Yerevanda etirazların təşkilatçısı, millət vəkili Nikol Paşinyan Facebook-da şəhər sakinlərinə müraciət edib. O deyib ki, şəhərdə fəaliyyət “iflic olmalıdır ki, Serj Sarkisyan, idarə edəcəyi ölkə, vətəndaş olmadığını görsün.
BBC Azərbaycancanın Yerevan müxbiri Aleksey Manvelyan xəbər verir ki, səhər tezdən etirazçılar yük maşınları ilə yolları bağlayırlar.
Ölkənin yeni prezidenti Armen Sarkisyan Serj Sarkisyanın baş nazirliyinə etiraz edənləri dialoqa çağırıb.
Nikol Paşinyan dialoq təklifini rədd edib, o deyib ki, hələ Armen Sarkisyan “vəzifəyə gəldiyinin qanuniliyini sübut etsin, sənəd təqdim etsin ki, azı 6 il Britaniya vətəndaşı deyil”, Aleksey Manvelyan bildirir.
O qeyd edir ki, Ermənistan Konstitusiyasına görə, prezidentliyə namizəd son 6 ili ölkədə yaşamış Ermənistan vətəndaşı olmalıdır.
Müxbirimiz Aleksey Manvelyan deyir ki, Nikol Paşinyanın çağırışı ilə bəzi idarə və məktəblərdə Serj Sarkisyanın səkilləri divardan qoparılır: “Dünən tutulub polis idarəsinə aparılan fəallardan biri polis kabinetində tək qalanda divardan Sarkisyanın şəklini qopararaq pəncərədən çölə atıb”.
Polis hər gün tədbirlərin qanun çərçivəsindən çıxdığına dair, artıq konkret təşkilatçılara xəbərdarlıq elan edir. “Bu, o deməkdir ki, hakimiyyət sərt tədbirlərə hazırlaşır, lakin hələ risk etmir. Nüfuzlu beynəlxalq təşkilatlar müxalifəti və hakimiyyət orqanlarını insan haqlarına əməl etməyə çağırır”, Yerevan müxbirimiz xəbər verir.
Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsini imzalamağa hazırlaşır.
BBC Azərbaycancanın müxbiri deyir ki, aksiyalara xaricdəki erməni diasporasından da dəstəklər gəlir.
Artıq 8-ci gündür ki, Ermənistan paytaxtında keçmiş prezident Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz aksiyası keçirilir.
Etiraz aksiyaları “Addım at, yox de Serjə” şüarı altında keçir.
Polisin bəyanatında deyilir ki, Nikol Paşinyanın təşkil etdiyi “aksiyalarının böyük hissəsi Ermənistan Respublikası sərbəst toplaşmaq azadlıqları haqqında qanununa ziddir və cinayət əlamətləri ehtiva edir”.
Yeni, 2015-ci il Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə Milli Məclis təsdiq etməlidir.
Hazırda hakim partiya öz koalisiya müttəfiqi Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyası ilə parlamentdə kifayət qədər səsə malikdir.