Ukranyanın yeni prezidenti kim olacaq?

0
620

Proqnozlaşdırıldığı kimi, Ukraynadakı prezident seçkisinin birinci turunda artist və şoumen Vladimir Zelenski qələbə çaldı. Zelenski ilə ikinci tura çıxan hazırkı Prezident Poroşenko arasında 13 faiz səs fərqi var. Heç bir siyasi təcrübəsi olmayan artistin illərin siyasətçilərini qabaqlaması nonsensdir. Görünür, bu ukraynalıların hazırkı siyasətçilərdən və siyasi cərəyanlardan yorulması və verilən vədlərin yerinə yetirilməməsi ilə bağlıdır.

Bu sözləri Ukraynada keçirilən prezident seçkilərinin ilkin nəticələrini şərh edən poitoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi hesab edir ki, Poroşenkonun ikinci tura çıxması onun kiçik qələbəsi sayıla bilər:

“Çünki hələ 5-6 ay əvvəl Poroşenko reytinqinə görə 5 və ya 6-cı sıralarda idi və müxalifətin namizədi Yuliya Timoşenkondan geri qalırdı. Ancaq seçki gününə yaxın Poroşenko və onun komandası toparlanaraq Timoşenkonu və digər namizədləri qabaqlaya bildi. Əsl yarış bundan sonra başlayacaq. Seçkinin ikinci turu aprelin 21-dir. İlk baxışdan 13 faiz fərqlə Zelenski ikinci turun da qalibi kimi görünə bilər. Üstəlik, ikinci tura çıxmayan Timoşenko və Boykonun elektoratının da Zelenskiyə səs verməsi onun prezident seçilməsi şansını artırır”.

Politoloq qeyd edib ki, 20 gün içərisində bu durum dəyişə də bilər:

“Birincisi, Zelenski siyasətdə yeni adamdır, naşıdır, bir sözlə, çoxları üçün qara qutudur. Gənclərin böyük əksəriyyəti ona səs verib. Bu, bir qədər emosional qərar idi. Ancaq ikinci turda seçici ölkənin taleyini kimə etibar etməsi məsələsində ciddi düşünmək məcburiyyətində qalacaq. İkincisi, Zelenskinin parlamentdə dəstəyi, fraksiyası yoxdur. Bunu da seçicilər ikinci turda nəzərə alacaqlar. Başqa sözlə, ikinci turda seçici ürəyi ilə deyil, ağlı ilə səs vermək məcburiyyətindədir. Üçüncüsü, Poroşenko rəqibini televiziya debatlarına çağıracaq. Bu, Poroşenkonun nəyinə lazımdır? Poroşenko illərin siyasətçisidir, yaxşı natiqdir. Bu xüsusiyyətlərin heç biri Zelenskidə yoxdur. O, birinci turdan öncə jurnalistlərə siyasi mövzularda müsahibə verməkdən yayınırdı. Çünki onun nə konkret proqramı və komandası var, nə də ölkə qarşısındakı ciddi problemlərin həlli ilə bağlı düşüncələri formalaşıb. Zelenski televiziya ekranları qarşısında rəqibi ilə debatlara razılaşsa, ciddi suallarla üzləşəcək. Zelenski debatlardan imtina edərsə, bu onun zəifliyi kimi görünəcək və reytinqinə mənfi təsir edəcək”.

Politoloq buna görə də Poroşenkonun hələ heç nə itirmədiyini düşünür:

“Gürcüstanda da oxşar hadisələr baş vermişdi. Gürcüstanda prezident seçkisinin birinci turunda müxalifətin namizədi Vaşadze rəqibi Zurabişvilini xeyli qabaqlayırdı və çoxları onun ikinci turda asanlıqla prezident seçiləcəyini proqnozlaşdırırdı. Ancaq administrativ resurslar və yağlı vədlər hesabına Zurabişvili ikinci turda qələbə çaldı. İkinci tura yaxın Poroşenko da eyni taktikadan istifadə edəcək. O da seçicilərə elə vədlər verə bilər ki, bu, seçiciləri şirnikləndirər”.

E.Şahinoğlunun fikrincə, Zelenski Ukraynanın prezidenti seçilərsə, oliqarx İqor Kolomoyski bir müddət ölkənin əsas fiquruna çevriləcək:

“Zelenski öz şouları ilə məhz Kolomoyskinin nəzarət etdiyi televiziya kanalında məşhurlaşıb. Digər tərəfdən, Zelenskinin seçkiqabağı kampaniyası da Kolomoyski tərəfindən maliyyələşdirilir. Kolomoyski Poroşenkodan narazıdır. Çünki Poroşenko bir neçə il əvvəl Kolomoyskinin Ukrayna siyasətinə təsirini azaltmaq üçün onun ölkəni tərk etməsini istədi. Kolomoyski bir müddət İsveçrədəki villasında yaşadı, daha sonra İsrailə köçdü. Poroşenko Kolomoyskini siyasətdən uzaqlaşdıra bilmədi. Çünki Kolomoyski ölkə kənarından da Ukraynadakı siyasi proseslərə təsir etdi və Zelenski onun uğurlu layihəsi sayılır. Zelenski qələbə qazanarsa, Kolomoyski Ukraynaya qayıdacaq və Poroşenkodan intiqam almağa çalışacaq”.

Siyasi şərhçi Zelenskinin dostları arasında ermənilərin çoxluq təşkil etdiyini vurğulayıb:

“Bu baxımdan Zelenskinin Cənubi Qafqaza baxışı maraqlıdır. Ona görə də Azərbaycan üçün ideal variant Poroşenkonun yenidən prezident seçilməsidir. Ancaq Zelenskinin Ukrayna prezidenti seçilməsi də Azərbaycan üçün problem yaratmayacaq. Ukrayna GUAM çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Zelenski bu reallıqları nəzərə almaq məcburiyyətindədir. Eyni ilə Zurabişvili də seçkidən əvvəl ermənilərlə görüşmüş və onlara simpatiyasını ifadə etmişdi. Ancaq seçkidən sonra Zurabişvili bölgə ölkələrindən ilk olaraq Azərbaycana səfər etdi. Çünki Zurabişvili də mövcud reallıqlarla hesablaşmaq məcburiyyətində qaldı”.

Qeyd edək ki, Ukraynada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən, Vladimir Zelenski liderlik edir. Seçkilərin ikinci turunun keçiriləcəyi və Zelenski ilə Poroşenkonun ikinci turda mübarizə aparacağı gözlənilir.