Hər bir insanın həyatı və taleyi obrazlı şəkildə desək oxunmamış kitaba, seyr edilməyən maraqlı bir filmə bənzəyir. Bu baxımdan uzun illər çiyin-çiyinə çalışdığım qələm yoldaşım və həmkarım Ürfan Məmmədlinin mətbuatımıza həsr edilən həyatı üstündən illər ötəndən sonra şirin bir nağılı xatırladır. Həyatının böyük hissəsini, təxminən 30 ilini mətbuata həsr edən Ürfan Məmmədlinin xoşbəxtliyi də elə talenin onu özü də bilmədən mətbuata gətirib çıxarmasıdır. O tale ki, onu mətbuata gətirib çıxarmaqla qarşısında yeni bir üfüq açdı, gecə-gündüz bilmədən çalışdı, kompyuter arxasında çapa gedəcək hər səhifənin hazırlanmasında həm redaktor, həm də məsul katib, həm korrektor oldu. Bu, 1991-ci ildə qardaş Türkiyədən Azərbaycana gələrək ölkəmizin haqq səsinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına şərəfli bir töhfəsini verən “Zaman-Azərbaycan” qəzetində çalışmağa başlayan Ürfan Məmmədlinin bir az həyəcanlı, bir az da ehtiyatla atdığı ilk addımlardan başlayan şərəfli bir ömrünün şirin nəğmələridir. Tale Ürfan Məmmədlini fərqli bir sahədən mətbuata gətirsə də, ilk vaxtlar bəzən büdrəsə də, o yıxılmadı, yoluna davam etdi, gündən-günə daha da püxtələşdi. Əslində ötən əsrin 90-cı illərində mətbuatda çalışmaq, qəzet çıxarmaq heç də asan deyildi və böyük zəhmət tələb edirdi. Həmin dövrdə Ürfan Məmmədlinin isə qəzetin buraxılışına, hər səhifəsinə məsul bir şəxs kimi isə məsuliyyəti daha böyük idi. Çünki adi bir yanlışlıq böyük problemlərə səbəb olaraq əməkdaşların hamısının əziyyətini boşa çıxara bilərdi. Çətin olsa da, Ürfan Məmmədli çoxlarına kənardan asan görünən, amma olduqca ağır məsul bir vəzifənin öhdəsindən bacarıqla gələ bildi. Səhər saat 9-dan işdə olmaq, ağır işdən sonra gecə saat 11-12-də evə getmək heç də asan deyildi. Bəzən uşaqlarının üzünü belə əməlli-başlı görə, onlara vaxt ayıra bilmirdi. Amma bu da ona tale tərəfindən bəxş edilən bir həyat yolu idi. O özü də bilmədən gecəli-gündüzlü zəhməti ilə mətbuatımızın inkişafına öz töhfəsini verdi, zamanla çiyin-çiyinə yeni zirvələrə ucaldı. Həyat Ürfan Məmmədlini mətbuatda hər sahədə sınaqdan çıxardı. O, həm səhifə yığıcısı, həm korrektor, həm yazı redaktə edən redaktor, həm adi jurnalist, eyni zamanda “Zaman-Azərbaycan” və “Çempion” qəzetlərinin redaktoru, həm də mətbəə müdiri kimi çalışdı. Onu da qeyd edim ki, Ürfan Məmmədlinin mətbuatımızda qoyduğu şərəfli izlərdən biri də onun təşəbbüsü ilə respublikamızda idman jurnalisitikasının inkişafında önəmli bir rol oynayan “Çempion” qəzetinin nəşri ilə bağlıdır. 2000-ci illərin əvvəlində nəşrə başlayan və Ürfan Məmmədlinin baş redaktoru olduğu “Çempion” qəzeti qısa müddətdə minlərlə oxucunun sevimlisinə, ən çox oxunan nəşrlərdən birinə çevrildi. “Çempion” qəzeti həm də Ürfan Məmmədlinin rəhbərliyi altında onlarla idman jurnalisti yetişdirərək Azərbaycanda idman juranlistikasının inkişafına yeni bir təkan verdi. Bu gün çox az idman nəşri tapılar ki, orada “Çempion” qəzetində Ürfan Məmmədlinin məktəbini keçən jurnalist çalışmasın. Ümumiyyətlə, mətbuatımızda Ürfan Məmmədlinin mahir bir jurnalist kimi püxtələşdiyini onun qələmindən çıxan hər yazıda aydın görmək olar. Ürfan Məmmədlinin “Tərs Məmməd” təxəllüsü ilə yazdığı hər köşə yazısında milli vətənpərvərlik, milli təəssübkeşlik, milli yanğı parlaq şəkildə özünü göstərir. Ürfan Məmmədlinin yazılarında həm də satira var. Bu satira əslində Ürfan Məmmədlinin daxilindən, ruhundan döğan milli təəssübkeşliyindən, hər şeyi yerli-yerində görmək istəməsindən, nöqsanların aradan qaldırılmasına münasibətdə vətəndaşlıq mövqeyindən irəli gəlir.
