Bakıdan 3-4 saatlıq məsafədə Rusiya Federaiyası ərazisində həsrətimizin yanğısı, arzularımızın arzusu hesab edilən Dəmir qapı Dərbənd şəhəri yerləşir. Rusiyanın bu qədim yurd yerimizi işğal etməsinə kimi Azərbaycanın şimala açılan qapısı rolunu oynayan Dərbənd şəhəri min illər boyu türk şəhəri kimi şöhrət tapmışdı. Amma rus işğalına baxmayaraq Dərbənd şəhəri türk yurdu olaraq qalıb və indinin özündə də qalmaqda davam edir. Bu baxımdan Dərbəndin qədim türk yurdu, qədim türk mədəniyyət mərkəzlərindən biri olması əksər tarixçilər tərəfindən sübuta yetirilib. Eramızın ilk yüzilliklərində Dədə Qorqud bu ulu yurd yerində at oynatmış, hündürboylu türk alp ərənlərin qəhrəmanlıqlarına söz qoşmuş, qopuzu ilə onları öymüş, tərifləmiş, onlara göstərdikləri igidliklərə uyğun da ad vermişdi. Tanınmış tədqiqatçıların bəzilərinin fikrincə, Dədə Qorqudun da qəbri Dərbənd şəhərindədir Təsadüfi deyil ki, “Kitab-i Dədə Qorqud”da Dəmirqapı Dərbəndin da adı çəkilir.
Məşhur alman səyyahı Adam Oleari (17-ci əsr), türk səyyahı Evliya Çələbi və başqaları Dədə Qorqudun qəbrinin Dərbənddə olduğunu bildirmişlər. “Dərbəndnamə” adlı tarixi əsərdə də bununla bağlı məlumat verlib. Tarix elmləri doktoru, professor Yaqub Mahmudovun sözlərinə görə, təkcə bu iki fakt (Dədə Qorqudun qəbrinin Dərbənddə olması və “Kitab-i Dədə Qorqud”da Dərbəndin adının ulu yurd yerləri arasında tez-tez çəkilməsi) Dərbəndin eramızdan min illər bəvvəl qədim türk mədənyyətinin mərkəzlərindən biri olduğunu söyləməyə imkan verir. Yeri gəlmişkən onu da deyək ki, bir vaxtlar bu şəhər Azərbaycanda dillər əzbəri, qəhrəmanlıq rəmzi idi. Koroğlu dastanında Koroğlunun “Dərbənd səfəri” adlı bir qol var. Bu qolda Dəmirqapı Dərbənd Azərbaycanın ana şəhərlərindən biri kimi sirin bir dillə, sevilə-sevilə tərənnüm edilir. Ümumiyyətlə götürdükdə isə vaxtı ilə Dərbənd Azərbaycanın qapısı hesab edilib. Buna da səbəb Dərbəndin olduqca əlverişli bir coğrafi mövqedə yerləşməsi olub. Dərbənd şimalda Azərbaycanın giriş qapısı idi. Xəzər dənizinin
sahilində yerləşən bu şəhər həm də Azərbaycanın Şimali Qafqaza, Volqa boyuna, Avropaya və Türküstana (Orta Asiyaya) açılan qapısı rolunu
oynayırdı.
Şəhərin yaşı bilinmir. Arxeoloqlar və tanınmış tədqiqatçı tarixçilərdən bəziləri onun 3 min, bəziləri isə 5 min yaşı olduğunu söyləyirlər. Amma bu qədim türk yurdunda – Dəmirqapı Dərbənddə aparılan son qazıntı işləri onun eramızdan 4-5 min il əvvəl salındığını göstərir.
Dərbəndin adı ilk dəfə eramızdan əvvəl 6-cı əsrdə yunan coğrafiyaşünasları Qekatey və Miletski tərəfindən çəkilib. Farslar bu şəhəri Darbənd (Qapı), Azərbaycan türkləri isə Dəmirqapı Dərbənd və ya sadəcə olaraq Dərbənd (Dar bənd) adlandırıblar.
