Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun “Bakı Metropoliteni” sabiq sədri Tağı Əhmədovdan zorla 3 milyon alması məsələsi ətrafında müzakirələr böyüyür. Hətta həbsdə olan generalın vaxtilə Tağı Əhmədova zor tətbiq edərək, onu döydüyü iddiaları da səsləndirilir.
Məsələ ilə bağlı YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-ın suallarını cavablandırıb. O, bildirib ki, yazılanlar rəsmi məlumat deyil.
“Bu, sadəcə olaraq, bir qəzet versiyasıdır. Kimlərinsə sensasiyaya çevirmək istədiyi bir məsələdir. Bu iddia rəsmi deyil. Bunu qəzetdə çıxan mövzu kimi qəbul edirik. Hesab edirəm ki, Tağı müəllim bu məsələlərə kifayət qədər tutarlı cavab verə bilər”.
A.Mirzəzadə Tağı Əhmədovun YAP-ın Yasamal rayon təşkilatının sədri kimi fəaliyyətindən də söz açıb.
“Tağı Əhmədovun fəaliyyətinə gəlincə, o, Yeni Azərbaycan Partiyasına sədaqətli, partiya işində fəal, rəhbərlik etdiyi rayon təşkilatının fəaliyyətini canlandırmağa, günün siyasi proseslərinə aktiv cavab verməyə çalışan bir xilaf kimi fəaliyyət göstərir. Bu gün Yeni Azərbaycan Partiyasının nə Yasamal rayon təşkilatına, nə də Tağı Əhmədova hər hansı bir iradı var. Onun ərazi təşkilat rəhbəri kimi fəaliyyəti də partiyamızı qane edir”.
YAP-ın rəsmi nümayəndəsi mətbuatda Tağı Əhmədovla bağlı səslənən ittihamlara da cavab verib.
“İttihamlara gəldikdə isə onu deyə bilərəm ki, Azərbaycan söz azadlığının mövcud olduğu bir ölkədir. Vaxtaşırı bu və ya digər tanınmış insanlar haqqında müxtəlif yazılar dərc olunur. Bu cür yazıların hamısına cavab vermək, bunların hamısını polemikaya çağırmaq artıq mətbuatı susdurmaq demək olar”.
Keçmiş MTN-çi Akif Çovdarovla Tağı Əhmədov arasında münaqişənin baş verdiyi haqda məlumatlar bundan əvvəl də dəfələrlə mətbuatın gündəmində olub.
MTN-nin ləğvi və orada aparılan “təmizləmə”dən sonra istintaqa ifadə verən keçmiş məmurlar arasında Tağı Əhmədovun da olduğu vurğulanır. Hətta o da qeyd olunur ki, T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan “siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə cavab verib.1