üçün çox ciddi hadisədir.

Qütblərarası  ziddiyyətin dərinləşdiyi, qüvvələr balansının tez-tez dəyişdiyi bir çağda Türk Dünyasının bir mərkəz kimi çıxış etməsi, mövcud geosiyasi böhranın təsirlərini fürsətə çevirməsi artıq Böyük Türk Dönəminin başlamasından xəbər verir.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Türk Dünyası tarixində yeni bir səhifə açıb. Türkiyə və Orta Asiya arasında artıq qalib, qüdrətli Azərbaycanın, Azərbaycan rəhbərliyində isə cənab İlham Əliyev kimi praqmatik və nüfuzlu liderin olması əsrlərdir sadəcə arzu olaraq qalan Türk Birliyi üçün yeni və real şansa çevrilib. Əlbəttə, qardaş Türkiyənin, habelə Orta Asiyadakı Türk liderlərin bu prosesdə qətiyyətli addımları və ifadə etdikləri mövqe xüsusi vurğulanmalıdır. Etiraf edək ki, prosesdə hərəkətverici sima məhz cənab İlham Əliyevdir. Pandemiya dövründə Türk Dövlətləri Birliyinin səylərinin birləşdirilməsi, Azərbaycanla Türkmənistan arasında Dostluq yatağı üzrə problemin köklü həlli, Türkiyə ilə Şuşa bəyannaməsi başda olmaqla, demək olar ki, bütün Orta Asiya dövlətləri ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi artıq Türk Dünyasını qlobal siyasi-iqtisadi təsirlər qarşısında vahid orqanizmə çevirmiş oldu. Zamanında cənab İlham Əliyevin bütün maneələrə baxmayaraq böyük uzaqgörənliklə reallaşdırdığı transmilli layihələrin də əsl əhəmiyyəti məhz bu çətin məqamlarda bir daha üzə çıxdı.

Azərbaycan artıq Orta Asiya üçün öz enerji potensialının Türkiyə və Qərbə realizəsi üçün mühüm tərəfdaş kimi çıxış etməyə başlamaqla, həm də qardaş dövlətlərimizin siyasi və iqtisadi müstəqiliyi üçün de-fakto qarantor kimi çıxış etməyə başlayıb. Azərbaycan-Türkiyə-Türkmənistan arasında Birinci Zirvə Görüşünün Birgə Bəyanatının qəbul edilməsi, çoxşaxəli əməkdaşlıq spektorunu əhatələyən sənədlərin imzalanması bizim bu məsələdə nə qədər qətiyyətli olduğumuzu, prosesin isə artıq geriyə dönüşünün mümkün olmadığını nümayiş etdirdi.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 Zəngəzur  dəhlizi

Ölkəmizin şanlı qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni  imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir. Xüsusilə, Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də, Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır.  Zəngəzur dəhlizinin bir parçası olacaq həm dəmir yolunun həm də avtomobil yolunun inşasına dair işlər sürətlə reallaşdırılmaqdadır.  Zəngəzur dəhlizi ilə bağlı digər bir qeyd olunması vacib olan məqamlardan biri də Aşqabat müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaratmasıdır. Aşqabat müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Qarabağ regionunun iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər. Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, Türk dünyası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

Bakı-Tbilisi-Qars dəmir yolu

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə 30 oktyabr 2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur .Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq.

Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

Zəngəzur dəhlizi

İllərdir, Ermənistanın yürütdüyü siyasət məlumdur. Məqsəd təkcə Azərbaycan üçün deyil, bu dövlət bütün türk dünyası üçün təhlükədir. İllər öncə Zəngəzuru alaraq türk dünyasını parçalayan Ermənistan istədiklərinə nail ola bilmədi. Bu dəhlizin açılması milli hədəf, bu layihə tarixi layihədir. Layihə nəticəsində Azərbaycanın Naxçıvanla və Naxçıvan üzərindən Türkiyə ilə birləşəcək. Bu isə türk dünyasını birləşdirən ən vacib addım olacaqdır. Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri də stimullaşdıracaqdır. Bununla da, regionda yaranan yeni reallıqlar Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycan regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək

Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan bir keçid koridoru rolunu oynayacaq. Yəni Türkiyədən Orta Asiyaya, Orta Asiyadan Türkiyəyə, ordan da Avropaya qədər həm Azərbaycanı, həm də Naxçıvan Muxtar Respublikasını yeni keçid mərkəzlərindən birinə çevirəcək. Təbii ki, bunun da kifayət qədər iqtisadi və geosiyasi əhəmiyyəti olacaq.

Artıq Cənab Prezidentimizin tapşırığı ilə bu layihə icra olunur və hətta Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi

27 illik danışıqlar prosesində ermənilər mütəmadi olaraq hərbi təxribatlarla danışıqlar prosesini pozurdular. Ən acınaqlısı isə odur ki, onların törətdikləri əməllərə havadarları göz yumurdular. Bu isə erməniləri daha da azğınlaşdırırdı. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu.

2020-ci ilin sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının  yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Beləliklə, Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. 44 gün davam edən, qələbə ilə başa çatan döyüşlərin nəticəsi onu göstərir ki, Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi.

Qələbə Azərbaycan əsgərinin gücü və xalqın öz Ali Baş Komandanına inamı, onun ətrafında sıx  birləşməsi sayəsində baş tutdu. Lakin qardaş Türkiyənin mənəvi və diplomatik dəstəyi də bu qələbədə xüsusi rol oynamışdır.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Zərdab Rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova