Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb

0
545

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, toplantıda qonaq qismində Türkiyənin görkəmli tarixçi alimi, professor İlber Ortaylı iştirak edib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, İlber Ortaylı türk dünyasının böyük tarixçilərindən biridir: “İlber Ortaylı televiziyada çıxış edən zaman onu saatlarla dinləyirəm”.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, İ.Ortaylı 2012-ci ildən institutun fəxri doktorudur. İclasda bildirilib ki, o, bu fəxri ada türk dünyası tarixinin araşdırılması və təbliğ olunmasında göstərdiyi böyük xidmətlərinə görə layiq görülüb.

İnstitut direktoru Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Azərbaycan Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad edib. Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, o cümlədən könüllü xalq dəstələri, görkəmli hərbi xadimlərimiz Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqaları fəal iştirak edib”.

Akademik deyib: “Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb”.

İlber Ortaylı çar Rusiyası tərəfindən əsir götürülən türk əsgərlərinin çoxunun Hacı Zeynalabdin Tağıyev sayəsində azad edildiyini bildirib: “Qafqaz İslam Ordusu könüllülər ordusu idi. Osmanlı imperiyası Birinci Dünya müharibəsində 3 böyük qələbə (Çanaqqala, Kutulamare və Bakı) qazanıb”.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qeyd edib ki, Türkiyə və Azərbaycan ən ağır dönəmlərində bir-birlərinə dəstək olmuşlar: “Bundan 100 il əvvəl baş verənlər Nəriman Nərimanovun Mustafa Kamal Paşaya 1921-ci ildə göndərdiyi məşhur məktubunda dediyi kimi, “qardaşın qardaşa borc verməyəcəyini, qardaşın qardaşın əlindən tutacağını” göstərib”.

Erkan Özoral 15 sentyabr paradını Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi hesab edib.

Sonda Yaqub Mahmudov İlber Ortaylıya Tarix İnstitutunun nəşrlərini – ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Real tarix və “böyük Ermənistan” uydurması” və “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitablarını hədiyyə edib

BIR CAVAB BURAXIN