Uzun illər Ürfan Məmmədli ilə çiyin-şiyinə çalışan bir jurnalist kimi onda kəşf etdiyim bir xüsusi istedadı da qeyd etməyi özümə borc bilirəm. Bu da Ürfan Məmmədlinin məharətlə, jurnalistin dəst-xəttinə toxunmadan, yazının daha maraqla oxunmasına xidmət edən redaktə etmə məharəti idi. İş elə gətirib ki, məmim yazılarımın böyük əksəriyyəti Ürfan Məmmədlinin redaktəsindən keçib. Onunla razılaşmadığım, mübahisyə girən məqamlarım da çox olub. Amma bütün hallarda mən Ürfan Məmmədlinin redaktəsində qərəzli bir şey görmədim. Ürfan Məmmədli bəzən yazılarımı elə redaktə edib ki, ona onun qələminin dəyməsindən xəbərim olmayıb. Yalnız o soruşanda ki, yazını redaktə etmişəm, onda bundan xəbərim olub. Yenə də etiraf edim ki, əməkdaşlar arasında ən çox Ürfan Məmmədli ilə mübahisə edən mən olsam da, səmimi olaraq deyim ki, onun redaktəsində heç vaxt yazının maraqla oxunmasına mane olan bir şey görmədim. Əksinə Ürfan Məmmədlinin redaktəsi yazının daha maraqla oxunmasına xidmət edib. Ürfan Məmmədlini baş redaktor kimi də özünəməxsus xarakterə malik mahir bir idarəedici hesab etmək olar. Onun çox cüzi istisnalarla heç vaxt haqqı nahaqqa qurban vermədiyinin dəfələrlə şahidi olmuşam. Yadımdadır, bir dəfə Ürfan Məmmədlinin mənə daha çox iş tapşırdığından narazı qalaraq onun yanına getdim. Ürfan Məmmədlinin qapısına çatanda əməkdaşlarımızdan birinin içəridə olduğunu anlayaraq dayanıb gözləməli oldum. İçəridəki əməkdaşlarımızdan biri yazılarımda səhvlərin olmasından gileylənərək məndən Ürfan Məmmədliyə şikayət edirdi. Mənə isə Ürfan Məmmədlinin ona nə cavab verəcəyi daha çox maraqlı idi. Həmin an mənə elə gəlirdi ki, Ürfan Məmmədli buna görə məni yanına çağıraraq tənbeh edəcək. Amma Ürfan Məmmədli məndən şikayət edənə: -Əziz Mustafa çoxları kimi gündə bir yazı və ya bir səhifə yazmır. Ona əksər hallarda çoxlarının bacara, öhdəsindən gələ bilmədiyi 3-4 səhifəni yazmağı tapşırıram. Tələsə-tələsə tapşırığı vaxtında yerinə yetirmək üçün 3-4 səhifə yazan adam təbii ki, səhv buraxacaq. Heç bir jurnalist bu qəzetdə onun gördüyü işi görə bilməz. Hansı tərəfə, hansı sahəyə göndərsəm yaza bilmirəm demir,-deyərək məndən şikayət edəni susmağa məcbur etdi.
