Ermənistan mediası xəbər verir ki, paytaxt Yerevanın küçələrində yenidən etiraz yürüşü keçirilib.
Martın 16-da keçirilən aksiya xəstəxanada vəfat etmiş 48 yaşlı Artir Sarkisyanın vəfatı ilə bağlı idi.
“Çörəkgətirən” ləqəbli Sarkisyan 2016-cı ilin avqustunda təhlükəsizlik qüvvələrinin zəncirini şəxsi avtomobili ilə yararaq Yerevanın mərkəzindəki polis idarəsində mühasirədə olan antihökumət Sasna Tsrer qiyamçılarına ərzaq çatdırmışdı.
Sasna Tsrer silahlı qruplaşması prezident Serj Sarkisyanın istefası ultimatumunu vermişdi.
Elə həmin vaxt həbs edilən Sarkisyan xəstəliyinə görə polisdən buraxılsa da, fevralın 9-da qeydiyyat barədə qaydanı pozduğuna görə təkrar həbs olunmuşdu.
Bundan sonra həbsxanada aclıq aksiyası keçirən Sarkisyanı Ermənistanın 27 millət vəkilinin xahişi ilə və xəstəliyinin şiddətlənməsi ilə bağlı azadlığa buraxmışdılar.
Ermənistan mediası yazır ki, xəstəliyi ağırlaşan Sarkisyan martın 15-də xəstəxanaya gətirilsə də, təcili əməliyyatdan az sonra keçinib.
Armenian Weekly saytı yazır ki, əslində hökumətə qarşı etiraz aksiyasının Sarkisyanın öz iştirakilə keçirilməsi planlaşdırılmışdı.
Etirazçıların əvvəlcə Yerevanın mərkəzindəki Azadlıq meydanına toplaşdıqları, sonra isə Maştots prospektinə doğru yürüdükləri xəbər verilib.
Etiraz aksiyasını Sarkisyanın dostu və siyasi fəal Şahen Arutyunyan tərəfindən təşkil edildiyi bildirilir.
Bəzi başqa xəbərlərə görə etirazçılar əvvəlcə yolu kəsərək nəqliyyatın hərəkətini dayandırmış, sonra isə Ədliyyə Nazirliyinin binasına doğru getmişdilər.
Panorama.am saytı isə yazır ki, etirazçılar yürüş boyunca “Artur – çörəkgətirən” şüarını səsləndirirdilər.
Etirazçıların Ədliyyə Nazirliyindən sonra Respublika Prokurorluğuna doğru hərəkət etdikləri xəbər verilib.
Hökumət təşvişdə
Bu da qeyd olunur ki, etirazçıların polislə mümkün toqquşmalarının qarşısını almaq üçün onların qarşısında Yerevan polisinin rəis müavini Valeri Osipyan çıxış edib.
Baş prokurorluq Sarkisyanın ölümünün araşdırılması üçün təhqiqata başlandığını bildirib.
Azatutyun yazır ki, etiraz aksiyasının ardınca hakim Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov “çörəkgətirən” ləqəbli Artur Sarksiyanın ölümünü siyasiləşdirməməyə çağırıb.
O deyib ki, parlament seçkisi ərəfəsində bu ölüm faktından fürsətlənmək istəyənlərin hərəkətləri qeyri-məqbuldur.
Sənin fikrin