Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, baş alan hərc-mərclik, xaos və anarxiya respublikanı bürümüşdü. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, bəzilərinin isə aşkar xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi və Ulu Öndərin Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. Ulu Öndərin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarət oldu ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Lideri Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır.
Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən ali və dayanıqlı keyfiyyətlərinin canlı təcəssümüdür.
Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır
12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, Ümummilli Liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Böyük şəxsiyyətin yoxluğundan 19 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Onun ağıllı və uzaqgörən siyasətində hər şeyin öz yeri və vaxtı var idi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır. Bütün bunlara görə qədirbilən xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və Uca Yaradandan Unudulmaz Öndərinə qəni-qəni rəhmət diləyir!
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva.
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Xilaskarlıq missiyasının banisi kimi tanınan Ulu Öndər Heydər Əliyev XX əsrin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmişdir. Ona görə də Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Öz liderlik və xilaskarlıq səyi sayəsində əbədiyaşar Ulu Öndər Heydər Əliyev bu dövləti əbədi, sarsılmaz və qüdrətli dövlətə, Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Bəli, əsl həqiqətdir ki, bu böyük şəxsiyyət öz dərin zəkası, iti ağlı və mətin iradəsi ilə Azərbaycanımızı yüksəltdi, qorudu, müstəqilliyini yaşatdı və əbədiləşdirdi. İndi Azərbaycan adı Heydər Əliyevin adı ilə qoşa çəkilir. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova
Böyük xalqın qüdrətli Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyev
Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır.
Vətən müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanıb.
Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım olmuşdur. Belə ki, Ali Baş Komandan milli ordu quruculuğu Silahlı Qüvvələrin modernləşməsi proseslərində beynəlxalq təcrübəyə istinad edilməklə güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Silahlı Qüvvələrini formalaşdırmışdır. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsinə yol açmışdır. Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bunun ən böyük səbəbi Ulu Öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Dünya siyasətində dəstxəti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev müdriklik simvolu kimi bu gün də nümunə göstərilir. Bu cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəldib.
Hələ 1969-cu il iyul ayının 14-də sovet Azərbaycanına ali rəhbər vəzifəyə irəli çəkilən Ümummilli Lider ilk günlərdən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa çalışmış, Azərbaycan xalqının gələcək müstəqilliyi üçün bütün imkanlardan istifadə etmişdir. Əminliklə demək olar ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər, abadlıq-quruculuq işləri miqyasına görə Azərbaycanın inkişaf salnaməsinin ən dolğun səhifələridir.
Azərbaycana birinci rəhbərliyi dövründə milli mənafelərə xidmət edən çoxşaxəli addımları ilə xalqın istiqlal və azadlıq duyğularının gerçəkləşməsinə real siyasi-hüquqi və iqtisadi zəmin hazırlamış Ümummilli Lider respublikamızı müstəqilliyə qovuşduran mürəkkəb ictimai-siyasi proseslərin də mərkəzində olub.
Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, cəmiyyətin bütün sahələrində hökm sürən böhranlı və xaotik vəziyyət yalnız Ulu Öndərin xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. 1993-cü ilin ikinci yarısından etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirib. Ulu Öndər 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqımızı vətəndaş müharibəsindən, milli müstəqilliyin itirilməsi təhlükəsindən, hərc-mərclik və xaos mühitindən qurtarmışdır. 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin həyatında yeni dövrün əsası qoyulmuşdur.
Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyindən sonra dövlətin müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün real əsaslar yaranmışdır. Heydər Əliyevin Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi başlamışdır. Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı olmuşdur. Qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
Böyük Öndərin siyasi uzaqgörənliyinin, prinsipiallığının və iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Konstitusiyamız ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının, eləcə də sosial hüquqların təminatına, ümumən sosial dövlət konsepsiyasının reallaşmasına hüquqi baza yaratmışdır. Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qaldığı bəyan edilmişdir.
Digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında keçmiş Qarabağ münaqişəsində həyati əhəmiyyət kəsb edən atəşkəs əldə olunmuşdur. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, Ümummilli Liderin rəhbərliyi ilə o zaman mövcud olan Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində gərgin iş aparılmış, bir sıra əhəmiyyətli nəticələr əldə edilmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüz faktı beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə pislənmiş, buna etiraz olaraq bir sıra qətnamələr qəbul olunmuşdur.
Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan cənab İlham Əliyevdir. Xalqın mütləq əksəriyyətinin böyük etimadı ilə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev ötən 19 ildə Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, onun xaos və anarxiyadan qurtardığı respublikamızın “Güclü dövlət – müstəqil siyasət” konsepti əsasında inkişafını təmin etmişdir.
Məhz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 30 il ərzində Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün Cənubi Qafqazda və ümumən regionda planlaşdırılan bütün meqalayihələr Azərbaycanın iştirakı olmadan və milli maraqları nəzərə alınmadan reallaşdırılmır. Burada coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni önəmli rol oynayır. Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.
Xarizmatik şəxsiyyət dedikdə öncə xalqların və bəşəriyyətin həyatında xüsusi rol oynayan, tarixin axarını dəyişən, milyonları xilas edən, cəmiyyətə xoşbəxtlik və rifah bəxş edən Tanrı tərəfindən seçilmiş peyğəmbərlər, sərkərdələr, dövlət xadimləri, dahilər, müdriklər göz önünə gəlir.
Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan, xalqı qarşısında misilsiz xidmətlər göstərən, bütün ictimai-siyasi fəaliyyətini doğma xalqının yüksəlişinə və tərəqqisinə, ana vətəninin çiçəklənməsinə və qüdrətlənməsinə həsr edən, bu yolda böyük qələbələr qazanan Ümummilli Lider Heydər Əliyevin uğur fenomenində özünü parlaq şəkildə təzahür edir.
Dünya siyasət tarixində öz xalqının və ölkəsinin, eləcə də regionun və hətta dünyanın taleyini dəyişmək qüdrətinə malik hökmdarlar, dövlət xadimləri çox olmuşdur.
Lakin bu xadimlərin, demək olar ki, hamısı güclü dövlətə, hərbi gücə və müasir silaha malik böyük ölkələrin və xalqların nümayəndələri olmuşlar. Bütün bu şəxsiyyətlərdən fərqli olaraq Heydər Əliyev iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada – sosializm və bazar iqtisadiyyatı zamanında, iki bir-birinə antaqonist məkanda – SSRİ kimi nəhəng diktaturanın bətnindən çıxmış birpartiyalı sistemin idarə etdiyi hökmran dövlətin tərkib hissəsi olan Sovet Azərbaycanında və müstəqilliyini elan etmiş, lakin onu qura bilməmiş, siyasi-iqtisadi, hərbi xaos içərisində olan Azərbaycan Respublikasında rəhbər kimi uğurlar qazanmışdı, bütün daxili və xarici basqıları dəf edərək dünyanın qəbul etdiyi dövlət xadiminə və milli liderə çevrilə bilmişdi.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən və 1982-ci ilə kimi – 13 il bu vəzifədə çalışan Heydər Əliyev Azərbaycanı SSRİ məkanında 1920-ci ildən bu yana nail olmadığı ən yüksək mərtəbəyə qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, geridə qalmış, kasıb, mədəniyyəti və elmi tənəzzül edən, bütün göstəricilərinə görə 15 respublika arasında 13-cü yerdə gedən bir ölkəni inkişaf etmiş sənaye mərkəzinə, müasir texnologiyanı tətbiq edərək yüksək göstəricilər əldə edən aqrosənaye kompleksinə malik kənd təsərrüfatı respublikasına, yüksək mədəniyyəti və biliyi ilə seçilən tanınmış ziyalıları olan xalqın yaşadığı ölkəyə çevirdi.
Eyni zamanda müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında da Ümummilli Lider Heydər Əliyevin tarixi rolu və xidmətləri misilsizdir. 1991-ci ilin payızında yaranmış tarixi şəraitdən istifadə edərək Azərbaycan xalqı öz dövlət müstəqilliyini elan etsə də, 1993-cü ilə qədər dövlət qura bilmədi, siyasi və iqtisadi xaos, dövlət rəhbərliyində olanların və iddiaçıların səriştəsizliyi, siyasi iradə və konkret siyasi proqramın olmaması Qarabağda separatçılığın alovlanması nəinki torpaqlarımızın işğalı ilə nəticələndi, hətta müstəqilliyimizin itirilməsi və respublikanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq.