Əslində onun yanına şikayətə, daha dəqiq desəm çox tapşırıq verdiyi üçün mübahisə etməyə, çəkişməyə getmişdim. Amma Ürfan Məmmədlinin bu sözlərindən sonra geriyə qayıdaraq sakitcə onun tapşırığına əməl etməli oldum. Yenə də qeyd edim ki, qəzetdə ən çox mübahisə mənimlə Ürfan Məmmədli arasında olurdu. Həmkarım Əli Çərkəzoğlu məhəbbətlə bizi “mehriban düşmənlər” adlandırır, tez-tez “Əzizlə Ürfan nə qədər mübahisə etsələr də, biri-birlərini o qədər də çox istəyirlər”,-deyirdi.
Yenə də səmimi deyim ki, Əli Çərkəzoğlu bu sözlərində tam haqlı idi.
Ürfan Məmmədlinin digər bir səmimiliyini isə 2009-cu ildə anadan olmasının 50 illiyinin redaksiyamızda qeyd edilməsi zamanı gördüm. Yubiley çıxışında Ürfan Məmmədli gözlənilmədən: “Bu redaksiyada ən çox Ruslan Sadıqov və Əziz Mustafaya irad tutmuşam. Ruslan əsgərə gedəndə Əziz dedi ki, bayaq Ürfan hirslənəndə hirsinin bir hissəsi Ruslanın, bir hissəsi də mənim payıma düşürdü. İndi Ruslan əsgərdən gələnə kimi onun da hirs payını mən çəkməli olacağam”,-dedi və kövrələrək bir anlığa danışa bilmədi. Bu etiraf da Ürfan Məmmədlinin səmimiliyindən, böyüklüyündən irəli gəlirdi. Halbuki başqası olsaydı, yubileyində bunu xatırlamaz, bütün hallarda məsələyə münasibətdə özünü haqlı sayardı.
Şübhəsiz ki, bütün idarəedicilər kimi Ürfan Məmmədlinin müəyyən məsələlərə münasibətdə səhvləri olub. Ancaq bunlar hansısa qərəzdən, kin-kudurətdən irəli gəlməyib və onun səmimiliyinə xələl gətirməyib, necə deyərlər səhvlər hamımızda olur. Yalnız illər ötəndən sonra bəzən özümüzü haqlı saydığımız məsələdə səhv etdiyimizi, haqsız olduğumuzu anlayırıq. Mən hörmətli həmkarımın digər bir səmimiliyinin bir neçə nəfərin ixtisara düşməsi gündəmə gələndə çətin seçim qarşısında qaldığı zaman bir daha şahidi oldum. Maliyyə problemi ilə bağlı Xəbər mərkəzindəki iki nəfərdən biri ixtisara düşməli idi. Amma bu iki nəfərdən hər hansı birinin ixtisara salınması digərinə qarşı haqsızlıq edilməsi demək olacaqdı. Mən hiss edirdim ki, Ürfan Məmmədli bizim heç birimizin ixtisara düşməsini istəmir, ancaq bu barədə ona tapşırıq verilmişdi və o, istəsə də, istəməsə də bizi müdafiə edə bilməyəcəkdi. Və sonda Ürfan Məmmədli çətin qərar qəbul edərək hər ikimizin ixtisara düşdüyünü söylədi. Bütün hallarda mən bizim ixtisara düşməyimizdən təəssüfləndiyini onun gözlərindən oxudum…
Ürfan Məmmədlinin yubileyində onun haqqında çox xoş söz demək olar, o həqiqətən də zəhmətkeş, istedadlı qələm sahibi, dost, yoldaş, səmimi ailə başçısı, babadır. 60 yaş əslində insan ömrünün müdriklik, ikinci gənclik, yaşın üstünə yaş gəldikcə onun yeni zirvələrin fəthinə doğru addımladığı bir dövrdür. Bu yaşdan sonra insan həyatı əvvəlcə kükrəyərək sonsuz dənizlərə can atan, sonra isə sakit axan bir çaya bənzəyir. Mən həmkarım, istedadlı qələm dostum, milli mətbuatımızın inkişafına öz şərəfli töhfəsini verən, uzun illər bir yerdə çalışdığım, gah dalaşdığım, gah barışdığım Ürfan Məmmədliyə 60 yaşın işığında sözün əsl mənasında ikinci bir gənclik dövrü, nəvələrinin toyunda fəxrlə ağsaqqal sözü deməsini arzulayıram.
Əziz Mustafa