Yaqub Mahmudov: “Həsən Padşah Qurani-Kərimi azərbaycancaya çevirtdirib” – See more at: http://teleqraf.com/news/99352#sthash.l5WreZrC.dpuf

0
747

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycanın böyük dövlət xadimi – Həsən Padşah” mövzusunda elmi-praktik konfrans keçirilib.   Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbdə keçirilən konfransda lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb. O, bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb”. Y.Mahmudov Ağqoyunlu hökmdarı Həsən Padşah (1468-1478) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Həsən Padşahın hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilib: “XV əsrin 60-70-ci illərində Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf edib. Həsən Padşah bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Ulu öndər Heydər Əliyev Həsən Padşahı Azərbaycanın böyük dövlət xadimi adlandırıb”. AMEA-nın müxbir üzvü çıxışında bildirib ki, sovet dövründə, yəni XX əsrin 60-cı illərinə qədər Azərbaycan tarix elmində Ağqoyunlu-Avropa münasibətləri ilə bağlı ətraflı məlumat yox idi. “Həsən Padşah Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırtmışdı”, – deyə Y.Mahmudov qeyd edib.   Tarixçi-alim konfransda gəncliyə müraciət edərək deyib ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir: “Tarixinə sahib çıxmayan xalq isə gec-tez başqalarına yem olur”. İnstitut direktoru qeyd edib ki, Həsən Padşah elmin, maarifin inkişafına xüsusi diqqət yetirib. Tarixçi-alimlər tərəfindən konfransda bildirilib ki, Həsən Padşah dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artıb. Həsən Padşaha həsr olunmuş konfransda daha sonra lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Şahin Fazil, Dilavər Əzimli, 144 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova və başqaları çıxış ediblər. Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində layihə çərçivəsində Ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Şah Təhmasib Səfəvi, Tomiris və Şah Abbasa həsr olunmuş konfranslar keçirilib. – See more at: http://teleqraf.com/news/99352#sthash.l5WreZrC.dpuf

BIR CAVAB BURAXIN