Mənzili “aparmaq” üçün çox sadə üsuldan istifadə ediblər. Öz evləri imiş kimi, açarla qapını açaraq içəri daxil olublar. Yataq otağındakı seyfi tez-tələsik götürərək, ərazini bir göz qırpımındaca tərk ediblər. Törətdikləri cinayətin üstünün qısa müddətdə açılacağını gözləməyiblər. Çünki dəhlizdəki domofonun yaddaşına “həkk olunma”ları ağıllarına belə gəlməyib…
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elnur və Elvin Əliyev qardaşları, Vaqif Ağayev, Tural Əzizov və Asəf Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib.
Oğurlanan seyf Hövsan bağlarına aparılıb
İttihama görə, Elnur Əliyev özgənin əmlakını gizli talamaq məqsədilə adları çəkilən şəxslərlə cinayət ələqəsinə girərək, ötən ilin iyul ayının 26-da Nərimanov rayonu, A.Gəraybəyli küçəsi, 11/15 saylı evdə yaşayan 48 yaşlı Şəhla Əhmədovanın mənzilinə açarseçmə yolu ilə daxil olub. Aralarındakı razılaşmaya əsasən, Asəf Əliyev evin arxa hissəsində avtomobildə qalaraq, ev sahibinin qayıdacağı təqdirdə məlumat verməsi üçün dayanıb, Tural Əzizovla Vaqif Ağayev isə Elnurun onlara verdiyi açarla mənzilin qapısını açaraq içəri keçiblər. Yataq otağındakı dolabdan içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfi götürərək mənzili tərk ediblər. Ev sahibinə ümumilikdə 110 min manat ziyan vuran dəstə üzvləri seyfi Hovsandakı bağ evlərindən birinə apararaq orada laqunda ilə kəsiblər, içərisindəki pulları öz aralarında bölüşdürüblər.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vasif Ağayev, Asif Əliyev və məhkum olunmuş Tural Əzizov həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Mütəşəkkil dəstənin üzvü Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Əliyev və qardaşı 1991-ci il təvəllüdlü Elvin Əliyev barəsində axtarış elan edilib. 18 sentyabr 2015-ci ildə Elnur Əliyev, bu ilin mart ayının 17-də isə qardaşı Elvin Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
“Ramazan bayramı ərəfəsində müdirdən 10 manat istədim, vermədi”
Təqsirləndirilən şəxs qismində dindirilən Elnur Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində mənzil sahibi Şəhla Əhmədovanı və onun həyat yoldaşı Təxəyyül Əhmədovu uzun illərdir tanıdığını göstərib. Belə ki, 9 il öncə Təxəyyül Əhmədova məxsus “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən mebel sexində əvvəl fəhlə, daha sonrasa usta işləyib: “Günəmuzd işləyirdim. Ramazan bayramı ərəfəsində Təxəyyül Əhmədovdan 10 manat istədim, pula ehtiyacım olduğunu dedim. Pulu olsa da, mənə 10 manat verməkdən imtina etdi. Bu etiraz ona qarşı məndə qəzəb yaratdı və Təxəyyülü cəzalandırmağı planlaşdırdım”.
“Mənzilin açarını Vaqifə verdim və…”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən 3-4 il əvvəl T.Əhmədovun yaşadığı mənzilə bulaq suyu apararkən gözü dolabdakı dəmir seyfə sataşıb. Mebel sexinin sahibinə qarşı qəzəbli olan Elnur həmin seyfi oğurlayaraq içərisindəki pulları və qiymətli əşyaları götürmək qərarına gəlib. Bu məqsədlə tanışı Vaqif Ağayevlə görüşüb söhbətləşərək, seyfi oğurlamağı təklif edib. T.Əhmədovun yaşadığı mənzilin açarını Vaqifə verib və Əhmədovların evdə olmadıqları zaman seyfi götürməyi tapşırıb: “Vaqif məndən soruşdu ki, özün niyə getmirsən. Dedim ki, binada yaşayan qonşular məni tanıyır, həmin ərəfədə ora getsəm ev sahibinə məlumat verəcəklər. Vaqiflə birgə həmin ünvana gəldik. Təxəyyül və Şəhla Əhmədovların maşınlarını Vaqifə göstərdim”.
“Zəng vurub dedi ki, gəl sənə çatan pulu götür”
İyul ayının 26-da T.Əhmədovun ailə üzvləri ilə birgə çimərliyə gedəcəyini öyrənən E.Əliyev bu barədə Vaqifə məlumat verib: “Bir neçə saatdan sonra Vaqif zəng vurub artıq seyfi oğurladıqlarını, özü ilə birgə üç nəfər olduqlarını, seyfi açmaq üçün Hövsana getdiklərini, mənə çatacaq “payı” götürməyimi bildirdi. Həmin vaxt işdə olduğuma görə qardaşım Elvinlə əlaqə saxlayıb Hövsana getməyi və mənə çatacaq pulu götürüb gətirməyi xahiş etdim. Elvin də etiraz etmədi. Həmin gecə Elvin mənə 10 min manat gətirib verdi. Pulun bir hissəsini qonşulara olan borcuma ödədim, qalan hissəsi ilə meyvə-tərəvəz alveri etdim. Amma pulu batırdığım üçün qazanc əldə edə bilmədim”.
