Yayın istisində çəkilən, SSRİ nazirini ayağa qaldıran yeganə Yeni il filmimiz

0
847
“Ötən ilin son gecəsi” filmi Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında ekranlaşırılıb. Uzun müddət teatr səhnəsində tamaşaçıların sevgisini qazanan pyesin ssenarisi hazırlanaraq, 1982-ci ildə ekranlaşdırılır. İlk dəfə 1983-cü il yanvarın 2-də ittifaq miqyasında nümayiş etdirilir. Filmin rejissoru Gülbəniz Əzimzadə, ssenari müəllifi isə Anardır.
Rollarda Elmira Şabanova (Həmidə), Şahmar Ələkbərov (Qəzənfər), Ayan Mirqasımova (Dilarə), Rafiq Əliyev (Süleyman) və başqaları çəkiliblər.
Arazinfo.com Moderator.az-a istinadən  filmlə bağlı bir neçə maraqlı detalı təqdim edir:
1.Rejissor  Gülbəniz Əzimzadə uşaq vaxtı gördüyü və yaşadığı  bəzi epizodları ssenaridən kənar olaraq, filmə əlavə edib. Məsələn, həkimin evə gəlməsi, ananın Çin xalatı geyməsi və s. səhnələr bu qəbildəndir;
2.Pyesdən də bilirik ki, Həmidənin həyat yoldaşı Qəzənfər epizodik obrazdır. O yalnız portretinin vasitəsilə, bir də xatirələrdə yada salınır. Amma bu epizodik obraz mərhum Şahmar Ələkbərova o qədər yaraşır ki, rejissor onu genişləndirərək, əsas qəhrəman səviyyəsinə qaldırır;
3.Filmin musiqisi cəmi bir gecəyə yazılır. Buna səbəb musiqini səsləndirməli olan Rafiq Babayevin qastrola getməsi olub. Filmi 31 dekabr tarixinə qədər təhvil vermək istəyən yaradıcı heyət bir gecənin içində bütün musiqini yazıblar;
4.Qarlı qış gününü -31 dekabr axşamını əks etdirməli olan bəzi səhnələr yayın cırhacırında lentə alınıb. Təsəvvür edin, isti yaya günlərində aktyorlar isti geyimlə süni qarın üzərindən keçməli imişlər;
5.Film yalnız rus dilində lentə alınıb. Sonradan isə ancaq dublyaj hesabına ana dilində “dillənib”.
Filmdəki baş rolun ifaçısı, Xalq artisti Elmira Şabanova bir neçə il bundan əvvəl mətbuata verdiyi müsahibəsində ekran işi barəsində çox maraqlı faktlar səsləndirib:
“Bu, mənim kinoda ən böyük rolumdu. Anarın bu hekayəsi o vaxt keçmiş sovet məkanında geniş yayılmışdı. Və baş rolda Zərnigar Ağakişiyeva olmaqla 78-ci ildə Azərbaycan televiziyasında tamaşaya qoyulandan sonra (quruluşçu rejissorlar Ramiz Həsənoğlu və Tariyel Vəliyev (1944-2012) – red.) Moskva televiziyası da bu hekayənin teletamaşa versiyasını hazırlamışdı. Baş rolda da Vaxtanqov adına teatrın aktrisası Lyudmila Selikovskya çəkilmişdi. Tamaşa o qədər də uğurlu alınmasa da, Azərbaycan ədibinin əsərinin Mərkəzi Televiziyada tamaşaya qoyulması bir fakt kimi, əlbəttə, çox önəmlidi. Demək istəyirəm ki, əsər çox bəyənildiyi üçün onu televiziya filmi şəklində də ekranlaşdırmaq qərarına gəlmişdilər.
Bu filmin çəkilişini mənim kinokaryeramın başlanğıcı da hesab etmək olar. Məsələ burasındadır ki, üçüncü kursda ailə quranda həyat yoldaşım, kinorejissor Rüfət Şabanov (1922-1998) aktrisalıq fəaliyyətimi yalnız 40 yaşından sonra davam etdirməli oluduğumu istədiyini dedi. Mən təbii ki, ailə həyatını aktrisa karyerasından üstün tutdum. Yalnız pedaqoji fəaliyyətlə məşğul oldum. Uzun fasilədən sonra kinoda ilk işim elə yoldaşımın çəkdiyi “Gəmi saatının sirri”(1983) filmində oldu. “Ötən ilin son gecəsi” filmi çəkilməsi məsələsi qərara alınanda rəhmətlik Gülbəniz Əzimzadə dedi ki, madam, kişi artıq icazə verir, bu filmdə baş rolu sənə təklif edirəm. Mən tanımadığım, iş prinsipinə, potensialına bələd olmadığım rejissorun təklifini qəbul etmirəm. Gülbənizə isə bələd idim və inanırdım.
Sınaq çəkilişində Anar məni çox bəyəndi, qucaqlayıb öpdü. Özü də məşqlərin əksəriyyətində iştirak edirdi. Bu obrazı ekranda canlandırmaq mənim üçün o qədər də çətin deyildi – Həmidə ilə yaşlarımız uyğun idi, ailəsinin xətrinə müğənni olmaq arzusundan əl çəkmişdi. Ona görə talelərimizdə uyğun cəhətlər az deyil. Qəzənfər rolunu çox təbii canlandıran rəhmətlik tərəf-müqabili olmağım çox ürəyimcə idi. Hayıf ki, Şahmarın rolunun həcmi az idi. Film ekranlara çıxan kimi uğur qazandı. SSRİ xarici işlər naziri Qromıkonu filmin mövzusu elə tutubmuş ki, televizorla nümayişin başa çatmasını gözləməyə hövsələsi çatmayıb, mədəniyyət məsələləri üzrə məsul şəxs olan Lakinə zəng vurub Həmidənin övladlarının ata ocağına qayıdıb-qayıtmamalarını xəbər alıb. Süjetə görə onlar qayıtmırlar, amma Gülbəniz xanım filmin finalını bir qədər ümidverici tərzdə çəkib.
 
Elmin Nuri

BIR CAVAB BURAXIN