Yad dilə məhəbbət, yoxsa özünü inkar?

0
711

11

Azərbaycanın müstəqilliyini əldə etməsindən 25 il ötür və tarixi baxımdan bu illər bir an təsiri bağışlayır. Bu müddət ərzində Şərqdə ilk demokratik cümhuriyyətin rəhbəri M.Ə. Rəsulzadənin də dediyi kimi azadlığın ləzzətini kifayət qədər dada bilmişik. Müstəqilliyimizin özü ilə gətirdiyi təlatümlü, iqtisadi baxımdan ağır günlərimizi, torpaq və doğma yurd yuvasını məcburən tərk etmək, öz yurdunda qaçqın və məcburi köçkün olmaq, Xocalı yanğısını yaşamaq ağrısını da da bura əlavə edəndə hamımızın ürəyini didməkdə davam edən bir kədəri yaşamaqdayıq. Əlbəttə, başımıza gətirilən bu faciələrin arxasında şübhəsiz ki, ermənini üzərimizə qısqırdan pərdəarxası güclərin olduğu və onların kimliyi hamımıza bəllidir. Mənə elə gəlir ki, bu gün erməni qəsbkarları tərəfindən ərazilərimizin 20 faizinin işğal edilməsinin əsas günahkarları olan, 200 il ərzində bizi əsarət altında saxlayan dövlətin də adını çəkməyə ehtiyac yoxdur. Çünki onun da kimliyi uşaqdan tutmuş bu gün, sabah dünyasını dəyişəcək qocalara qədər hamıya məlumdur. Azərbaycanın yeni nəsli müstəqil dövlətimizdə yetişib, dilimizi, mədəniyyətimizi, tariximizi hər halda sovet dönəmini yaşayanlardan daha çox bilir. Bütün bunlar nə qədər sevindirici olsa da son illərdə yenə də bizi ağrıdan bir məsələ gündəmdə gen-bol müzakirə edilməkdədir. Bu da azərbaycanlı ailələrin bir çoxunun yenidən ana dilinə xor baxmağa başlaması və uşaqlarını rus dilində oxutdurmağa üstünlük vermələridir. Statistik məlumatlara görə, Azərbaycanda rus dilinə sevgi valideynlər arasında geniş vüsət alıb. Bu da övladlarını rus dilində oxutmağa üstünlük verən valideynlərin sayının artmasında özünü göstərməkdədir. Belə ki, statistik məlumatlara görə hazırda Azərbaycanda 90 min nəfər uşaq rusdilli məktəblərdə təhsil alır. Yenə də adi hesablamalara görə bu templə getsə yaxın 5-10 il ərzində rusdilli məktəblərdə oxuyan şagirdlərin sayı Azərbaycan dilli məktəblərdə oxuyanların sayını bir neçə dəfə üstələyəcək. Əlbəttə, rus dilini öyrənməyin, rus dilində oxumağın mən əleyhinə deyiləm, amma söhbət rus dilində oxuyanların öz dillərinə yad, biganə münasibətlərindən gedir. Rusdilli məktəblərdə Azərbaycanın tanınmış ədəbi simaları – Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasımbəy Zakir, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və folklorumuz, milli mədəniyyətimiz, tariximiz Azərbaycan məktəblərindəki kimi öyrədilmir. Rusdilli məktəblərdə bizə ölüm və qan gətirən, ermənilərə təssübkeşlik edərək ərazilərimizə onları köçürdən və başımıza gətirilən sonsuz sayda milli faciələrimizin əsasında dayanan, bizə yad millətin ideologiyası, düşüncəsi, mədəniyyəti təbliğ olunur. Rusdilli məktəblərdə uşaqlarını oxudan valideynlərin əksəriyyəti həmin məktəblərdə guya dərslərin Azərbaycan dilli məktəblərdəkinə nisbətən daha yaxşı keçirildiyini iddia edərək özlərinə haqq qazandırırlar. Amma mənə elə gəlir ki, bu iddia heç bir məntiqə söykənmir. Ona görə ki, rusdilli məktəblərdə dərs keçən müəllimlərin təxminən 70-80 faizi elə öz azərbaycanlılarımızdır. Yəni ola bilməz ki, Azərbaycan dilli məktəblərdə dərs keçən müəllimlərimiz rusdilli məktəblərdə dərs keçən müəllimlərimizdən daha az təəssübkeş olsunlar, dərsi şagirdlərinə ana dilində daha yaxşı aşılamağa cəhd etməsinlər. Ona görə də zənnnimizcə rusdilli məktəblərddə uşaqlarını oxumağa qoyanların çoxusu bunu övladlarının rus dilini bilməsinin gələcəkdə onların vəzifə tutmasında önəmli rol oynaya biləcəyi qənaətindədirlər. Bir vaxtlar sovet dövründə övladlarını rusdilli məktəblərdə oxutmaq üçün dəridən-qabıqdan çıxan azərbaycanlıların çoxusu da məhz rus dilini bilməsi nətcəsində övladlarının vəzifə tuta biləcəyini düşünürdü. Amma indi müstəqilik, dövlət dilimiz də Azərbaycan dili, Azərbaycan türkcəsidir. Bəs onda niyə əksər valideynələrimiz rus dilində uşaqlarını oxutmaq üçün bu qədər canfəşanlıq etməyə başlayıb? Bu sualın cavabını məncə hələ də zehinlərdə donub qalmaqda olan və tədricən gənc nəslə də sirayət edən “Bəlkə də qaytardılrar” düşüncəsində, korşalmış zehniyyatında axtarmaq lazımdır. Bu isə olduqca təhlükəli tendensiyadır, yenidən işğal günlərini gözləyən qul psıxologiyasının baş qaldırmasıdır. Yenə də belə hesab edirəm ki, yad dilə məhəbbət, özünü, millətini, dilini inkar etmək, müstəqilliyimizin uzunmüddətli ola biləcəyini inanmamağın təzahürüdür. Əgər əksər valideynlərimiz uşaqlarını dünya dili olan ingilis dilində oxutmağa üstünlük versəydilər, bəlkə də bunu alqışlamaq olardı. İndiki halda isə rus dilinə belə məhəbbət yenə “Bəlkə də qaytardılar” kimi qorxulu qul psixolgiyasının baş qaldırmasından başqa bir şey deyil. Bu isə olduqca təhlükəlidir.

Yenə də qeyd edim ki, yad dili bilməyin əleyhinə deyiləm. Ancaq insan gərək öncə ana dilini sevsin, sonra yad dili öyrənsin. Ana dilini sevməyən isə çətin ki, doğma anasını, ana vətənini sevə bilsin…

BIR CAVAB BURAXIN