Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir.
Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm faktorlardan birinə çevirib. Son dövrlərdə Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı bir vaxtda Azərbaycanın dünya üçün əhəmiyyəti daha da artmaqdadır. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır. Azərbaycan təbii qazının Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək.
Son dövrlərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Prezidentimiz cənab İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bunu bir daha sübut edir. Qarşılıqlı etimad və hörmət üzərində qurulmuş Azərbaycan – Bolqarıstan əlaqələri ötən müddət ərzində siyası, iqtisadi, enerji və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.
Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.
Ötən il ərzində Bolqarıstan Azərbaycanın 40-cı xarici ticarət tərəfdaşı olub. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 73 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarət əlaqəsi 35 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçib. Enerji sahəsi də iqtisadi əlaqələrimizin əsas istiqamətlərindəndir. 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən, Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adriatik Boru Kəməri(TAP) və Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vastəsilə Bolqarıstana çatdırılacaq. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.
Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya