“Xaç atası”ındakı kimi: Məmmədova dərs vermək üçün sürücüsünü gözünün qabağında güllələdi …

0
604

Moskvada “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi, Gürcüstan əsilli azərbaycanlı milyoner Qeys Məmmədovun sürücüsünün öldürülməsinin yeni sensasion təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, yeni üzə çıxan detallara görə bu hadisə “Xaç atası” filminin süjetini xatırladır: Məmmədovun rəqibi, Moskvadakı osetin icmasının lideri Valeri Kabolov sürücünü onun gözləri qarşısında güllələyib. Bununla da rəqibinə onunla söz güləşdirməyin necə baha başa gələcəyini göstərmək istəyib.

Qeys Məmmədovun sürücüsünün cəsədi iyulun ortalarında Moskva çayından tapılıb. Əvvəlcə belə versiya irəli sürülüb ki, sürücünü hansısa killer qətlə yetirib. Lakin daha sonra qətlin Kabolovun oğlu , MQİMO-nun tələbəsi Vladimir tərəfindən güllələndiyi barədə versiya irəli sürülüb. Nəhayət istintaq dəqiqləşdirib ki, Anzor adlı sürücünü (Gürcüstan əsilli çeçen) Kabolov özü şəxsən güllələyib, daha sonra oğulları Vladimir və İnala əmr edib ki, cəsədi çaya atsınlar.

Sürücünün öldürülməsi Moskvada osetin və azərbaycanlı qruplaşmaları arasında neçə vaxtdır davam edən münaqişənin nəticəsidir. Kobalov və Məmmədov uzun müddətdir ki, mübahisəli restoran biznesinin bölüşdürülməsi uğrunda çəkişirdilər. Onların arasında sonuncu “razborka” isə Moskvanın mərkəzində yerləşən hansısa binanın kimə məxsus olması barədə idi. Binaya hər iki mafioz iddia edirdi.

Əvvəlcə belə versiya var idi ki, qətl baş verən gün Məmmədovun sürücüsünü Moskvanın Kutuzovsk prospektindəki mənzilə “razborka”ya Kabolovun oğulları İnal və Vladimir çağırmışdılar. Belə ki, Anzor Qeys Məmmədovun təkcə sürücüsü deyil, həm də “sağ əli” olub. Rusiyanın bir çox şəhərlərinə yayılmış restoran biznesinin idarə edilməsində aparıcı rol oynayıb.

Lakin jurnalistlər və Kabolovun yaxınları bu rəsmi versiyada məntiqi uyğunsuzluq aşkar ediblər. Bir halda ki, maliyyə münaqişəsi Kabolovla Məmmədov arasında idi, o zaman niyə onun özünü yox, sürücüsünü öldürdü? Yaxud Kabolov niyə cəsədi atmağı oğlanlarına həvalə edirdi və nəticədə özü ilə yanaşı onların da həbsinə səbəb olurdu?

Kabolovun yaxınları buradan çıxış edərək irəli sürülmüş ittihamı rəqiblərinin sifarişi hesab edir. Xüsusən də 2009-cu ildə Məmmədovun adamları Kabolova məxsus həmin binanı reyder üsulu ilə ələ keçirməyə cəhd etmişdi. O vaxt bu hadisə haqda bütün KİV-lər yazıb.

Lakin indi məlum olur ki, qətl baş verən mənzildəki “razborka”ya Anzorla yanaşı onun şefi də gedibmiş. Bu səs-küylü qətl hadisəsi üzrə istintaqda yeganə şahid Məmmədov özüdür. Belə ki, Kabolov rəqibi Qeys Məmmədovun gözləri qarşısında sürücünü şəxsən güllələyib, bununla da nümayiş etdirmək istəyib ki, əgər biznesmen Moskvanın mərkəzindəki həmin binanı ona qaytarmasa nə baş verəcək.

Hüquq-mühafizə orqanlarındakı mənbə hadisəni belə nəql edir: “İnal və Vladimir Kabolovlar sürücü Anzoru və onun şefi Qeys Məmmədovu Kutuzovsk prospektindki mənzilə gətiriblər. Evdə onları Valeri Kabolov özü gözləyirdi. Kabolov əvvəlcədən cəsədi qoymaq üçün yataq kisəsi, kəndir və qantel tədarükü görmüşdü, Məmmədovu sarsıtmaq üçün sürücünü onun gözləri qarşısında öldürməyi əvvəlcədən planlaşdırmışdı. Doğrudan da söhbət əsnasında Valeri Kabolov tapançanı çıxarıb və sürücünün boynunun ardından atəş açaraq onu öldürüb”.

Mənbənin dediyinə görə Kabolov sürücünü o dünyalıq edəndən sonra “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibini də ona məxsus olan mülkiyyəti geri qaytarmayacağı halda eyni aqibəti yaşayacağı haqda xəbərdar edib.

Bəs Məmmədov niyə hadisə barədə polisə həmin gün deyil, ertəsi gün-cəsəd ayaqlarına qantel bağlanmış halda Lujniki sahillərində çaydan tapılandan sonra şikayət edib? Bu məsələ müəmmalı qalır. Eləcə də Kabolovun qətlə iki oğlunu da qarışdırması, hadisənin yeganə şahidini-Məmmədovu sağ buraxması anlaşılmazdır.Ola bilsin bu ittihamlar doğrudan da quramadır. Axı deyilənlərə görə Məmmədovun hüquq-mühafizə orqanlarında güclü dayaqları var. 2009-cu ildə Məmmədovun adamları sözügedən mübahisəli binanı reyder üsulu ilə ələ keçirəndə Kabolov mətbuata belə demişdi: “Bu cür həyasız və saymazyana hərəkəti ancaq geniş imkanlara malik olan, o cümlədən hüquq-mühafizə orqanlarında güclü əlaqələrə malik biri edə bilərdi…”

BIR CAVAB BURAXIN