Yeni QƏRAR: Xəzər sahilindəki TİKİLİLƏR DƏNİZƏ GÖMÜLÜR

0
750

2016-cı il 1 aprel vəziyyətinə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri” təsdiq edilib.

Bu qərarla “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının qrafik təsvirinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2003-cü il 23 oktyabr tarixli 137 nömrəli qərarı ləğv olunur. Yəni sözügedən qərar bundan sonra Xəzər sahilindəki obyektlərin, evlərin dənizə daha yaxın – 20-50 metr məsafədə tikilməsinə icazə verəcək. Bundan əvvəl isə bu məsafə 80-130 metr idi.

Qeyd edək ki, 2003-cü il yanvarın 13-də ulu öndər Heydər Əliyev Xəzər sahillərində şəxsi evlərin, obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dəniz sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzaladı. O zaman dənizin sahillərində 130 metrlik məsafədə tikilən obyektlərin əksəriyyəti söküldü. Həmin il “Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzaladı. Bununla da Xəzər dəniz sahillərinin 80-130 metrliyinin dövlətə məxsusluğunu və orada hansısa özəl tikintinin aparılması qadağan edildi.

Bu qərar əsas tutularaq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən il ərzində monitorinqlər aparılır. Qanunsuz tikilən obyektlər sökülür. Sonuncu qərar isə o deməkdir ki, Xəzər sahilində tikilən obyektlər dənizə bir az da yaxınlaşır.

İndiki qərarda narahatlıq doğuran iki məqam var. Birincisi, obyektlərin, tikililərin Xəzər sahilinə yaxınlaşması vətəndaşların istirahət hüquqlarını pozur. Digər tərəfdən 20-50 metr elə də böyük məsafə deyil. Həmçinin gələcəkdə Xəzərin suyunun qalxması və daşqın baş verməsi həmin obyektlərin özünü təhlükə qarşısında qoyur.

İkinci məqam son dəyişiklik aprelin 1-dən qüvvəyə minir. Bəs aprelin birindən bu günə qədər hansı qərar əsasında monitorinq aparılıb? Əgər 130 metr nəzərə alınıbsa, o zaman aprelin birindən aparılan monitorinqlərə təkrar baxılıb, 20-50 metr əsasındamı aparılacaq?

Suallarımıza aidiyyəti qurum və ekspertlərlə cavab axtardıq.

Ekoloq Telman Zeynalov Publika.az-a bildirib ki, bu qərar gələcəkdə daha təhlükəli problemlərə yol aça bilər: “Dəyişiklik gələcəkdə 20-50 metr məsafədə tikilən obyektlərin su altında qalmasına şərait yaratmış olur. Proqnozlara görə, 2030-cu ildə Xəzərin səviyyəsi qalxacaq, nəticədə isə həmin tikililərin hamısı suyun altında qalacaq. Ötən əsrin 70-ci illərindən tədricən Xəzərin səviyyəsi qalxmağa başlayırdı. Nəticədə, 1985-87-ci illərdə Xəzərin sahilində 200 min hektara qədər torpaq suyun altında qaldı. Orada bir sıra istehsal müəssisələri, Balıq Zavodu suya qərq oldu, milyonlarla vəsait batdı. Həmin vaxt dənizin suyunun artması nəticəsində qrunt sularının səviyyəsi qaldı, torpaqlar şoranlaşdı. Bundan sonra ölkə rəhbərliyinin qərarı ilə bu məsafə 150 metr müəyyən edilmişdi. İndi isə məsafəni daha da azaldırlar”.

 

T.Zeynalov deyir ki, dünyanın heç bir ölkəsində belə bir problem yaşanmır. Çünki tikilən obyektlərdə dənizin qalxıb-enməsi nəzərə alınır: “Xəzərin sahil zolağında istifadə məsafəsini endirməklə orada turizm mərkəzləri yaratmaq istəyirlər. Bu, heç bir halda doğru qərar hesab edilə bilməz. Dünyanın heç bir ölkəsində sahil zolağına bu qədər yaxın məsafədə deyil. Turizm mərkəzləri okean və dənizdən 200-300 metr məsafədə olur. Çünki suyun səviyyəsi bu il enə, növbəti il qalxa bilər. Bu mənada çox yanlış və fikirləşmədən qəbul edilmiş qərardır”.

