Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır

0
1759

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır

Məlumdur ki, Yeni Azərbaycan Partiyası çox çətin və keşməkeşli, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir vaxtda yaradılmışdı. Artıq həmin tarixi gündən 30 il ötür. Bəli, 30 il…Düz 30 il əvvəl – 1992-ci ilin noyabr ayının 21-də yaradılan YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi. O dövrdə “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin bərpasını və vətəndaş həmrəyliyini son dərəcə vacib hesab edirdi. Ümummilli lider o zaman böyük uzaqgörənliklə bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Məhz buna görə də Ulu Öndər Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın – azərbaycançılıq məfkurəsinin əsasını qoydu.

“Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycannın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyərək, ölkəyə rəhbərliyi və ən əsası, xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev mövcud siyasi, hakimiyyət və dövlət böhranının aradan qaldırılması yollarını, müstəqil Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi.

YAP-ın yaranmasından danışarkən bir məqamı da xüsusi vurğulamamaq mümkün deyil. Belə ki, bu siyasi təşkilatın yaradılması tarixi zərurət idi. O zaman xalq nicat yolunu, yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya – Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Çünki o dövrdə ölkənin üzləşdiyi problemlərin öhdəsindən layiqincə gələ biləcək şəxs yalnız Ulu Öndər Heydər Əliyev ola bilərdi. Ona görə də, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Bir il sonra isə Heydər Əliyev prezident seçkilərində xalqın səsini qazandı. Biz xoşbəxtik ki,bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız – Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır! NİDA!-sının qoyulduğu tarixi günlər ərəfəsində qeyd edirik. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı.Və bu gün ən maraqlı məqam odur ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Və bu tarixin ardınca isə İkinci Qarabağ müharibəsinin şanlı qələbə tarixidir. Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı. «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranması ildönümünü tarixi bir anlarda- Qarabağımızın, Azərbaycanımızın, Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzunu, rəşadətli əsgər və zabitlərimizin Qələbəsi günündə qeyd edirik. Ona görə də deyirik – Yeni Azərbaycan Partiyası, ildönümün mübarək! Qarabağ Azərbaycandır! Gözün aydın, Azərbaycan!

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi -İlahə Mustafayeva

 

 

Azərbaycanın görkəmli nümyəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlanmışdır.

Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi.O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı.Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi.

Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir.Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500- dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifələrinin açılmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır.Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaradılmışdır və dövlətin ağır problemlərinin,yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi.

Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü.Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi.insanların sosial vəziyyəti günü-gündən ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdır, sənaye istehsalı iflic vəziyyətində idi.Nizami ordu yaradılmamışdı, infilyasiya iki rəqəmlidən üç rəqəmliyə keçmişdi.

1992- ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi.O vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi.1993 – cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük bir hissəsi nəzarətimizdən çıxmışdır.

Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi.Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi,bir yerdə idi.

Güclü ordu quruculuğu.Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib,cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib,xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır.

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova

 

 

Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir

Müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi.

Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

Bizim artıq güclü dövlətimiz vardır – müstəqil Azərbaycan dövləti və bu dövlətin  konsepsiyası, inkişaf proqramı vardır.Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir.

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Səbinə Məmmədli

 

Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar.

Azərbaycanın Respublikasının əldə etdiyi uğurların, həmçinin 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır. Belə ki, Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasətin reallaşdırılmasında Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının (YAP) da müstəsna xidmətləri olub. Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hazırda Prezident cənab İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini uğurla davam etdirir. 1992-ci ildə təsis edilən YAP tarixə müstəqil Azərbaycan dövlətinin qurulmasında, ölkəmizin sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan, xalqın etimadını qazanan qələbələr partiyası kimi düşüb. Noyabrın 21- də YAP-ın 30-cu ildönümü qeyd edildi. 30 ildə Azərbaycanın əldə etdiyi hər uğurda Ulu Öndərin yaradıcısı olduğu YAP-ın payı və zəhməti var. Prezidentin bəyan etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini keçirərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.

Zərdab rayon  Çallı kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz

 

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxışında həmin dövrdə cərəyan edən hadisələrin əsaslı təhlilini verərək vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yarandı. Ümummilli liderimizin ilk gündən rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz həmrəyli mühiti yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdırlar.

Zərdab rayon Körpükənd kənd tam orta məktəbin direktoru -Rüxsarə Eminova

 

 

Ulu öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi.

“Ulu Öndər Heydər Əliyevin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi”. Bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi.

Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur – onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.

Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir :” Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq”. Onların arasında yəqin ki, Ulu öndər ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək demək idi. Ölkəmiz  bu hədəfə doğru gedirdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq.

Zərdab rayon Yuxarı seyidlər kənd tam orta məktəbin direktoru-Qabil Məmmədov

 

 

Uzunmüddətli strateji inkişaf modeli.

 Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən qayıtması ilə Azərbaycan tarixində yeni səhifə açıldı. İlk addım kimi Azərbaycan uğursuz gedən Qarabağ müharibəsini dayandırmalı idi. 1994-cü ildə Qırğızıstanın Bişkek şəhərində Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edildi. Bununla da Azərbaycan müharibə vəziyyətindən çıxaraq, sabitlik dönəminə daxil edildi. Gənc Respublikanın qarşısında çox ciddi problemlər dayanmışdı. Belə ki, 1.5 milyon məcburi köçkünü yerləşdirmək, onların məişət problemlərini qarşılamaq lazım idi. Ulu Öndər Heydər Əliyev müdrik siyasəti ilə qısa zaman ərzində hakimiyyət daxilində olan problemləri həll etdi. Dövləti labüd parçalanmadan qoruya bildi. Qarşıya qoyulmuş ən böyük vəzifələrdən biri də müasir ordu quruculuğu sahəsində görüləcək işlər idi. Bütün bunlar üçün güclü iqtisadi inkişafa malik olmaq lazım idi. Güclü iqtisadiyyat yaratmaq üçün Azərbaycana xarici investorlar və güclü istehsal müəssisələri lazım idi. Bu məqsədlə atılmış ən böyük addım 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi” oldu. Bu müqaviləyə əsasən BP şirkəti Azərbaycan neftini xarici bazarlara çıxaracaq, Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına nüfuz etməsi, həm də gələcək siyasi təzyiqlərdən də yayınmağa imkan verəcəkdi.

Azərbaycan nefti və qazı dünya bazarlarına çıxdıqdan sonra ölkədə iqtisadi canlanmaya səbəb olmuşdur. Azərbaycan dövlətinin ən böyük iqtisadi siyasəti neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına xərclənməsidir. Qısa zaman kəsiyində ölkədə inflyasiya cilovlandı, manatın dəyəri qaldırıldı, əhalinin gəlirləri xeyli artdı. Azərbaycanda maaşlar artan dinamika ilə inkişaf edir. Hər il dövlət büdcəsindən milyardlarla vəsait ordu quruculuğuna və təhsil sahəsinə ayrılmaqdadır.

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf etməkdə olan dövlətlərindən biridir. Azərbaycanda inflyasiya 8 % , işsizlik isə 5 %- ə bərabərdir. Azərbaycan dövləti hər bir vətəndaşın arzuladığı firavan həyat səviyyəsini təmin etməyə çalışır. Ölkədə qeyri-neft sektorunda, xüsusilə turizm sahəsində və idman sahəsində çox ciddi uğurlar əldə olunmuşdur. Dövlətin sosial siyasəti xeyli artmış, cəmiyyətin həssas təbəqəsinə aylıq müavinətlərlə bərabər, mütəmadi yardımlar da edilmişdir.

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Qarabağda sürətli quruculuq işlərinə başlanılmışdır. Bu günə kimi 9 milyard manat dəyərində quruculuq abadlıq işləri həyata keçirilmişdir. Zəngilan rayonunun Ağalı kəndi tam müasir tələblərə uyğun yenidən inşa edilərək, sakinlərin tam ixtiyarına verilmişdir.Azərbaycanın dövlət neft fonduna daxil olan vəsaitlər gələcək nəsillər üçün saxlanmışdır. Azərbaycan gələcəkdə Zəngəzur dəhlizini açmaqla, yeni logistik mərkəzə çevriləcək, bütün bunlar dövlətin iqtisadi qüdrətini bir qədər də artıracaqdır.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi- Məmmədov Eşqin

 

 

Ulu öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi

Allah dünyanı və insanı yaratdı. Dünyanın tarixini yazan və yaradanlar isə insanlardır. Bu insanların həyatı, taleyi, fəaliyyəti, məqsəd və məramları çox maraqlı, qeyri-adiliklə zəngin olduğu üçün onlar haqqında daha çox öyrənmək, daha çox düşünmək, bəzən də bu şəxsiyyətləri bir-biri ilə müqayisə edib fərqləndirmək məcburiyyətində qalırsan. Tarixi yaradanlar olmasaydı onu yazanlar da olmazdı qənaəti məhz bundan yaranır. Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.

Ancaq Ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.İlk olaraq o, öz həyatının, ömrünün tarixini yaradıb. Əgər ulu öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: “İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq”.Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin – Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin müəllimi- Xəlilova Əfsanə