Son illərdə Azərbaycanda həyata keçirilən müvafiq islahatlar nəticəsində müxtəlif sahələr üzrə kifayət qədər yüksək səviyyəli milli kadrlar yetişdirilib. Bunun da nəticəsində ən müasir elmi-texniki biliklərə malik milli kardrların sayı ildən-ilə artmaqda davam edir. Bunu bir çox xarici ölkələrdə dünyanın ən nüfuzlu şirkətlərində azərbaycanlı milli kadrlara üstünlük verilməsi bir daha sübut edir. Yüksək səviyyəli milli kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlər ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin də diqqətini cəlb etməkdədir. Bunu Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlərdə əcnəbi əməkdaşların yerli vətəndaşlarla əvəzlənməsinin sürətlənməsi prosesi də sübut edir. Onlar bunu artıq yerli kadrların xaricilər qədər ixtisaslı olması ilə əlaqələndirirlər. Məsələn, dünyanın ən nüfuzlu şirkətlərindən biri olan BP-nin (British Petroleum) Bakı Ofisində hələ bir neçə il bundan əvvəl yüksək səviyyəli milli kadrların işə götürülməsinə üstünlük verilməyə başlanıb. Nəticədə bu gün adı çəkilən şirkətdə çalışan ixtisaslı daimi işçilərin təxminən 87 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. Şirkətin regional rəhbər heyətinin tərkibinə dörd azərbaycanlı vitse-prezident daxildir. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.
Ümumiyyətlə, hazırda BP-də 2735 nəfər işləyir və onların sayı artmaqda davam edir. BP-nin Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının mətbuata verdiyi açıqlamasına görə yüksək ixtisaslı milli kadrların şirkətdə işlə təmin edilməsinə üstünlük verilməsi gələcəkdə də davam etdiriləcək.
Tamam Bayatlı həmçinin xatırladıb ki, 2018-ci ilin sonunadək ixtisaslı işçilərin 90 %-ni milli kadrların təşkil edəcəyi barədə BP-nin öhdəliyi var: “Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər”.
Onu da deyək ki, bir neçə il əvvələ kimi Azərbaycanda xarici ölkə vətəndaşlarını işə götürmək “dəb” halını almışdı. Bəzi hallarda yerli mütəxəssis xaricidən daha savadlı olsa da, şirkətlər özlərinə imic qazanmaq üçün əcnəbi vətəndaşı işə qəbul etməyə daha çox maraq göstərirdilər. Lakin hazırda iqtisadi vəziyyətin gərginləşməsi və yerli ixtisaslı kadrların yetişdirilməsi Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətləri əcnəbi mütəxissislərdən imtinaya məcbur edir. Bu isə azrəbaycanlılar üçün yeni iş yerlərinin yaranması deməkdir. Əsas məsələ isə yerli ixtisaslı kadr yetişdirməkdir.
Milli kadrların işə götürülməsinin əsas səbəbi isə soydaşlarımızın öz işlərinin öhdəsindən yüksək səviyyədə peşəkarlıqla gələ bilmələridir. Şübhəsiz ki, bu işdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi də önəmli rol oynayıb. Azərbaycanlı gənclər bu illər ərzində Almaniya, Avstraliya, Finlandiya, Fransa, ABŞ və Kanada və digər ölkələrdə təhsil almaqla öz ixtisaslarını artırıblar. Dövlət Proqramında istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulurdu və bu iş artıq öz bəhrəsini verməkdədir. Beləliklə, yüksək ixtisaslı peşəkar milli kadrların hazırlanması və onların sivil tələblərə cavab verən dərəcədə elmi-texniki biliklərini nümayiş etdirməsi Azərbaycanın daha da güclənəcəyinə, qüdrətli dövlətə çevriləcəyinə, bir sözlə, gələcəyə ümidlə baxmağa imkan verir.