Yardımlıda baş verən dəhşət: Cadu insanı öldürə bilərmi? –

0
958

Yardımlıda baş verən dəhşət: Cadu insanı öldürə bilərmi? - İNANILMAZ RƏYLƏR

Cəmilə Ağabalayeva adlı Yardımlı sakini yaşadığı evdən cadu tapıb. Ailəsi onun cadunun təsirindən öldüyünü iddia edib.

İddiaya görə, qadın cadunu məhv etməyə çalışıb. Bu zaman o, naməlum qüvvələrin hücumuna məruz qalıb.

Hadisənin təsirindən xəstələnərək yatağa düşən qadın 3 aydan sonra vəfat edib.

Cadunu evə gətirən isə C.Ağabalayevanın gəlini Firəvan Abışova olub.

O, ailəsində yaranmış münaqişələrə son qoymaq məqsədilə valideynlərinin tövsiyəsi əsasında Yardımlının Anzov kənd sakini Molla Fərzullaya cadu yazdırıb. Həmin cadunu evinə gətirərək sandıqda və zirzəmidə gizlədib. F.Abışovanın qayınanası bu caduları təsadüfən tapıb. O, duaları məhv etməyə çalışarkən güclü bir qüvvənin təsirinə məruz qalıb. Ailəsi hadisədən 8 gün sonra yatağa düşən qadını Bakıda və Rusiyada tanınmış həkimlərə müayinə etdiriblər. Lakin müayinə zamanı qadında hər hansı bir xəstəlik aşkar edilməyib.

C.Ağabalayevanın ailə üzvləri cadunu oxutmaq qərarına gəlib. Bu məqsədlə duaları tanınmış mollalara göstərsələr də, onlar duaların açılmasını məsləhət görməyiblər. Mollalar cadunun açılacağı təqdirdə, ailəyə daha böyük bədbəxtliklərin üz verəcəyini deyib. C.Ağabalayevanın oğlu deyilənlərə inanmayıb və cadunu Rusiyada oxutmaq qərarına gəlib. Lakin o, Rusiyaya gedərkən avtomobil qəzasına düşüb.

Bəs həqiqətən cadu varmı? Varsa, insana bu hadisədə iddia olunan kimi təsir edə, onu öldürə bilərmi?

Ekstrasens Aqil Məhərrəmov ölümə səbəb olan caduların müxtəlif olduğunu deyib:

“Belə hallar çox olur. Cadu var insanı 3 günə öldürür, cadu da var 21 günə. 40 günə öldürən cadu var, 3 aya da, 1 ilə də. Bu həm cadunun növündən, həm də ekstrasensin gücündən asılıdır. Cadunun təsiri ilə insan get-gedə zəifləyir, ağrıları artır, əriyir. Həyatda hər şey əlindən gedir və sonra ölür. Ən təhlükəli cadu növü nikromantiyadır. Bu təkcə cadu deyil, həm də magiyanın bir növüdür. O elə bir magiyadır ki, o zaman ancaq, qəbiristanlıq ruhları ilə iş görülür. Bu caduda ən aşağı qatda olan ruhlarla işlənilir. Bu, özlərini öldürən insanların ruhları da ola bilər.

Bəzi cadular əbcəd üsulu ilə hazırlanır. Bu zaman “Quran” ayələri 9, yaxud 12 xanalı cədvələ salınır. Bu üsulda, adətən, cinlərdən istifadə edilir. Həmin duanı açmaq isə yalnız güclü cin sahibinin işidir. Lakin o duaya güclü ekstrasens də müdaxilə edə bilər”.

35 ildir cadu olunan xəstələri müalicə etdiyini deyən Faiq Allahyarov isə cadunun ölüm halına gətirib çıxaracağına inanmır:

“Ölüm məsələsinə nəinki cadu, heç kim müdaxilə edə bilməz. Bu absurddur. Ölümün fərmanı yalnız Allahın əlindədir”.

F. Allahyarov cadunun təsirinə məruz qalan xəstələri onlara toxunmadan müalicə etdiyini, qaanaxmaları uzaq məsafədən saxladığını bildirib. O, cadunun insan sağlamlığına və gündəlik həyatına təsir etmə faktını təsdiq etsə də, onun ölümə səbəb olacağını absurd hesab etdiyini deyib.

Hadisə ilə bağlı açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli iddiaların absurd olduğunu deyib:

“İslam dini dua yazdırmağı və cadu etdirməyi haram buyurub. Əgər belə dualar həqiqətən də mövcuddursa, insanlar buna inanmamalı və mənfi enerjinin təsirindən özlərini mümkün qədər uzaq tutmalıdırlar.

Bir insan qara pişik haqqında mövhumata inanırsa, həmin gün mütləq onun həyatında pis bir hadisə baş verəcək. Çünki həmin insan artıq psixologiyasını mənfi emosiyalara kökləmiş olur. Lakin bu cür mövhumatlara fikir verməyən və Allaha sığınan insanlar bənzər hadisələrlə qarşılaşmırlar.

Cadu də bu qəbildəndir. Onun insana təsiri insanın ona olan psixoloji münasibətindən asılıdır. Əgər bir insan cadunun gücünə inanırsa, mütləq ki, onun təsirini görəcəkdir. Bu psixoloji bir faktdır. Burada hər şey tamamilə insanın yanaşmasına bağlıdır.

“Qurani-Kərim”in “Nəs” və “Fələq” surələrində müsəlmanların yalnız Allaha pənah aparmaları və sığınmaları buyurulur. Allaha sığınan insan isə cadunun da, mənfi hadisələrin də təsir gücünü hiss etməyəcək. Buna görə də insanlar belə hadisələr baş verərkən mümkün qədər soyuqqanlı davranmalı və əhəmiyyət verməməlidirlər.

Duanın açılıb oxunmasına gəldikdə isə mən burada heç bir qəbahət görmürəm. O duaları açıb oxumaq da, məhv etmək də olar”. Zümrüd\Publika.az

BIR CAVAB BURAXIN