VTB 24 rəhbəri: ‘Azərbaycan yeganə ölkədir ki…’

0
627

11

Milli valyutanın devalvasiyasından ən çox zərər görən Ukraynanın, bir də Azərbaycanın bank sistemidir. Bunu Rusiya maliyyə bazarının liderlərindən olan «VTB Group»un üzvü, «VTB 24»ün prezidenti Mikhail Zadornov «The Financial»qəzetinə müsahibəsində deyib.

M.Zadornov son illərin bütün MDB ölkələri üçün çətin keçdiyini, böhranın bütün iqtisadiyyata, eləcə də bank sektoruna ciddi ziyan vurduğunu, amma böhrandan hamıdan çox Azərbaycanla Ukraynanın əziyyət çəkdiyini vurğulayıb: «Devalvasiya bütün keçmiş Sovet regionuna təsir edib. Ən az devalvasiya Ermənistanda müşahidə olunub, 20%-dən az. Bəzi ölkələrdə olduğu kimi, Gürcüstanda da devalvasiyanın səviyyəsi 30%-ə yaxındır. Rusiyada 45% idi… İndi – rublun dəyərinin intensiv artımından sonra 15%-ə düşür. Milli valyutası dəyərdən ən çox düşən ölkələr Ukrayna və Azərbaycandır. Bu ölkələrdə devalvasiyanın səviyyəsi 20%-dən 50%-ə qədərdir».

DAVAMSIZ İQTİSADİYYAT

M.Zadornov Ukraynada devalvasiyanın təkcə iqtisadi böhranla deyil, həm də münaqişələrlə bağlı olduğunu söyləyib, Azərbaycanın isə ən davamsız iqtisadiyyatı ucbatından zərər gördüyünü bildirib: «Azərbaycan, təəssüf ki, yalnız bir sahəyə – neft sənayesinə bağlı, ən az davamlı iqtisadiyyata malikdir. Azərbaycan manatı, əslində, 3 dəfə devalvasiyaya uğrayıb və Azərbaycanın bütün təsərrüfat sahələrində devalvasiya gözləntisi yaradıb. Və bu proses, əfsus ki, hələ davam etməkdədir».

M.Zadornov devalvasiyanın ölçüsüylə ölkədəki durum arasında böyük bağlılıq olmadığını vurğulayıb. Onun sözlərinə görə, duruma təsir edən hər şeydən öncə iqtisadiyyatın davamlılığı, hakimiyyətin, dövlətin, maliyyə nazirləri və milli bankların siyasətidir. Məhz bu siyasət böhran dövrünün müxtəlif ölkələrdə fərqli sonuclar yaradıb. Məsələn, Ermənistan və Gürcüstanda devalvasiya göstəriciləri çox fərqli olsa da, M.Zadornov hər iki ölkədə xırda satış və kiçik biznes portfelinin durumunun yaxşı olduğunu, artımın hələ də müşahidə edildiyini deyir.

YEGANƏ ÖLKƏ

Artımın müşahidə olunmadığı təkcə ölkə Azərbaycandır: «Azərbaycan bizim qrupda yeganə ölkədir ki, orada real artım görünmür. Burda bank və digər ölkələrin maliyyə orqanları ilə əməkdaşlığa, portfellərin sağlamlığının təmin olunmasına ehtiyac var».

Bankın öz strategiyasına gəlincə, M.Zadornov 2015-cı ilin MDB ərazisindəki bütün banklardan ötrü çətin olduğunu, amma «VTB Group»un həm Rusiya, Gürcüstan, Ermənistan, həm də Azərbaycanla bağlı yeni strategiyanı gözdən keçirdiyini bildirib. Onun sözlərinə görə, əslində, banklar biznesə və hökumətə yardım edə, iqtisadi artıma təsir göstərə bilərlər. Əsas əngəl real artımın olmamasıdır.

«1%, yaxud 2%-lik deyil, real iqtisadi artım olduğu halda bank sistemi və bank məhsullarına ehtiyac yaranır», – «VTB 24»ün prezidenti M.Zadornov belə deyib.

Azadliq.org

BIR CAVAB BURAXIN