Dərbənddə qədim tariximiz yaşadan çoxlu tarixi mədəniyyət abidələrimiz var. Onlardan biri də əzməti ilə seçilən və tariximizdə şanlı qəhrəmanlı səhifəsi kimi qalan Dərbənd qalasıdır.
Bu qala Dərbəndin müdafiəsi üçün yaradılıb. Qeyd edək ki, Böyük Qafqazın Calqan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı.
Böyük İpək yolunun üzərində yerləşən Dərbənd həm də böyük ticarət mərkəzi kimi qədim və orta əsrlərdə Yaxın Şərqdə geniş şöhrət qazanmışdı. Strateji bir ərazidə yerləşdiyindən dəfələrlə Dərbənd şimaldan alanların, cənubdan
isə farsların dağıdıcı hücumlarına məruz qalıb. Amma hər dəfə də şəhər yenidən dirçələrək ayağa qalxmağı bacarıb. Azərbaycan Albaniyası dövründə Dərbənd bu dövlətin ana şəhərlərindən birinə çevrilmişdi.
Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbardan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə imkan verirdi.
714-ci ildə ərəb sərkərdəsi Həbib İbn Məsləmə Dərbəndi ələ keçirdi. Nəticədə Dərbənddə islam sürətlə yayıldı. Orta əsrlərdə və ondan sonrakı dövrlərdə Dərbənd Azərbaycanınn ana şəhərlərindən biri olaraq qalmışdı.
Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. İnşaat texnikasının yüksək səviyyəsinə, rəngarəng relyefə uyğun planlaşma-məkan quruluşuna, memarlıq kütlələri, biçimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti və şəhərsalma sənətimizin görkəmli uğuru idi. Dəmirqapı Dərbənd – el içində bu adla tanınmağın bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı şəhər olması idi.
Rusiyanın Dərbəndi işğal etməsindən conra (əvvəlcə 1722, sonra 1813-cü ildə) da bu şəhər Azərbaycanın adi şəhərlərindən biri kimi qalmışdı. Yalnız ötən əsrin 30-cu illərinin sonlarında Stalinin göstərişi ilə Dərbənd Azərbaycandan alınaraq Rusiyanın tərkibinə verldi. Buna baxmayaraq Dərbənd bu gün də azərbaycanlılara aid olan əsas xüsusyyətlərini saxlaya bilib. Son siyahıya almaya görə, Dərbənddə 150 min nəfər yaşayır.
Əhalinin 32 faizini (qeyri rəsmi məlumatlara görə isə 45-55 faizini) azərbaycanlılar təşkil edir. Son dövrlərdə Dərbəndə ləzgilərin kütləvi şəkildə axın etməsi onların sayının artmasına səbəb olub. Hazırda Dərbənddə yaşayanların 25 faizini ləsgilər, 20 faizini isə tabasaranlılar təşkil edir.
Dərbənd qədim abidələrlə zəngindir. Şəhərdə V əsrə aid edilən qədim Dərbənd qalası, Narınqala və dənizə doğru uzanan qədim qoşa divarlar görənləri indi də heyrətləndirməkdə davam edir. Dərbənddə həmçinin 8-14-cü əsrlərə aid edlən Cümə məscidi, mədrəsə (15-19-cu əsrlər) minarəli məscid (14-19-cu əsrlər) Şah Abbas məscidi, Qırxlar məscidi (17-ci əsr) Sultan Bayazid hamamı (17-18-ci əsrlər) Xan məqbərəsi (18-ci əsr), yeraltı su anbarı (8-17-ci əsrlər) var. Bu qədim abidələr Dərbəndin keçmiş şöhrətindən xəbər verir.
Bir sözlə, Bakıdan 3-4 saatlıq məsafədə yerləşən və həsrətimizin bir parçası olan Dərbənd bu gün inamla sabaha doğru addımlayır. Yolun açıq olsun, qədim yurd yerimiz, ana şəhərimiz Dərbənd.
Əzız Mustafa