DTK zabiti, podpolkovnik Aleksandr Salnikov ölümündən bir neçə ay əvvəl öz xatirələrini KİV nümayəndələri ilə bölüşüb.
Salnikov 40 illik xidməti illərində daha çox Xruşovun ailəsinə yaxın olub. Xruşovlar ailəsi də onu ailənin bir üzvü kimi qəbul ediblər. DTK zabiti bu yaxınlığı özü də etiraf edib:
“Mən bu ailənin bütün sirrlərinə bələd idim. Əslində bu mənin marağımda deyildi. Sadəcə, iş prosesində hər şey mənə aydın olurdu. Mən bütövlükdə Xruşovun təhlükəsizliyinə cavabdehlik daşımırdım. Bu işlə başqa zabitlər məşğul olurdu. Mənim üzərimə isə daha çox iş düşürdü. Onları saymaqla qurtarmaq olmaz. Birbaşa məişət məsələlərinə məsul idim. Ona görə də həmişə ailənin içərisində olurdum. Onlar da məni çox yaxın qəbul edirdilər. Xarici səfərlərdə işim daha ağır olurdu. Elə il olub ki, ilin 365 gününün 280-ni səfərlərdə olmuşuq. Və təbii ki, səfərlərdə olarkən daha diqqətli olmaq lazım gəlirdi.
Nikita Sergeyeviç çox sadə və zəhmətkeş bir adam idi. Səhərlər tezdən durardı, qısamüddətli gəzintidə fikirlərini yerbəyer edərdi. O, vətəndaşlarla birbaşa ünsiyyətdə olmağa üstünlük verən rəhbərlərdən idi. Ölkədaxili səfərlərdə kimsə ona yaxınlaşanda, yaxud məktub ötürmək istəyəndə buna mane olan mühafizəçilərə irad tutardı.
Mən həm də Xruşovun alkoqollu içkilərdən istifadəsinə cavabdehlik daşıyırdım. O dövrlər heç bir məclis içkisiz ötüşməzdi. Elə adi günlərdə də Nikita Sergeyeviç günorta və axşam yeməklərində tez-tez məndən bir qədəh süzməyimi xahiş edərdi. Xruşov sağlam adam idi. İşki onu “yıxmırdı”. Yəni içki məclislərindən sonra onu Brejnev kimi qoluna girib aparmırdılar.
Xruşovun Almaniyada ona bağışlanmış “sehrli” qədəhi vardı. Bu qədəh iç tərəfdən və dibindən daha qalın şüşə ilə cilalanmışdı. Kənardan böyük qədəhə oxşayardı, ancaq tutumu isə maksimum 30 qrama qədər idi. Mən bu qədəhi həmişə özümlə gəzdirirdim. Elə vaxtlar olurdu ki, məclislər uzanırdı və belə məclislərdə mən öz səlahiyyətlərimdən istifadə etmək məcburiyyətində qalırdım. Yaxınlaşıb onun qulağına pıçıldayırdım ki, mən sizin qədəhinizə konyak əvəzinə çay süzəcəm. Xruşov bu içkini “çay-konyak” adlandırırdı…”.
DTK zabitinin Xruşovun qarderobu ilə xatirələri daha maraqlıdır. Salnikov Nikita Sergeyeviçin geyim məsləsinin əməlli-başlı problem yaratdığını söyləyib:
“Nikita Sergeyeviçin geyim məsələsi həmişə problem olurdu. Onun qeyri-standart bədən quruluşu dərziləri çətin vəziyyətə salırdı. Digər bir tərəfdən də Xruşov enli şalvar və pencək geyinməyi xoşlayırdı. Bu geyimlərdə isə paltarlar onun əynindən sallaq vəziyyətdə qalırdı. Kostyumların tikilməsinə mən müdaxilə etmirdim. Ancaq onların ütülü olmasına, kostyuma uyğun köynək və qalstukların seçilməsinə mən cavabdehlik daşıyırdım.
Rəhbərlər üçün geyimlər Kutuzov prospektindəki xüsusi atelyedə tikilirdi. Dərzilər Xruşovun kabinetinə iki dəfə gəlirdilər. Birinci dəfə ölçüləri götürmək və kostyumun hansı parçadan tikiləcəyini razılaşdırmaq, ikinci dəfə isə kostyumun ilkin variantını Xruşovun əynində yoxlamaq üçün. Sonra hazır kostyumları mən atelyedən evə aparırdım.
