Yeni prezident odur – Kərimovun “varisi” haqqında qaranlıq GİZLİNLƏR

0
729

İslam Kərimovu kim əvəzləyəcək? Özbəkistan prezidentinin xəstəxanaya düşməsindən sonra siyasi gündəm bu sualın cavabını axtarır. Görünür, Kərimovun öləcəyi gözləntisi çoxdur. Bu ehtimalı gücləndirən səbəblərdən biri prezidentin xəstəliyi ilə bağlı ilk dəfə rəsmi etirafın edilməsidir.
Kərimovdan sonra Özbəkistanda üç qrupun – “Səmərqənd”, “Daşkənd” və “Kokand” klanlarının hakimiyyət mübarizəsinin başlanacağı gözlənilir. Hətta bu savaşın artıq başlandığını deyənlər də var.
Lakin əsas namizəd kimi baş nazir Şövkət Mirziyoyev göstərilir. O, Kərimovlar ailəsinə çox yaxındır və əlində ölkəni idarə etmək üçün kifayət qədər siyasi resurs cəmləşdirib.
Publika.az Kərimovu əvəzləyəcəyi ən çox ehtimal olunan Şövkət Mirziyoyevin bioqrafiyasını təqdim edir.
Öz sələfləri ilə müqayisədə Mirziyoyevin baş nazirliyi uzunömürlü hesab olunur. O, 2003-cü ilin 11 dekabr tarixində bu vəzifəyə təyin olunub və indiyə qədər bu postdan möhkəm yapışıb. Onun sələfləri Utkur Soltanov, Abdulxaşim Mutalov və Şukurullo Mirsaidov psixoloji və idarəetmə metodlarına görə Şövkətdən çox fərqlənirdi.

Utkur Soltanov: texnokrat idi və idaretmədə qəbul olunmuş standartlar çərçivəsində işləməyə üstünlük verirdi. İnzibati resurslardan sui-istifadə etməməyə çalışırdı. Daha çox ziyalı insandı.

Abdulxaşim Mutalov: İslam Kərimovun ideologiyasının həyata keçirilməsində bacarıqsız insandı. Həm də praktiki olaraq nüfuzlu deyildi.

Şukurullo Mirsaidov: bu insan isə ziddiyyətli şəxsdi. Güclü siyasətçi və iqtisadçı olan Mirsaidov hətta bilik və nüfuza görə İslam Kərimovu üstələyirdi. Buna görə də Kərimova opponent hesab olunur və təhlükəli şəxs kateqoriyasına daxil edilirdi.
Şövkət Mirziyoyev isə tamamilə fərqlidir. O, kifayət qədər nüfuzludur, amma Kərimovun ən mənasız tapşırığını belə son nöqtəsinə qədər həll edir. Pambıq, yaxud taxıl yığınını sürətləndirir, xüsusi əhəmiyyətli obyektlərin tikintisi və ya böyük tədbirlərin təşkilini nöqsansız yerinə yetirir. Başqa sözlə, indiki baş nazir böhran vəziyyətində daim işləyən menecer kimidir.
Şövkət Mirziyoyev Kərimov üçün rahat məmurdur. O, prezidentlə daim razılaşır və onu tənqiddən, məsuliyyətdən kənar saxlayır. O, Ali Məclisin onun səhvləri haqda dedikləri ilə razılaşır, lakin qeyd edir ki, o, başqa şəxsə – prezidentə tabedir.
Faktiki olaraq, baş nazir “ildırımötürən”, “vuruşan oğlan” rolunda çıxış edir.
O, siyasi şəraitin tələb etdiyi kimi icrası mümkün olmayan öhdəlikləri öz üzərinə götürür. Misal üçün, 2015-ci ildə pambıq yığımının 90 faizinin maşınla həyata keçiriləcəyinə söz verdi, halbuki, bunun əlçatmaz olduğunu özü də bilirdi. Çünki ölkədə bu qədər texnika yoxdur. Kənd təsərrüfatında məcburi işləmək qadağan olunmasına baxmayaraq, baş nazir hər kəsi, hətta gəncləri də sahələrə qovur. Özbək pambığı Avropa və ABŞ-dan boykot ediləndən sonra o, Daşkənddə pambıq birjası təşkil edir və MDB, Cənubi-Şərqi Asiya ölkələrinə satır. Buna görə Kərimovdan böyük təsir alır.

Ekspertlər Şövkət Mirziyoyevi belə xarakterizə edir: “Sərt, cazibəli rəhbərdir, mənəvi sərhədlərə malik deyil. Prezideentin istənilən iradəsini icra edir. İnadcıldır, ikiüzlüdür. Açıqlığı sevmir, mətbuata çıxmır. Hiyləgərdir, amma çox da ağıllı deyil. Qol zoruna və söyüşlərlə idarə etməyi sevir. Hirslidir”.
Şövkət Mirziyoyev həmçinin, korrupsiya yeyintiləri ilə də ad çıxarıb.
Ən maraqlısı isə onun xarici siyasət oriyentasiyasının dəqiq bilinməməsidir. O, həm Rusiya, həm də ABŞ-la əməkdaşlığa hazırdır. Baş nazir prezident ailəsinin təmin olunması üçün lazımi maliyyə axınını təşkil edir. Həm də yalnız İslam Kərimovun yox, birinci xanım Tatyana Kərimova, qızları Gülnarə və Lola Kərimovaların istəklərini həyata keçirir.
Ehtimallara görə, onun şəxsi biznesdə Gülnarə Kərimova ilə yolları kəsişib. Prezidentin qızına qarşı oyunun arxasındakı fiqurlardan birinin məhz Şövkət olduğu iddia olunur.
Şövkət Mirziyoyev “Səmərqənd klanı”nın lideridir. O, 2000-ci ildə “boz kardinal” İsmoila Djurabekovun birinci müavinliyindən siyasi iyerarxiyanın pillələrini qaxlamağa başlayıb.
“Səmərqənd klanı”nın daxili işlər naziri Zakir Almatov, maliyyə naziri Bəxtiyar İbrahimov və digərləri kimi nüfuzlu şəxsləri olmasına baxmayaraq, Ş. Mirziyoyev onları geridə qoymağı bacardı. Buna səbəb kimi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatovla yaxın əlaqələrə malik olması göstərilir. Onun oğlu Davron Mirziyoyev energetika sahəsinə nəzarət edir.
Şövkət Mirziyoyevin digər klanları zəiflətmək üçün də addımlar atdığı deyilir.
Onun prezident olacağı haqda ehtimallar 2000-ci illərin sonlarında meydana çıxdı. İslam Kərimov anlayırdı ki, qızı Gülnarə Kərimova dövləti idarə edə bilməz. İddialara görə, prezident Şövkət Mirziyoyevdən hakimiyyətə keçəcəyi halda, Kərimovlar ailəsini qoruyacağına dair zəmanət alıb.

BIR CAVAB BURAXIN