Xruşovu Bakıda qarşılayıb, Moskvada “yola salan” Azərbaycanın ikinci katibi  

0
808
O, sovetlər dönəmində Azərbaycanda da yaxşı tanınıb. Vladimir Semiçastnıy 1959-cu ilin avqust ayından  1961-ci ilin noyabrın 13-nə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, Azərbaycan KP MK bürosunun üzvü olub. O dövrdə Azərbaycan KP MK-nın ikinci katiblərii böyük səlahiyyətlərə malik olublar. Onlar Sov.İKP MK-nın nomenklaturası sayılaraq birbaşa ora tabe olublar və respublika haqqında mərkəzi məlumatlandırıb, oradan da göstərişlər alıblar. Bu vəzifə onun üçün uğurlu və düşərli sayılıb. Semiçastnıy məhz bu vəzifədən, Bakıdan Moskvaya yüksək bir posta, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin olunub.

Və bu həmin Vladimir Yefimoviç Semiçastnıydır ki, o, Qarabağ hadisələri başlayanda “Ermənilərin xoşuna gəlsə də, gəlməsə də Qarabağ Azərbaycanın ərazisidir” kimi fikrini mətbuatda və müəllifi olduğu kitabda bəyan etmişdir.

Semiçastnıy haqqında ən maraqlı faktlardan biri odur ki, o, bir gün də olsa belə,  hərbi xidmətdə olmadan 6 il ərzində general-polkovnik rütbəsinə yüksəlib. Bu fakt onu deməyə əsas verir ki, Sümiçastnıy karyera yüksəlişində bəxti gətirənlərdən olub. Amma sona qədərmi?

Siyasi fəaliyyətinə orta məktəbdə komsomol katibi kimi başlayan Semiçastnıy sonralar bir çox rayon, vilayət, diyar komsomol təşkilatlarının katibi olub. Bu xətt ilə sürətlə yüksələn fəal, nəhayət 1959-cu ildə SSRİ komsomoluna rəhbərlik edib. Bir il bu yüksək postda işlədikdən sonra 1959-cu ildə Vladimir Semiçastnıy Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsinə təyin edilib. Bu dövr Xruşovun Azərbaycana səfəri ərəfəsinə təsadüf edir. Məhz elə Xruşovu Bakıda Kremlin adamı kimi qarşılayan əsas fiqurlardan biri Semiçastnıy olub.

SSRİ rəhbərliyinin etimadını doğruldan, şəxsən Xruşovun hörmətini qazanmağı bacaran Semiçastnıy Azərbaycanda da çox qərar tutmayıb. 1961-ci ildə o, SSRİ “KQB”-si başçısının kürsüsündə əyləşib.

Semiçastnıy DTK sədri olduğu dövr onun üçün bir çox qarışıq, səsli-küylü və qalmaqallı hadisələrlə yadda qalıb. Təbii ki, ilk növbədə Kremldəki “çevrilis” bu siyahıda birinci yeri tutur.

Xruşovun vəzifədən uzaqlaşdırılması planından Semiçastnıy hələ 6-7 ay öncədən xəbərdar olub. Breynevlə Semiçastnıy arasında bu məsələ ilə bağlı görüş də keçirilib. Xruşovun fiziki cəhətdən məhv edilməsi (zəhərlənmə, avtoqəza nəzərdə tutulur) təklifi ortaya çıxanda Semiçastnıy bunun çox çətin və bəlkə də mümkünsüz olduğunu bildirərək imtina edib. Həbs etmək təklifini isə o belə əsaslandırıb ki, bu qərarı yalnız Ali Sovet verə bilər. Nəhayət, üçüncü məlum variant seçilib. Semiçastnıy öz müsahibələrinin birində həmin dövr haqqında fikirlərini belə bölüşüb:

“Mən artıq nə baş verəcəyini dəqiq bilirdim. Mərkəzi Komitənin iclasında Xruşovun vəzifədən azad olunması ilə məsələ qaldırılıb plenuma çıxarılmalı idi. Həmin vaxt Xruşov Pitsundada istirahət edirdi. İclasdan sonra Xruşovla telefon əlaqəsi yaradıldı və onun Moskvaya qayıtmasını xahiş etdilər. Xruşov telefonda əsəbi halda qışqırırdı ki, axı nə baş verib? Ona bir daha anlatdılar ki, gəlməyi vacibdir. Həmin dövrdə Mikoyan da Xruşovla birlikdə Pitsunda da idi. “Vnukova” hava limanında Xruşovu mən, SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi Georqadze və mənim tabeliyimdə olan 9-cu idarənin bir neçə əməkdaşı qarşıladıq. O təyyarədən enən kimi birinci ifadəsi bu oldu: “A qde je ostalnıe blyadi”. Mən onu başa saldım ki, hamı Mərkəzi Komitənin iclasındadır. Xidməti avtomobillər belə sıralanmışdı, birinci Xruşovun maşını, ikinci mənim xidməti avtomobilim, üçüncü isə Mikoyanın. Mikoyan Xruşovun maşınına əyləşdi. Şəhərə istiqamət alan kimi Kremlə zəng vurdb Xruşovun “təşrif”ini məruzə etdim. Həmin gün iclas bitdikdən sonra Brejnev mənə zəng vurdu:

– İndi o hara gedəcək?

Xruşovu nəzərdə tuturdu. Mən soyuqqanlıqla cavab verdim:

– Hara istəyir ora da getsin, evinə, bağına…

Brejnev bu cavabdan həyəcanını gizlədə bilmədi:

– Necə yəni?

– Leonid İliç, artıq Xruşovun mühafizəsi də, sürücüsü də dəyişdirilib.


Səhərisi gün işlas davam etməyə başladı. Uzun-uzadı çıxışlar bir-birini əvəz edirdi. Bu ərəfədə mənə gələn zənglər səngimirdi. Yerlərdən vilayət partiya komitələrinin rəhbərləri, Mərkəzi Komitənin üzvləri narahatlıqlarını bildirirdilər. Hətta hədə dolu zənglər də olurdu, gələk Xruşovu müdafiə edək. Bu azmış kimi Brejnevi həbs etmək təklifləri də telefonda səslənirdi. Vəziyyətin gərginliyini hiss edib içəri iclas zalına Brejnevə kiçik bir kağız göndərdim ki, mənə zəng etsin. Az sonra zəng etdi.

– Leonid İliç, vəziyyət gərginləşir. Zənglərin ardı-arası kəsilmir. Mərkəzi Komitənin üzvləri bura toplaşsalar mən onlara fiziki güc tətbiq etmək iqtidarında deyiləm və etməyəcəyəm.

– Lazım deyil.

– Mən başa düşürəm lazım deyil. Bəs mən nə etməliyəm?

– Hamı çıxış edib, qalıb Mərkəzi Komitənin katibləri. Onlar da münasibətlərin bildirdikdən sonra qərar qəbul ediləcək.

Təxminən 20-30 dəqiqədən sonra Brejnev yenidən mənə zəng vurdu:

– İclas yekunlaşır. Hər şey razılaşdırılıb. Saat 6-da plenumdur.

İclas zalında isə rəyasət heyətinin üzvləri Xruşovu yarıtmaz fəaliyyəti ilə tənqid edir və bununla da Kreml “çevriliş”ini gerçəkləşdirirdilər. Plenumda isə həmin çıxış edənlər Nikita Sergeyeviç Xruşovun səhhəti və yaşı ilə əlaqədar Sov. İKP MK-nın birinci katibi, SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən azad olunması barədə “xahiş”ini əl çala-çala nəzərə aldılar”.

