Rusiyanın Voronej şəhər administrasiyasında, o cümlədən sosial sahəni kurasiya edən vitse-mer Nadejda Savitskayanın kabinetində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları polislərlə birgə axtarış aparıb.
Axtarış azərbaycanlı biznesmen Tofiq Məhərrəmovun bu şəhərdə sakinlərin narazılığına səbəb olan tikinti biznesi, onun meriya ilə korrupsioner əlaqələri barədə qaldırılmış cinayət işi çərçivəsində aparılıb.
Tofiq Məhərrəmovun “Novıy Kvartal” şirkəti Voronejin Lenin prospektində, Jeleznodorojnıy rayonunda çoxmərtəbəli binalar inşa edir. Həmin ərazidə əvvəllər məktəb stadionu yerləşib, 90-cı illərdə meriya ərazidə idman-sağlamlıq kompleksinin inşasına başlayıb. Lakin pul olmadığından işlər yarımçıq qalıb. Nəhayət ərazi Tofiq Məhərrəmova satılıb və ötən ilin iyulunda meriya orada çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərar çıxarıb. 6200 kvadratmetrlk ərazidə azərbaycanlı biznesmen T-şəkilli yaşayış kompleksi tikməlidir.
Lakin bu tikinti yaxınlıqda yaşayanların narazılığına səbəb olub. Dəfələrlə rayon sakinləri Məhərrəmovun şirkətinə qarşı etiraz aksiyalarına çıxıblar, müxtəlif instansiyalara, hətta Kremlə şikayət ediblər. Sakinlərin təşəbbüs qrupunun adından çıxış edən Olqa Kolesnikova adlı qadın deyir ki, Tofiq Məhərrəmov bütün meriyanı öz toruna salan hörümçəkdir və çoxsaylı şikayətlərə baxmayaraq onun biznesini himayə edirlər. Sakinlərin iddiasına görə Məhərrəmov mer Aleksandr Qusevi, onun müavinlərini ələ alıb.
Aprelin əvvəllərində sakinlər tikintiyə mane olmaq üçün ərazidə canlı sədd yaradıblar. Məhərrəmovun şirkətinin texnikası özəl mühafizə şirkətinin əməkdaşlarının dəstəyi ilə sakinlərin canlı səddini yarıb əraziyə daxil olub. Polis baş verənlərə müdaxilə etməyib.
Nəhayət aprelin ortalarında bu qalmaqala Voronej vilayətinin qubernatoru Aleksey Qordeyev müdaxilə edib. O, şəhərdə “arxitektur banditizmlə” mübarizə elan edib və birinci vitse-mer Vadim Ksteninlə görüşündə tələb edib ki, tikinti ilə bağlı sakinlərlə bütün razılaşma prosedurlarına əməl olunsun, şəhərin arxitekturasına zərər dəyməsinə imkan verilməsin.
Bu müdaxilədən sonra meriyanın mülkiyyətində olan torpaq sahəsinin qanunsuz satılması və tikintiyə icazə verilməsinin qeyri-qanuniliyi ilə bağlı cinayət işi qaldırılıb. Vitse-mer Nadejda Savitskaya bu cinayət işində fiqurantlardan biridir. Ancaq adı hələlik şahid qismində keçir. Tofiq Məhərrəmov isə “Kommersant”a açıqlamasında baş verənləri onun “qanuni biznesinə qarşı bespredel” adlandırıb.
Virtualaz.org