Venesuelanın müxalifət liderlərindən olan Antonio Ledesma Kolumbiyaya qaçıb.
RİA “Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Kolumbiyanın keçmiş prezidenti Andres Pastrana “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, Karakas şəhərinin keçmiş meri noyabrın 17-də sərhədi keçib və hazırda Kolumbiya ərazisindədir: “Antonio Ledesma, azadlığa xoş gəlmisən! Bu, onun atacağı ən gözəl addımdır. Sən bizə narkodiktaturanın məhbusu kimi deyil, azadlığın, insan haqlarının və demokratiyanın qorunması üçün lazımsan”.
Qeyd edək ki, A.Ledesma 2015-ci ildə Karakas meriyasının binasında həbs edilmişdi. Hakimiyyət onu prezidentə qarşı dövlət çevrilişinə cəhddə günahlandırırdı. O, yaxın vaxtlaradək ev dustaqlığında saxlanılırdı.