Belə bir çətin zamanda da Ümummilli Lider Heydər Əliyevin güclü iradəsi, şəxsi fədakarlığı, böyük siyasi təcrübəsi milləti və dövləti xilas etdi. O zaman Naxçıvanda yaşayan, blokada şəraitində və erməni təcavüzü ilə üzləşmiş muxtar respublikaya rəhbərlik edən Heydər Əliyev xalqın çağırışı ilə 1993-cü ilin iyununda Bakıya gələrək xilaskarlıq missiyasını öz üzərinə götürdü, dövlət böhranını, hərbi qarşıdurmanı, vətəndaş müharibəsi təhlükəsini, bir-birinin ardınca baş verən dövlət çevrilişləri cəhdlərini böyük siyasi ustalıq və cəsarətlə aradan qaldıraraq müasir Azərbaycan dövlətçiliyinin təməlini qoymuş oldu. Xilaskar lider olan Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Dahi şəxsiyyət xalqı və dövləti qarşısında tarixi missiyasını böyük şərəf və vicdanla yerinə yetirərək bu günkü qüdrətli, güclü Azərbaycanı qurdu. Bu baxımdan 2023-cü ilin “Heydət Əliyev ili “elan edilməsi müstəqil Azərbaycanın yaradıcısı olan Heydər Əliyev şəxsiyyətinə və irsinə böyük minnətdarlıq nümunəsidir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir.
Hər bir xalqın milli birliyinin, siyasi özünüdərkinin səviyyəsi məhz onun ən çətin anlarda, tarixi sınaq günlərində baş verən hadisələrə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 32 il əvvəl Azərbaycanın üzləşdiyi belə bir seçim məqamında xalqımızın mübarizlik əzminin kükrəyişi, əsarətə boyun əyməyən iradəsi tariximizə şanlı bir səhifə kimi yazıldı – milli azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq hərəkatının 20 Yanvar səhifəsi. 20 Yanvar nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan ən faciəvi hadisələrdən biridir. Azərbaycan xalqının milli azadlıq və müstəqillik əzmini qırmaq üçün sovet rejimi tərəfindən törədilən bu qanlı hadisə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi dünya tarixində yerini aldı. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi cinayətkar sovet rejiminin əsl mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Bu hadisə, əslində, Azərbaycanda milli kimliyin formalaşmasına təsir etdi, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi.
Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə Ümummilli Lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, cəsarətli bəyanat verdi. Bu, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1994-cü il mart ayının 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ümummilli Lider bütün təhdidlərə baxmayaraq, Vətənin mənafeyini hər şeydən üstün tutaraq bu qanlı hadisəni törədən şəxsləri elə Moskvanın mərkəzində kəskin şəkildə tənqid etdi. Bununla da SSRİ rəhbərliyinin hər vəchlə gizlətməyə çalışdığı hadisə ictimailəşərək dünyanın gündəm maddəsinə çevrildi.
Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında arxivləşən mühüm tarixi sənədlərdir.
Artıq 20 Yanvar faciəsindən 32 il ötür. Ötən müddət ərzində torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda apardığımız milli mücadilədə çoxlu sayda şəhid verdik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, heç bir şəhidimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu yağı düşməni torpaqlarımızdan qovdu. Düşmənlərimizdən fərqli olaraq biz öz qisasımızı döyüş meydanında aldıq. 20 Yanvarda əsası qoyulan milli davamızı şanlı Zəfərlə yekunlaşdırdıq.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova
Doğma Vətənə qayıdış
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, min cür maneələrdən, çətinliklərdən keçərək, Yer kürəsinin altıdan bir hissəsini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə, həm də, Qurtuluş Mübarizəsinin Qalibi kimi daxil olmuşdur.
1993-cü ilin iyun günlərində Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni – həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Bununla, Heydər Əliyevin Vətən naminə mücadiləsində altıncı dövr başlandı.
1993-cü ilin iyununda başlanmış və hazırda davam etməkdə olan bu dövr – mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və Yeni, Müstəqil Azərbaycanın qurulması dövrüdür.
Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini – siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə, həm də, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı. Bu şanlı tarixi missiyanı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi.
Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı uçuruma yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı!
Azərbaycan xalqının bütün ictimai-siyasi, sosial-iqtisadi, maddi-mənəvi həyatı Heydər Əliyevin adı ilə bağlıdır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

Zərdab rayon sakini ”Qanunla.Az” informasiya Agentliyinin baş redaktor müavini Vüqar Rəhimov