Yüksək səslə Putinə dedi: “Yox, sən atəş açmağı dayandır!”

0
775

“Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) ölkələrinin prezidentlərinin ötən həftə Berlində keçirilən danışıqlarının sensasion detalları yayılıb.

, Ukraynanın “Liqa” saytı bu ölkənin danışıqlarda iştirak etmiş nümayəndə heyətindəki mənbəyə istinadən prezident Pyotr Poroşenkonun rusiyalı həmkarı Vladimir Putinlə sərt polemika apardığını bildirir.

Xatırladaq ki, “Normand dördlüyü” ölkələri Donbassda hərbi əməliyyatların dayandırılmasına dair Minskdə razılaşma əldə ediblər. Lakin bu razılaşma yerinə yetirilmir. Elə Berlin görüşü də bu məsələ ilə bağlı təşkil edilmişdi.

Məlumata görə danışıqların mətbuata qapalı keçən hissəsində Ukrayna nümayəndə heyəti Minsk razılaşmasının yerinə yetirilməsinin mümkün olmadığını, bunun səbəblərinin Donbass separatçıları tərəfindən atəşkəsin tez-tez pozulması və Rusiyanın bölgəyə silah göndərməyi dayandırmaması olduğunu bildirib. Ukrayna tərəfi deyib ki, hərbi eskalasiya davam etdikdə Kiyev Donbassın statusu haqda qanun qəbul edib birtərəfli güzəştə gedə bilməz.

Putin isə özünü elə göstərib ki, nə baş verdiyini başa düşmür və əsas diqqəti seçkilərə, Donbassın statusuna, qoşunların geri çəkilməsinə yönəldib. Danışıqlar dalana dirənib və Almaniya kansleri Putini konstruktiv məcraya qaytarmağa çalışıb. Angela Merkel deyib: “Gəlin razılaşaq ki, atəşi dayandırmaq lazımdır”. Putin isə “Bu, Ukrayna tərəfinin ideyasıdır” deyib və dolayısı ilə ifadə edib ki, Moskva atəşin dayandırılmasına dair qarantiya verə bilməz.

Diskussiyalar davam edib, kansler Merkel deyib ki, liderlər bir-birləri ilə açıq danışmaq istəmir və bu halda onların Berlinə toplaşmasının səbəbini anlamır. Hansısa məqamda prezident Poroşenko söz alıb və birbaşa Putinə üz tutaraq deyib: “Bilirsiniz, heç kim üçün sirr deyil ki, Donbassın işğal olunmuş ərazilərində sizin nə qədər silahınız və qoşunlarınız var. Biz nə üçün buradayıq? Onun üçün ki, siz atəş açmağı dayandırasınız…”

Bu məqamda Putin Poroşenkonun sözünü kəsib və Minsk razılaşmasının siyasi hissəsinin yerinə yetirilməli olduğuna dair atmaca atıb. Poroşenko isə səsini qaldırıb, barmağını Putinə tuşlayaraq əsəbi halda deyib: “Yox, sən sadəcə olaraq atəş açmağı dayandır!”

Danışıqların rəsmi hissəsi başa çatandan sonra kansler Merkel prezidentləri söhbəti şam yeməyi ətrafında davam etdirməyə çağırıb. Lakin Putin azı üç dəfə danışıqların dayandırılmasını istəyib. “Bütün bunları dayandırmaq lazımdır. Biz Minskdəki kimi səhərə qədər burada oturmalı deyilik”-Putin əsəbi halda bildirib.

Merkel isə Putinə xatırladıb ki, danışıqlar onun ənənəvi olaraq gecikməsi ucbatından uzanıb. “Biz adəti üzrə burada da vaxtında başlamadıq”-kansler replika atıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Berlin danışıqlarının asan keçmədiyini təsdiq edib, ancaq Poroşenko ilə Putin arasında əsəbi söhbətin olmadığını deyib.

Virtualaz.org

BIR CAVAB BURAXIN