Mütəxəssislər 2020-ci ilə planlaşdırılan sistemin mənfi və müsbət cəhətlərindən danışırlar
2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatda deyilir. Belə ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən (69 faiz) icra edib. Qeyd olunur ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır.
Bəs görəsən üzən məzənnə siyasətinə keçid etmək ehtimalı nə dərəcədə realdır? Manataı hansı risklər gözləyir?
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov deyir ki, Azərbaycan milli valyutasının bundan sonrakı taleyi ölkə iqtisadiyyatının real sektora nə qədər sürətlə keçirilməsindən bilavasitə asılı olacaq. Manatın bu günkü sabit durumu ilk növbədə neftin qiymətlərinin kəskin artımı hesabına valyuta gəlirlərimizin kifayət qədər çoxalması nəticəsində təmin olunur. Ölkənin qeyri-neft sektorunda aparılan işlərin sürəti indikindən bir neçə dəfə artıq olmalıdır ki, milli valyutamızın taleyi neftin qiymətlərində baş verə biləcək hər hansı bir dəyişiklikdən asılı vəziyyətdə qalmasın. Əgər biz 2020-ci ilə qədər qeyri-neft sektorundan ixrac hesabına bugünkü idxalımızın ən azı yarısı qədər valyuta gətirə bilməsək, manatın tam üzən məzənnəyə keçirilməsi çox riskli bir addım olardı. İndiki durumda isə manatın taleyi daha çox dünya bazarlarında neftin qiymətlərinin səviyyəsindən asılıdır”.
İqtisadçı-ekspert Ramin Rəhimov söylədi ki, müddətin 2020-ci ilə təyin olunması Mərkəzi Bankın strateji hədəflərinə uyğun olaraq planlaşdırılıb: “Belə ki, atılan bu addımla hər hansı kəskin valyuta dəyişməsinin fundamental əsası aradan qalxmış olur. Eyni zamanda, əvvəlcədən məlumat verməklə ölkə iqtisadiyyatı, sahibkarlar, əhalinin buna tam hazır olmalarını təmin etmək niyyəti güdülür. Üzən məzənnə siyasətinin mahiyyəti milli valyutanın kursunun Mərkəzi Bankın müdaxiləsi ilə deyil, gün ərzində tələb-təklif əsasında müəyyənləşdirilməsindən ibarətdir. Bu da günlərdən və iqtisadi proseslərdən asılı olaraq məzənnənin gündəlik, həftəlik olaraq kəskin dəyişmələrinə gətirib çıxara bilir. İndiki halda bu siyasətin tətbiq edilməsinin effektiv olacağını düşünmürəm. Bu mənada Mərkəzi Bank da bir qədər ehtiyatlı davranmağa çalışır. Əslində keçən ilin sentyabr ayında liberal üzən məzənnə siyasətinə keçid edilməli idi. Amma müəyyən səbəblərdən bu, bir qədər ləngidi. Üzən məzənnə siyasətinə keçid etdikdən sonra sahibkarlar iqtisadi proseslərdən asılı olaraq öz planlarını qura biləcəklər. Digər tərəfdən, milli valyutanın kursu əsasən neft gəlirlərindən asılı olaraq dəyişəcək. Gəlirimizin böyük hissəsi neft sektorundan olduğuna görə neftin qiymətindəki enmələr dolların məzənnəsinin kəskin artımına səbəb ola bilər. Bu mənada Mərkəzi Bankın müdaxilə etməyəcəyi təqdirdə manatın dollara nisbətən kursunun kifayət qədər ciddi səviyyədə dəyişilməsi müşahidə ediləcək. Bu isə əhalinin ümumi gəlirlərinə ciddi təsir göstərə bilər. Mərkəzi Bank tam üzən məzənnə siyasətinə keçid etməklə öz ehtiyatlarını sığortalamağa çalışır. Əgər belə bir hadisə baş verərsə, Mərkəzi Bank xarici bazarlardan baha valyuta alaraq daxili bazarda daha ucuz satışını həyata keçirmək məcburiyyətində qalmayacaq. İqtisadi subyektlər bazara öz qərarları ilə müdaxilə edə biləcəklər. Hazırda dolların kursunun uzun müddətdir stabil qalması müşahidə edilir. Bu da Mərkəzi Bankın inzibati müdaxiləsinin nəticəsidir. İndiki halda üzən məzənnə siyasətinə keçid üçün hər hansı bir fundamental əsas yoxdur. Amma bu heç də gələcəkdə bunun baş verməyəcəyi anlamına gəlmir. Eyni zamanda, Federal Ehtiyatlar Departamentinin qərarı da burada mühüm rol oynayır. Uçot dərəcəsinin artırılması bazarda dolların qiymətinin qalxmasına səbəb olur. Mərkəzi Bank bunu indidən elan etməklə gələcəkdə baş verəcək məzənnə dəyişməsi ilə bağlı məsuliyyəti öz üzərindən atmağa çalışır”.