Varşavada Yaqub Mahmudovun polyakcaya tərcümə edilmiş kitablarının təqdimatı olub

0
637

Polşanın Varşava Universitetində AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun polyak dilinə tərcümə edilmiş “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi” kitablarının təqdimatı keçirilib.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, nəşrlərin təşəbbüskarı Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, elmi redaktorları isə tarixçi alimlər Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” kitabının polyakca nəşrinin redaktoru Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımovadır.

Təqdimat zamanı səfir Həsən Həsənov nəşrlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir polyak gənclərinə müraciət edərək bildirib ki, bu kitablar Azərbaycan həqiqətlərini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. O, çıxışında Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Polşa əlaqələrindən ətraflı danışıb.

Kitablar Xarici İşlər Nazirliyinin (XİN) nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə çap olunub.

Yaqub Mahmudov kitabların nəşrinə görə Azərbaycanın Polşadakı səfirliyinə və AİDA-ya təşəkkür edib. O, Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyətindən danışaraq bildirib ki, Varşavanın mərkəzi parklarından birində Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın xatirəsinə abidə ucaldılıb: “Polşada Uzun Həsən və IV Kazimirə, İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşova, Adam Mitskeviç və Mirzə Cəfər Topçubaşova həsr edilmiş xatirə lövhələri quraşdırılıb. Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir”.

Akademik bildirib ki, böyük imperiyalar XX əsrdə Azərbaycan və Polşa xalqlarını məhv etmək siyasəti yeridiblər.

Yeni nəşrlər polyak gəncləri arasında böyük marağa səbəb olub