Ərazidə monitorinq aparan qurum – Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Publika.az-a açıqlamasında bildirdi ki, Xəzər sahilində torpaqların qanunsuz istifadəsi ilə bağlı məsələ daim nəzarətdədir: “Bu ilin birinci rübünə olan məlumata görə, komitənin torpaq müfəttişləri Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda keçirdikləri reydlərdə Binəqədi bələdiyyəsi tərəfindən qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar ediblər. Həmçinin müəyyən edilib ki, Abşeron rayonunda 104 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fiziki şəxslərə icarəyə verilib. Lakin bu torpaqlardan 50 hektar ərazi müxtəlif vətəndaşlar tərəfindən qanunla qadağan olunmasına baxmayaraq (yəni dövlət qeydiyyatına alınmadan) hasarlanıb. Digər hissədə isə hüquqi qaydada icazə olmadan tikinti aparılması üçün hazırlıq işləri görülüb. Həmçinin torpaq reydləri zamanı Hövsan-Türkan yolunun şimal tərəfində, ayrı-ayrı şəxslər tərəfindən təqribən 1,9 hektar torpaq sahəsi heç bir qanuni torpaq ayırma sənədi olmadan, habelə dövlət qeydiyyatına alınmadan özbaşına zəbt olunaraq, hasarlanıb və müxtəlif tikinti işləri aparılıb. Monitorinqlər zamanı bütün bu halların qarşısı alınıb, aparılan tikinti işləri tamamilə dayandırılıb. Qanunsuzluqlarla bağlı aktlar tərtib edilib, inzibati tədbirlər görülüb, cərimə və sanksiyalar tətbiq olunub”.

 

Onun sözlərinə görə, monitorinqlər zamanı 500-ə yaxın torpaqlarda istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib: “Bu hallar əsasən dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində zəbt etmələr, hüquqi rejiminə zidd istifadə halları, habelə torpaqların təyinatına uyğun olmayaraq süni balıq göllərinin, daş və gil-çınqıl karxanaları yaradılması, torpağın üst münbit qatının korlanmasıdır.  Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən dövlət müfəttişləri və müfəttişlər tərəfindən belə hallara dair 930-dan çox hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilmiş, 230-dan çox halla bağlı inzibati protokol tərtib edilib, 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunub”.

Nazirlər Kabinetinin son qərarının apreli 1-dən qüvvədə olduğu halda, ondan əvvəlki dövrdə aparılan monitorinqlərin 20-50 metrlik zolaqda şamil edilməsini Q.Xəlilov belə əsaslandırdı: “Monitorinqləri mövcud qanunverciliyə uyğun həyata keçiririk. 20-50 metr qərar qəbul olunursa, biz həmin sahədə keçiririk. Özbaşına şəkildə 130 metrdə keçirə bilmərik ki?”

Amma qaranlıq məqam son qərar aprelin 1-ə təsdiqlənib. Bu müddət ərzində monitorinqlər hansı qərar əsasında aparılıb?

Q.Xəlilov bir daha əvvəlki fikirlərini təkrarlayaraq, monitorinqi qanunvericilik əsasında apardıqlarını dedi.

Amma biz də bir daha xatırladırıq ki, 20-50 metr qərarı aprelin 1-dən qüvvəyə minib.

 

Qeyd edək ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4000 manat, 8000 manat və 40000 manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Hələ ki, qərarın hansı dövrdə kimə şamil edildiyi qaranlıq qalıb. Elə Xəzərə yaxınlaşan tikililərin aqibəti kimi.

BIR CAVAB BURAXIN