Bu gün nəinki Azərbaycan, həm də türk dünyası tarixinin ağsaqqalı, ulu öndər Heydər Əliyev tərəfindən böyük alim və görkəmli tarixçi adlandırılan AMEA Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudovun 80 yaşı tamam oldu. Həyatını Azərbaycan türklərinin və türk dünyası tarixinin ləkələrdən təmizlənməsi, onun həqiqi tarixinin yazılması, türkün milli varlığını yox etmək üçün onun mənşəyini, kimliyini saxtalaşdırmağa çalışanlara qarşı mübarizələrə həsr edən Yaqub Mahmudovun 80 illik şərəfli bir həyatı əslində əldə qılınc düşmənləri diz çökdürən məşhur sərkərdə Alp Arslanların, Osman Qazilərin, Əmir Teymurların qəhrəmanlıq yolunu qələmini süngüyə çevirərək günümüzdə davam etdirməsidir.
Bu şərəfli həyat yollarında da Yaqub Mahmudov dəfələrlə təzyiqlərə məruz qalsa da sınmadı, əyilmədi, heç bir qüvvə onu türkün tarixini saxtalaşdıranlara qarşı mübarızdən çəkindirə bilmədi. Bu da səbəbsiz deyildi, Yaqub Mahmudovun damarlarında anadan olduğu və heç vaxt düşmənə boyun əyməyən, nəinki Şəki rayonunda, həm də Azərbaycanda əsarətə qarşı mübarizə beşiyi olan, dəfələrlə çarizmə və digər işğalçılara qarşı üsyanlar qaldıran, bu yolda çoxlu sayda şəhidlər verən Baş Göynüklülərin, 1918-ci ildə Şəkidə və Göynük mahalında ermənilərə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərən, 1930-cu ildə bolşeviklərə qarşı Baş Göynük kəndində qaldırılan Şəki üsyanının rəhbərlərindən biri olan Mikayıl kişinin qanı axırdı. Burada bir haşiyə çıxaraq onu da deyim ki, tale elə gətirib ki, mən görkəmli alimin anadan olduğu Baş Göynük kəndindəki Rəhimuşağı məhəlləsi ilə qonşu olan Məhyəddinuşağı məhəlləsində anadan olmuşam. Uşaqlığım da bu məhəllənin uşaqları ilə birgə keçib. O dövrdə biz hələ orta məktəbdə oxuduğumuz illərdə tarix fənnini yaxşı bilən uşaqlara “Yaquba çəkib, ona oxşayıb”,-deyirdilər.
Yaqub müəllimin adını o dövrdə çox eşitsəm də üzünü görməmişdim. O dövrdə Rəhimuşağı məhəlləsinin ağsaqqalı rəhmətlik Kərim kişi idi. Kərim kişi çox güclü idi və onun qabağına çıxmağa heç kim cəsarət etmirdi. Bir dəfə biz Dömüd adlanan yerdə ağır bir daşı qaldırmaq istəyirdik. Kimsə demişdi ki, bu daşın altında qızıl ola bilər. Həvəsimizi görüb 10-15 nəfər 20-25 yaşlı cavan da biz uşaqlara qoşulmuşdu. Amma daşı yerindən tərpətmək mümkün olmurdu. Bu vaxt Kərim kişinin gurultulu səsini eşitdik: -Burada nə axtarırsınız?
Dedilər ki, bəs daşı yerindən qaldırmaq istəyirik, amma qaldıra bilmirik. Kərim kişi cavanlara: -Kənara çəkilin,-dedi və sakitcə daşdan yapışdı və heç kimin gözləmədiyi halda daşı yerindən oynadaraq qaldırdı və ətrafa diyirlətdi. Ora yığılanların hamısı məhəttəl qalmışdı. Sonradan yaşlı kişilər dedilər ki, bu daşın azı 2 ton ağırlığı olar. Yəni Kərim kişi Rəhimuşağı məhəlləsinin digər nər kişiləri kimi o dərəcədə güclü idi. Yaqub Mahmudov barədə bir də orta məktəbi bitirəndə təsadüfən Kərim kişi ilə atam Salamın söhbətində eşitdim. Atamla Kərim kişi xalauşağı idilər və isti münasibətləri vardı. Kərim kişi atama: – Bu uşağın, yəni mənim işi nə oldu,-deyə soruşdu. -Bəlkə Muxtara deyim, Yaquba onu tapşırsın,-dedi.
