Uzunmüddətli kontraktlar imzalanmalıdır

0
1704

Uzunmüddətli kontraktlar imzalanmalıdır

Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Azərbaycanda bərpaolunan enerjinin istehsalı üçün böyük potensialın olması bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Həyata keçirilən bütün tədbirlər Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilən bərpaolunan enerji ilə əlaqədar işlərin uğurla irəlilədiyini göstərir. İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbatın bərpa olunan enerji mənbələri hesabına tam ödənilməsi və yaşıl texnologiyalardan geniş istifadə olunacaq “Yaşıl enerji zonası”nın yaradılması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycanda növbəti illərdə əhəmiyyətli həcmdə yaşıl elektrik enerjisinin ixracına imkan yaradacaq layihələrin həyata keçirilməsi üzrə işlərə artıq başlanılıb.Respublikamızın bərpaolunan enerji potensialı kifayət qədər böyükdür. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova