Vəli Axundovun uydurma cavabına Nikita Xruşovun baməzə reaksiyası…

0
888

1960-cı ilin aprel ayında sovet Azərbaycanının 40 illiyi münasibətilə Nikita Xruşovun Azərbaycana səfəri maraqlı hadisələrlə yadda qalıb. SSRİ rəhbərinin Bakıya səfəri zamanı respublika üçün əhəmiyyətli olan bir sıra məsələlər də öz həllini tapıb.

 

 

 

Xruşov Bakıya qatarla gəlib. Qarşılanma mərasimindən sonra vağzal ətrafındakı kiçik həyət evlərinə nəzər yetirən ali qonaq Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovdan soruşub:

– Paytaxt girişindəki bu kiçik və yöndəmsiz daxmalar nədir?

Vəli Axundov özünü itirmədən cavab verib:

– Bu daxmalarda sakinlər əsasən ev heyvanları saxlayırlar.

– Sizin heyvanlarınız deyəsən çox savadlı və hədsiz dərəcədə televiziya həvəskarıdırlar. Daxmaların hamısının üstündə antenalar var.
Nikita Xruşovun respublika stadionunda alovlu çıxışı alqışlarla qarşılanıb. Stadionda SSRİ rəhbərinə Azərbaycanın milli baş geyimi, papaq hədiyyə olunub. Xruşov dərhal şlyapasını çıxardaraq papağı başına qoyub, şlyapasıyla isə görüşə toplaşanları salamlayıb.
Həmin görüşdə sıravi bir milis əməkdaşının hərəkəti də Xruşovun diqqətindən yayınmayıb. Toplaşanlar arasından bir qadın Xruşova məktub vermək istəyəndə milis əməkdaşı kobud şəkildə onun qarşısını almaq istəyib. Bunu görən Xruşov çox kəskin və sərt şəkildə milis əməkdaşına iradını bildirib və məktubu qadından alıb.
Xruşovun Azərbaycana səfəri ilə Bakı metropoliteninin tikintisinin yeni mərhələsi başlanıb. Məlum olduğu kimi, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınıb. Qərarın icrası uzun illər yalnız sənəd üzərində qalıb. Təbii ki, Böyük Vətən Müharibəsi illərində də bu haqda düşünülməyib. Nəhayət, 1951-ci ildə çox kiçik templə metronun tikintisinə başlanılıb. Ancaq qısa bir müddətdən sonra, 1953-cü ildə vəsaitin çatışmazlığı ucbatından tikinti işləri dayandırılıb. Məhz Xruşovun Bakı səfəri zamanı bu məsələ öz həllini tapıb, tikinti işləri davam etdirilməyə başlayıb.
Xruşovun Azərbaycana səfəri zamanı dənizdə neftçıxarma sahəsində olan bir çox problemlər də həllini tapıb. Sovet rəhbəri Neft Daşlarında olarkən bu şəhəri möcüzə adlandırıb. Məhz onun göstərişi ilə Neft Daşlarında yeni binalar inşa edilməyə başlanıb, burda işləyənlərin ərzaq və məişət əşyaları ilə yüksək təminatı öz müsbət həllini tapıb, yeni texnikalar və texniki avadanlıqlara təchizat məsələləri kimi problemlər həll olunub.
Həmin dövrdə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsini ermənilər növbəti dəfə gündəmə çıxarıblar. Dağlıq Qarabağda yaşayan ermənilərin çoxsaylı təklif məktublarının Kremlə göndərilməsi xüsusi şəkildə təşkil olunub. Ermənilər ümid ediblər ki, Xruşov hakimiyyəti dövründə öz məkrli planlarını həyata keçirə biləcəklər. Hətta onlar elə düşünüblər ki, sovet Ermənistanının 40 illiyi münasibətilə Xruşov İrəvana təşrif buyuranda Dağlıq Qarabağı onlara hədiyyə edəcək. Bu düşüncədə olan erməni millətçiləri ilk növbədə Mikoyanın Kremldəki mövqelərinə arxayın olublar. Xüsusilə də Mikoyanla Xruşovun arasında olan xoş münasibətlər onlara bu qənaətdə olmağa əsas verib. Mikoyan Dağlıq Qarabağla bağlı bir neçə dəfə öz təklifini Xruşova versə də, bu təkliflər öz müsbət həllini tapmayıb.

Nəhayət, 1964-cü ilin yanvar ayında Nikita Xruşov Mikoyanın layiqli cavabını verib: “Mən bu gün hazıram ki, Dağlıq Qarabağda yaşayan erməniləri Ermənistana bir sutka ərzində köçürmək üçün ora on iki min hərbi yük maşını göndərim”.
Bununla da Xruşov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsinə birdəfəlik münasibətini bildirib.
Xruşovun Bakı səfəri zamanı onu respublika rəhbərliyi ilə yanaşı, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri də müşayiət edib. Müşaiyət edənlər arasında ən maraqlı fiqur isə Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnıy olub. O, 1959-1961-ci illərdə bu vəzifədə çalışıb. Bu həmin siyasətçidir ki, Nikita Xruşov onu 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirmişdi. Və bu həmin DTK sədridir ki, 1964-cü ildə Xruşovun hakimiyyətdən devrilməsində əsas icraçılardan biri olub. Çox yəqin ki, Xruşov bunları əvvəlcədən bilsəydi Vladimir Semiçastnıy ilə bağlı lazımi qərarları elə Bakıda verərdi.Modern.az
İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN