Ermənistanda təqib olunduğu üçün təxminən iki il əvvəl Azərbaycana sığınan və haqqin.az saytı üzərindən Serj Sərkisyanın cinayətkar rejimini ifşa edən, Bakıda Xocalı abidəsi qarşısında baş əyib bu insanlıq cinayətinə görə ermənilər adından üzr istəyən Vahan Martirosyan dünən “peşimançılıq bəyanatı” yayıb.
Və belə məlum olur ki, Martirosyan iki ilə yaxın Azərbaycanın çörəyini yeyib suyunu içəndən sonra birdən səhv etdiyini başa düşüb və “erməni olduğunu” dərk edib. Əlbətdə, Martirosyan əsl erməni kimi də hərəkət edib və iki ilə yaxın çörəyini yediyi Azərbaycana arxa çevirib, “Azərbaycanın işğalçılıq siyasəti” haqda boşboğazlıq edərək bu dəfə Ermənistan hakimiyyətindən aman diləyib.
Vahan Martirosyanın bu hərəkəti gözlənilməz idimi? Əlbətdə, yox! Bəs Martirosyanın əsl erməni sifətinin nə zamansa üzə çıxacağını gözləyirdisə Azərbaycan hakimiyyəti ona niyə sığınacaq verirdi və daha sonra üçüncü ölkəyə-Ukraynaya yerləşməsinə şərait yaradırdı? Haqqin.az saytı bu erməni ilə niyə əməkdaşlıq edirdi və ona Ermənistan rejimini ifşa etmək üçün məmuniyyətlə tribuna verirdi? Martirosyanın “Sülh platforması” adlı vətəndaş cəmiyyəti təşəbbüsünə cəlb edilməsi yanlış idimi?
Bu kimi suallara cavab vermək üçün əvvəlcə Martirosyanın kimliyinə qısaca nəzər salmaq lazım gəlir. Bu erməninin adı Ermənistanın ictimai-siyasi səhnəsində elektrik enerjisi tariflərinin artırılmasına etiraz olaraq İrəvanı bürümüş etiraz aksiyaları zamanı ortaya çıxmışdı. Martirosyan da hansısa qeyri-hökumət təşkilatının rəhbəri kimi bu aksiyaların təşkilatçıları arasında yer alırdı. Daha sonra Martirosyan Ermənistan hakimiyyətinin ona qarşı amansız təqibləri barədə şikayətlənməyə başladı. Və bu inandırıcı idi. Axı Ermənistanda Sərkisyanın rejiminə qarşı etiraz edənlərin döyülməsi, xüsusi xidmət orqanlarının təqiblərinə məruz qalması, həbs edilməsi və digər üsullarla təzyiqlər göstərilməsi adi praktikadır.
Lakin Ermənistan mənbələrində o da göstərilirdi ki, Vahan Martirosyan Sərkisyanın rejiminə qarşı çıxsa da özü də mənəviyyatca kifayət qədər alçağın biridir. Onunla qohumları arasında münaqişə, düşmənçilik var və əslində Martirosyan ailəsi daxilində baş verənləri uğurla siyasiləşdirərək hakimiyyətin təqibləri ilə üzləşdiyi barədə rəy formalaşdırmağa çalışıb. Erməni mənbələrində onu da göstərirdilər ki, Martirosyan hətta öz oğlunu zorlamaq cəhdinə əl atacaq qədər alçağın biridir.
Əlbətdə, Azərbaycan xüsusi xidmət orqanları Martirosyan kimi mənəviyyatca alçaq birinin-Ermənistanda hansısa siyasi-ictimai nüfuzu olmayan adi erməninin ələ alınması kimi qeyri-ciddi işlə məşğul ola bilməzdi. Axı beləsini ələ almağın nə faydası olacaq?
Məlum olduğu kimi Martirosyan özü Azərbaycandan kömək istəmişdi və Ermənistandakı təqiblərdən cana doyaraq Bakıya sığınmaq istədiyini bildirmişdi. Belə vəziyyətdə Azərbaycan hakimiyyəti necə hərəkət etməliydi? Ermənistanla hibrid müharibənin şiddətlə davam etdiyi bir vaxtda Sərkisyanın rejiminin əməllərini ifşa edən, Xocalı qətliamına görə üzr istəməyə hazır olan erməninin (şəxsiyyətcə nə qədər alçaq olsa belə) müraciətini geri çevirməliydi?
Əlbətdə, yox. Axı hansı ölkə öz düşməninə qarşı informasiya müharibəsində bu cür fürsəti əldən buraxar? Bəyəm bu ilin əvvəllərində özünü “talış xalqının hüquqları uğrunda mübariz” kimi təqdim edən və bu səbəblərdən təqiblərlə üzləşdiyini deyən hansısa Şahin Mirzəyev Ermənistana sığınanda Sərkisyan hakimiyyəti onun əslində heç bir ciddi ictimai-siyasi fəaliyyətlə məşğul olmadığını nəzərə alıb geri qaytarmışdı? Əksinə, ona həftələrlə geniş tribuna verərək Azərbaycana qarşı təbliğatda istifadə etmişdi.
Azərbaycan hakimiyyəti də düşmənlə informasiya-təbliğat müharibəsinin şərtlərinin diqtə etdiyi kimi Martirosyana sığınacaq verdi və ona Sərkisyan rejiminin əməllərini ifşa etmək üçün şərait yaratdı. Haqqin.az saytı isə Martirosyanın Sərkisyan rejiminin əməlləri, erməni ordusunda baş verənlər barədə məqalələrinə yer verərək Ermənistan hakimiyyətinin, xüsusi xidmət orqanlarının az qala bir nömrəli hədəfinə çevrildi. Çünki Azərbaycanda “talış xalqının sıxışdırıldığı” barədə Ermənistan hakimiyyətinin sifarişi ilə uydurma bəyanatlar verən Mirzəyevdən fərqli olaraq Martirosyan öz ölkəsi haqda real faktları çatdırırdı.
Nəticədə onun fəaliyyəti Ermənistanda ciddi narahatlıq və qıcıq yaradırdı. Şübhəsiz ki, həm haqqin.az və virtualaz.org saytlarının redaksiyasında, həm Martirosyanla işləyən digər instansiyalarda onun erməni olduğunu heç kim yaddan çıxarmamışdı. Axı o hansı ermənidir ki, xislətində xəyanət, məkr olmasın və çörəyini yediyi ölkəyə, xalqa əlinə düşən ilk fürsətdə düşmən kəsilməsin, onun torpağına göz dikməsin? Belə erməni yəqin ki, yoxdur və olmayacaq!
Və budur, Martirosyan əsl erməni olduğunu “dərk edib” və bu dəfə Ermənistana-xəyanət etdiyi ölkəsinə sığınmağı qərara alıb. Vahanın bu hərəkətinin Ermənistan xüsusi xidmət orqanlarının diktəsi altında baş verdiyinə heç bir şübhə yoxdur. Çünki yuxarıda deyildiyi kimi, onun Azərbaycanla əlaqəli fəaliyyəti Ermənistanda ciddi qıcıq, narahatlıq doğururdu. Nəticədə Vahanı ələ alıb bu dəfə Azərbaycana qarşı “işlətməyə” qərar veriblər. Martirosyanın xaraktercə necə alçaq biri olması barədə Ermənistan mənbələrində yazılanlara istinad etsək , onun “daha sərfəli şərtlərlə” bu dəfə erməni xüsusi xidmət orqanlarına işləməyi qəbul etməsi təəcüblü deyil. Məsələ kifayət qədər sadədir və Martirosyanın bu hərəkətindən təəcüblənməyə dəyməz.
Ancaq Ermənistan xüsusi xidmət orqanları bir məsələni nəzərə almayıblar ki, Martirosyan istifadəyə neçə dəfə yararlı idisə artıq o qədər dəfə istifadə olunub. Azərbaycan üçün onun istifadə olunmaq potensialı artıq bitmişdi və Martirosyan yararsız rezin predmetə çevrilmişdi. İndi öz ölkəsində çoxdan gözdən düşən birini Azərbaycana qarşı istifadə etməklə nə əldə etmək olar ki? Əlbətdə, heç nə!
Ən uzağı Vahanı belə danışdıracaqlar ki, bu yazıq erməni ölkəsindən inciyib Azərbaycana sığınmaqla necə ciddi səhvə yol veribmiş və əslində Azərbaycanın necə “zülmkar olduğunu” görüb geri dönməyi qərara alıbmış. Ancaq buna kim inanacaq? Axı Vahanın Bakıda necə yaşadığı və Ukraynaya necə yerləşdiyi, Ermənistanda heç vaxt görmədiyi günləri Azərbaycanda görüb xeyli ətə-qana gəldiyini görənlər var, foto-video kadrlar da üstəlik…
Azərbaycana isə Ermənistan rejiminə qarşı hibrid müharibədə istifadə etmək üçün yeni vahanlar lazımdır və əgər gələcəkdə başqa bir “vahan” ortaya çıxıb öz xidmətini təklif eləsə ondan da istifadə etmək lazımdır. Düşmənə qarşı informasiya-təbliğat müharibəsində emosiyalar heç də həmişə işə yaramır, bu müharibənin şərtləri ağırdır və şərtlər nəyi diqtə edirsə o cür də hərəkət etmək lazımdır!
Fərhad Məmmədov
Virtualaz.org