“Qızılları Nardaranda gizlətmişdim”
Təqsirləndirilən Vaqif Ağayev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Əhmədovları tanımadığını göstərib: “Elnuru qardaşı Elvinə görə tanımışam. Hadisədən 15 gün əvvəl Elnur məndən 50 manat borc almışdı, amma qaytarmırdı. Pulu tələb edəndə dedi ki, müdirimin yaxşı imkanı var, evində seyf saxlayır, istəsən açarı verərəm, seyfi götürərsən pulları yarı bölərik. Mən də razılaşdım. Bu barədə tanışlarım Turalla Asəfə dedim. Əhmədovlar evdə olmayan zaman Elnur bizə məlumat verdi, həmin ünvana yollandıq. Biz ora çatanda Təxəyyül Əhmədov ailə üzvləri ilə birgə avtomobilə əyləşib getdilər. Asəf binanın qarşısında maşında gözlədi, Turalla mən isə mənzilə qalxıb seyfi götürdük. Seyfi açandan sonra Elnura zəng vurub dedim ki, gəlib ona çatan payı aparsın. Seyfdən əldə edilən 40 min manatı aramızda böldük. Elnurun pulunu qardaşı Elvin gəlib apardı. Sonra hamımız ayrıldıq. Bir neçə gündən sonra Tural tutuldu. Ona görə gizlənməyə başladım. Mənzildən götürülən qızılları Nardaranda müvəqqəti işlədiyim evdə gizlətmişdim. Həbs olunandan sonra qızılların hamısını gizlətdiyim yerdən çıxarıb polis əməkdaşlarına təqdim etdim”.
“Onun əlində laqunda, yerdə açılmış seyf görəndə şübhələndim”
Təqsirləndirilən Elvin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində nə Asəfi, nə Turalı, nə də Vaqifi əvvəllər tanımadığını göstərib: “Qardaşım Elnur deyirdi ki, Vaqiflə avtoyuma sexi götürüb işlətmək istəyir. İyulun 26-da Elnur zəng vurub işdə olduğunu, Vaqifin telefon nömrəsini verib ona zəng vurmağımı xahiş etdi. Ona çatacaq pulu Vaqifdən götürməyimi istədi. Mən də zəng vurub Hövsana getdim, pulu Vaqifdən götürdüm. Həmin vaxt adını sonradan bildiyim Turalın əlində laqunda, yerdə isə açıq vəziyyətdə seyf var idi. Vaqif şübhələndiyimi görüb dedi ki, sənlik bir şey yoxdur. Mənə 10 min manat verib dedi ki, apar qardaşına çatdır. Mən də həmin pulu gətirib Elnura verdim”.
“İki nəfərin fotoşəkli domofonun yaddaşına həkk olunmuşdu”
Zərərçəkmiş şəxs qismində dindirilən Şəhla Əhmədova ifadəsində göstərib ki, axşam saatlarında evə qayıdarkən şkafın içərisindəki seyfin oğurlandığını biliblər. Mənzilin dəhlizində olan domofon aparatının yaddaşına həkk olunmuş fotoşəkillərdən mənzilə girən şəxslərin iki nəfər olduğu müəyyən edilib: “Üç gündən sonra hadisənin iştirakçısı olan Tural adlı şəxs həbs edildi. Məlum oldu ki, oğurluq hadisəsini təşkil edən həyat yoldaşımın yanında usta işləyən Elnur olub. Onun qardaşı Elvin də bu cinayətdə iştirak edib”.
“Qardaşını xəstəxanaya aparması üçün 60 manat verdim”
Şahid qismində dindirilən Təxəyyül Əhmədov ifadəsində göstərib ki, gecə saatlarında ailəsi ilə birgə evinə döndüyündə mənzildə oğurluq olduğunu biliblər. Ertəsi gün mebel sexində olarkən Elnurun işə gəlmədiyini görüb. Elnurun qardaşı Elvin qardaşının xəstələndiyini, bu səbəbdən də işə çıxa bilməyəcəyini deyib: “60 manat pul veridm ki, Elnuru xəstəxanaya aparsın. Həmçinin Vaqif və Tural adlı şəxslərin fotoşəkillərini Elvinə göstərdim, tanıyıb-tanımadığını soruşdum. Elvin tanımadığını bildirdi”.
Məhkəmənin hökmü ilə Vaqif Ağayev 8 il, Asəf Əliyev 9 il 6 ay, Elnur Əliyev 10 il, Elvin Əliyev 7 il 6 ay, Tural Əzizov isə 9 il 7 ay müddətində azadlıqdan məhrum ediliblər.