Adətən Nikita Segeyeviç tikilən kostyumlardan narazı qalmırdı. Ancaq xarici səfərlərin birində jurnalistlərin onun kostyumuna istehzalı təbəssümlə baxmaqları Xruşova heç də xoş təsir bağışlamamışdı. Və o, səfərdən qayıdan kimi öz düşündüyü kimi atelye rəhbərliyinə göstərişlər vermişdi. Bu hadisədən sonra Xruşovun kostyumlarında kifayət qədər yeniliklər oldu. Amma təkcə tünd rəngli kostyumlarda. Açıq rəngli parçalardan tikilmiş kostyumlar isə yenə əvvəlki kimi yenə də az qala onun əynindən düşəcəkdi.
Xruşovun alt paltarlarını isə sözün əsl mənasında faciə adlandırmaq olardı. O dövrdə büro üzvləri dövlət təminatında olduqlarından onlara alt paltarları da pulsuz verilirdi. Nikita Sergeyeviç isə yalnız SSRİ-nin istehsalı olan həmin yöndəmsiz alt paltarlarından istifadə edirdi. Uzunmüddətli xarici səfərlərdə olarkən Xruşovun alt paltarlarını yumağa məcbur olurdum. Əgər həmin paltarları yumaq üçün biz harasa versəydik və bilsəydilər ki, bu paltarlar SSRİ-nin rəhbərinindir sözsüz ki, həmin ölkədə yaranacaq “yumor” heç də siyasi qalmaqallardan az səs-küy yaratmayacaqdı. Və etiraf edim ki, bu ipli-kəndirli alt paltarları Xruşovun əynində çox gülməli görünürdü…”.
Xruşovun sakərlərindən söhbət açan Salnikov qeyd edib ki, Nikita Sergeyeviçin ən çox xoşladığı məşğuliyyət ov etmək olub:
“Xruşov dəhşətli dərəcədə ov həvəskarı idi. O, bunu bacarırdı. Sərrast, mükəmməl və peşəkar… Və bunu bütün məmurlar da etiraf edirdilər. Nikita Sergeyeviç bütün yorğunluğunu ovda çıxarırdı, bu məşğuliyyətdən zövq alırdı.
Mütaliəni çox sevirdi. Evdə, işdə, hətta gecələr, qatarda, təyyarədə qəzetlər, jurnallar, yeni çıxmış kitabları oxuyurdu. Həmişə radioya qulaq asırdı, bağda, istirahətdə olanda xəbərlərə ötürmürdü.
Xruşov Brejnevdən fərqli olaraq heç bir stolüstü oyunun həvəskarı deyildi. Yəni Brejnev kimi saatlarla domino oynamaq onun maraq dairəsindən uzaq idi. İdmana da elə bir həvəs göstərməzdi. Hansı turnirdə, yarışda iştirak edirdisə, bu onun azarkeşliyindən deyil, rəhbər kimi o tədbirdə iştirak etməyinin vacibliyindən irəli gəlirdi.
Xruşovun özü də heç bir idman növü ilə məşğul olmurdu. Yalnız üzməyi xoşlayırdı, amma onu da bacarmırdı. Hovuza girəndə, yaxud göldə üzmək istəyəndə hökmən kimsə onu müşayiət edirdi. Rezin dairəciyin qurşağına keçirilməsi isə mütləq şərt idi. Ən başlıcası isə Nikita Sergeyeviç istər hovuzda, istərsə də göldə, dənizdə olarkən heç vaxt çimərlik paltarı geyinmirdi. Həmişə həmin SSRİ istehsalı olan, dizə çatan ipli-kəndirli alt paltarında suya girirdi…”.
DTK zabiti Xruşovun Stalin və Beriyaya münasibəti haqqında da maraqlı açıqlamalar söyləyib:
“Xruşov öz kişik əhatəsində Stalin haqqında çox tez-tez danışırdı. Ancaq özünün qurultaydakı məruzəsindəki kimi yox. Stalinlə bağlı söhbətlərində Nikita Sergeyeviç onun haqqında alçaldıcı sözlər işlətmirdi. Qeyd edirdi ki, Stalin pis rəhbər olmayıb, amma çox sərt adam olub. Beriya haqqında isə Xruşov hətta xarici dövlətlərin nümayəndələri ilə söhbətləri zamanı söyləyirdi ki, o heç vaxt xalq düşməni, vətənini satan, xəyanət edən məmur olmayıb, Beriya sadəcə hakimiyyət uğrunda mübarizə aparıb və buna görə də onun qarşısını kəsə biləcək istənilən şəxsi aradan götürmək istəyib…”.
DTK zabiti Xruşovun və ailəsinin bütövlükdə sadə olduğunu, təmtəraqdan uzaq sadə həyat tərzi sürdüyünü də açıqlayıb. Salnikov qeyd edib ki, Nikita Sergeyeviç heç vaxt imkan verməzdi ki, ailə üzvlərindən kiminsə adı hər hansı bir qalmaqallı məsələdə hallansın. İlham Cəmiloğlu. Modern.az