Hazırda haqqın rəhmətinə qovuşan Muxtar müəllim Kərim kişinin oğlu idi və çox gözəl, xarakter etibarı ilə yumşaq bir insan idi.
Atam isə: -Xalaoğlu, onun heç qəbul olunmağını da istəmirəm, mənim pulum haradadır onu oxutmağa, o qəbul olunsa hər ay pul göndərmək lazım gələcək, mənim pensiyamla da bu düzələn deyil,-deyə cavab verdi.
O vaxt atamın bu sözləri ürəyimi sızlatsa da Bakıya gələrək sənədlərimi o vaxtkı Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarixinə verdim. İlk imtahan tarixdən idi. İmtahana girib bileti çəkdim və suallara cavab yazdım. İki nəfər imtahan götürürdü. Onlardan biri olan xoşsimalı müəllim birdən diqqətimi cəlb etdi və ona qanım qaynadı, suallara cavab verəndə gedib onun qaşısında əyləşdim. 3 sualın üçünə də yüksək səviyyədə cavab verdim, amma deyəsən özümü işə salmışdım. Bu qanım qaynayan müəllim mənə sualı sual dalınca verirdi. Suallara verdiyim cavabım deyəsən onu heyrətləndirmişdi və soruşdu ki, haradan gəlmisən, gəldiyim yeri deyəndə, Baş Göynük kəndinin adını çəkəndə müəllim hansı məhəllədən, kimlərdən olduğumu soruşdu. Sonra dönüb yanındakı müəllim yoldaşına dedi ki, göynüklülər tarixi yaxşı bilən olurlar. Nə isə, imtahandan 4 aldım və həyətə çıxanda orta məktəbdə tarix müəllimim Söhrab Kərimov imtahan vərəqimə baxaraq: -Sizdən imtahanı Yaqub müəllim götürüb ki,-dedi. Yalnız onda mən imtahan vərəqimə baxanda Yaqub Mahmudov yazıldığını gördüm. Həmin dövrdə Balakəndə yaşayan Yaqub müəllim kəndə gəlsə də, mən onu görməmişdim və təbii ki, onu tanımamışdım. Mən bilmirəm, bəlkə də o vaxt Yaqub müəllim də məni tanımamışdı. O vaxt mənə Yaqub Mahmudovun tələbəsi olmaq nəsib olmadı və mən ikinci imtahandan (ədəbiyyat yazılıdan) kəsildim. Halbuki ədəbiyyatı da tarix qədər yaxşı bilirdim. Üstündən illər ötəndən sonra fikirləşirəm ki, əgər o vaxt Yaqub müəllim atamın Kərim kişi ilə söhbətindən xəbər tutsaydı, hökmən ağır vəziyyətimizi nəzərə alaraq mənə kömək edərdi. Çünki sonralar mən dəfələrlə Yaqub müəllimin kasıb, imkansız ailələrdən olan tələbələrə əl tutduğunun, onlara yardım etdiyinin, insanpərvərliyinin, sözün əsl mənasında böyük ürək sahibi olmasının şahidi oldum. Yaqub müəllimlə mən bir də illər ötəndən, jurnalist kimi fəaliyyətə başlayandan sonra müsahibə götürəndə görüşdüm… Amma artıq onda Yaqub müəllimlə kəndimizin ən böyük insanı kimi sözün əsl mənasında fəxr edirdim və hər yerdə onunla qürur duyduğumu gizlətmirdim.
Yaqub müəllim ali məktəbdə dərs dediyi, totalitar rejimin qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda qorxmadan cəsarətlə, həyatını risqə ataraq tələbələrinə milli-azadlıq ideyalarını təbliğ edir, onları rejimə qarşı gələcək mübarizələrə hazırlayırdı. Onu da fəxrlə qeyd edim ki, ötən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli-azadlıq mübarizəsində Yaqub Mahmudovun tələbələrinin böyük rolu oldu. O dövrdə milli-azadlıq mübarizəsinin əksər rəhbərləri və onda fəal iştirak edənlər, ayulduzlu bayrağımızı ilk dəfə meydanda göylərə ucaldanlar Yaqub Mahmudovun milli-azadlıq ruhunda tərbiyə etdiyi tələbələri idilər. Alovlu vətənpərvər alim həmin dövrdə Bakı Dövlət Universitetinin Tarix fakultəsinin dekanı kimi gənclərə dayaq oldu, onları düz yola istiqamətləndirdi və ölkəmizdə azadlıqsevər gənclərin yetişməsində önəmli bir vəzifəni şərəflə yerinə yetirdı. Buna görə hətta görkəmli alimi işdən belə çıxardılar, lakin onu bu müqəddəs yoldan döndərə bilmədilər. Onu da deyim ki, Bakı Dövlət Universitetindən Kirovun adının götürülməsi təşəbbüsü də o vaxt Yaqub məüllim tərəfindən qaldırıldı.
Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə ölkəmizi idarə etməyə başlayandan sonra əsl tariximizin yenidən yazılmasına başlanıldı. Hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən istedadlı gənc tarixçi kadr kimi Yaqub Mahmudovu yaxından tanıyan, ona etimad göstərən ulu öndər, XX-XXI əsrin görkəmli dövlət xadimi və siyasətçisi olan Heydər Əliyev tariximizin ləkələrdən təmizlənməsi Azərbaycan xalqının əsl tarixinin yazılması kimi şərəfli bir vəzifəni məhz ona etibar etdi.
Yaqub müəllim sözün əsl mənasında ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başladılan tariximizi ləkələrdən təmizləmək üçün həyata keçirilən tədbirlərdə gecəli-gündüzlü çalışdı. Heydər Əliyevin tariximizə göstərdiyi sonsuz qayğıya cavab olaraq Azərbaycanı inkar etmək istəyən, tarixi saxtalaşdıraraq qondarma böyük Ermənistan xülyaları ilə yaşayan ermənilərin cavabını tarixi faktlarla verdi, onların bu əraziərə gəlmə olduğunu sübuta yetirdi.
AMEA-nın Tarix İnstitutunun direktoru təyin edilən Yaqub Mahmudovun rəhbərliyi altında Azərbaycan xalqının əsl tarixi yazıldı. Bunun ən parlaq numunələri kimi Yaqub Mahmudovun birbaşa iştirakı ilə yazılan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, İrəvan xanlığı ilə bağlı broşürlər və digər kitabları göstərmək olar. Bu əsərlər Türkiyədə, Rusiyada, Ukraynada, Pakistanda, Latın Amerikasında, Avropada, ərəb ölkələrində və digər yerlərdə yayılıb, rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, fars, erməni və başqa dillərə tərcümə edilib. Bu əsərlər erməni tarixşünaslığını alt-üst edərək onların tarixi saxtalaşdırmasını sübuta yetirdi və hərbi dillə desək onları top atəşinə tutaraq darmadağın etdi.
Günümüzdə Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə Tarix İnstitutunda son 15 ildə Azərbaycan tarixinin ən mühüm problemləri saxtalaşdırmalardan və təhriflərdən təmizlənib. İnstitutda Qarabağ, İrəvan, Naxçıvan, soyqırımları və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb.
Mən görkəmli tarixçi, türk dünyası tarıxının ağsaqqalı və Bilgə xaqanı olan hörmətli Yaqub müəllimin elmi fəaliyyətinə çox toxunmadım, çünki bu barədə çox yazılıb və hələ yazılmaqda davam edir. Qısaca onu xatırlatmaq istəyirəm ki, Yaqub Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkilidir. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los-Anceles və b.) nəşr olunub. Onun bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.
Görkəmli vətənpərvər tarixçi alim, akademik Yaqub Mahmudov bu gün ömrünün 80-ci baharını yaşayır. Mən vətənpərvər alimimizə, hörmətli ağsaqqalımıza, Türk dünyası tarixinin Bilgə xaqanı adı ilə çağrılan Yaqub müəllimə bu ad günündə prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad ediləcək torpaqlarımızın zəfər tarixini yazmasını arzulayıram.Yolunuz daima açıq, başınız üzərində isə həmişə tər-təmiz səma olsun Yaqub müəllim!
PS. Sonda bir arzumu da bildirmək, əgər Yaqub müəllim razı olsa, onun keçdiyi şərəfli həyat yolu, uşaqlıq illərindən günümüzə qədər olacaq dövrü əhatə edəcək fəaliyyəti haqqında elmi-publisist əsər yazmaq istəyirəm…
Əziz Mustafa, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü