Vətən müharibəsində qazanılan qələbə ədalətin təntənəsidir.
Ermənistanın 2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı və 30 ildən arıq müddət ərzində düşmən tapdağı altında qalan doğma torpaqlarımız işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində igidlik göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək dəmir yumruq kimi birləşib tarixi Zəfəri təmin etdilər. Vətən müharibəsində qazanılan qələbə ədalətin təntənəsidir. 44 günlük müharibədə Azərbaycan Ermənistana elə bir dərs verdi ki, onlar bu dərsi heç vaxt yaddan çıxara bilməyəcəklər. Azərbaycanın şanlı tarixinə çevrilən Vətən müharibəsi xalqımızın ürəyində əbədi yaşayacaq.
Silahlı Qüvvələrimizin tarixi ədaləti bərpa etdiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, üçrəngli bayrağımızın tarixi torpaqlarımızda əbədi ucalır. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqləyib. Xalqımız artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında alıb, müharibə dövründə və müharibədən sonrakı iki il ərzində bütün bəşəriyyətə böyük xalq olduğunu göstərib. Dünya işğaldan azad edilmiş Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vandallıqları, yerlə-yeksan edilmiş şəhər və kəndlərin xarabalıqlarına gördükcə dəhşətə gəlir, onların barbarlığına məəttəl qalır.
44 günlük Vətən müharibəsindən sonra doğma Qarabağda bərpa-quruculuq və yenidənqurma işləri sürətlə davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində qazandığı Zəfər uzun illər Vətən, yurd həsrəti çəkən məcburi köçkünlərimizin işğaldan azad edilmiş ərazilərdəki ata-baba yurduna qayıtmalarına imkan yaradıb.
Bu gün güclü və yenilməz olan Azərbaycan Silahlı Qüvvələri ilə qürur duyuruq. Son illər ordu quruculuğu sahəsində həyata keçirilən davamlı tədbirlər, aparılan geniş islahatlar ölkənin müdafiə qüdrətini dəfələrlə artırıb, imkanlarını genişləndirib.
Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə zəruri idman infrastrukturun yaradılması da diqqət mərkəzindədir. Prezident İlham Əliyevin birbaşa diqqəti nəticəsində bu ərazilərdə idmanın maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına imkan yaradacaq infrastrukturun qurulması bu sahənin inkişafına parlaq töhfələr verəcək.
Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil etdikləri üçün xoşbəxtdirlər. Azərbaycan xalqı qəti əmindir ki, müxtəlif idman növləri üzrə Azərbaycanı layiqincə təmsil edəcək idmançılar nəsli artıq azad olunmuş ərazilərdə də yetişəcək və bu nəsil Azərbaycanın idman ölkəsi kimi bütün dünyada layiqli yerini daha da möhkəmləndirəcək.
Nailə Əliyeva- Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri