Almaniya ABŞ-ın yeni prezidenti Donald Trampın Ukraynaya münasibətdə öz mövqeyini bu günə kimi müəyyənləşdirməməsindən narahatdır. “Yeniavaz.com”un Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib ki, Donald Trampın Ukraynaya münasibətdə bu günə kimi qəti şəkildə öz mövqeyini ortaya qoymaması Krım, qondarma Donetsk və Luqansk respublikaları ilə əlaqədar Minsk razılaşmalarının həyata keçirilməsinə mane olur. Ştaynmayer: “Belə hesab edirəm ki, Ukrayna münaqişəsinin həll edilməsi və ya əksinə həll edilməməsi ABŞ-Rusiya münasibətlərindən asılı olacaq. Tramp prezident seçiləndən sonra Rusiya-ABŞ münasibətlərinin hansı məcrada inkişaf edəcəyi bizim üçün qaranlıq olaraq qalmaqda davam edir”,-deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ştaynmayer mətbuata verdiyi açıqlamasında bəyan etmişdi ki, hazırda Ukrayna böhranının həlli və qarşılıqlı etimad məsələsində Moskva ilə Kiyev və vasitəçi dövlətlər arasında ortaq məxrəcə gəlmək mümkün deyil.