Vladimir Semiçatnıy mətbuata verdiyi sonuncu müsahibəsində həmin hadisələrlə bağlı qeyd edib ki, Xruşovun devrilməsində xüsusi bir rolu olmayıb və söyləyib ki, mən yalnız öz üzərimə düşən vəzifəni icra edirdim, bu da Mərkəzi Komitənin iclasının və plenumun təhlükəsiz və kənar müdaxiləsiz keçməsindən ibarət idi.

Semiçastnıy öz “xidmət”ini yetərincə peşəkarcasına Leonid İliçə göstərsə də Brejnev onu DTK sədri vəzifəsindən azad etmək üçün bəhanə axtarıb. Ona görə yox ki, “KQB” şefinin işindən razı qalmayıb, əksinə çox razı qaldığından. Düşünüb ki, artıq bu işdə xüsusi təcrübəsi olan bir şəxsi bu vəzifədə saxlamaq olmaz. Bu “devirmə”nin təkrar olmaq qorxusu Breynevi narahat edib.

1967-ci ilin may ayında Siyasi Büronun iclası keçirilərkən Vladimir Semiçastnıy Brejnevin göstərişi ilə iclasa dəvət olunub. DTK sədri içəri daxil olanda Brejnev ona müraciət edib:

– Siyasi Büroda sizin başqa işə keçməyinizlə bağlı təklif irəli sürülüb

– Leonid İliç, mən heç nə anlamıram, axı nəyə görə?

– Büro sizi yeni bir vəzifəyə keçməyinizi təklif edir

– Axı mənə bu haqda əvvəlcədən heç məlumat da verilməyib. Mən anlaya bilmirəm bu nə deməkdir

Adətən Siyasi Büronun içlaslarında nadir hallarda coşan Brejnev bu dəfə səsinin tonunu qaldırıb:

– Nəyi anlamırsınız? Sovet kəşfiyyatının qərbi Avropada iflasa uğramasını? Bəlkə, kəşfiyyat və agenturanın fəaliyyətinin bərbad vəziyyətdə olmasını anlamırsınız? Yoxsa mən sizə Stalinin qızının aradan çıxıb Hindistana getməsini bir daha xatırlatmalıyam?

Beləliklə, büroda Semiçastnıy haqqında qərar qəbul edilib. DTK sədri öz vəsifəsini Ukrayna Nazirlər Sovetinin müavini vəzifəsi ilə əvəzləyib.

Əslində Stalinin qızının Hindistana getməsi məsələsində Semiçastnıy heç bir rol oynamayıb. Məsələ ilə bağlı Kosıgin iclasların birində açıqlama da verib: Stalinin qızı SSRİ-dən getməsi üçün mənə müraciət etmişdi ki, mən bu məsələni Siyasi Büroda qaldırım. Biz onun müraciətini büroda müzakirə etdik, müsbət qərar çıxartdıq, getməyinə icazə verdik.

Bu məsələdə Semiçastnıy yalnız bir işi öz üzərinə götürüb, Stalinin qızının SSRİ-dən çıxmasına qədər mühafizə ilə təmin etməsini.

Beləliklə, Semiçastnıy Moskvadan Kiyevə yeni vəzifəsinin icrasına yollanıb. Sabiq “KQB” şefi sürgün adlandırdığı bu vəzifədə düz 14 il çalışıb. Bir neçə dəfə Moskvaya qayıtmaqla bağlı Brejnevə müraciət etsə də heç bir nəticə əldə olunmayıb. 1981-ci ildə infarkt keçirdikdən sonra sərt bir məzmunda Leonid İliçə məktub göndərib. Nəhayət, bu məktubdan sonra onun Moskvaya qayıtmağına razılıq verilib. Semiçastnıya aşağı pilləli bir neçə vəzifə təklif olunub. Başqa heç nə gözləməyən Vladimir Semiçastnıy təqaüdə çıxana, 1988-ci ilə qədər Ümumittifaq “Bilik” Cəmiyyəti idarə heyətinin sədr müavini vəzifəsində işləyib.

Vladimir Semiçastnıy 2001-ci ildə Moskva şəhərində vəfat edib.Modern.az

 

İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN