Ucuz ağrıkəsicilər, antibiotiklər apteklərdən niyə və necə “yoxa çıxıb”…

0
758

Son aylar dərman qıtlığı ilə bağlı narazılıqlar tez-tez eşidilir. Xəstələr həkimin təyin etdiyi dərmanları almaq üçün şəhərin bütün apteklərini gəzməyə məcbur olurlar. Apteklər tapılmayan dərmanların əvəzedicilərini təklif edir, həkimlər isə əvəedicilərin istənilən effekti vermədiyini söyləyir. Sentyabrın əvvəlindən isə şəkər əleyhinə preparatlar, hətta ağrıkəsicilər “yoxa çıxıb”.

Virtualaz.org saytının əməkdaşlarının Bakıdakı apteklərdə apardığı müşahidələrə görə, xüsusilə “Zeytun”, “Zəfəran” kimi apteklər şəbəkəsinə daxil olmayan apteklərdə qıtlıq var. Rusiya istehsalı ağrıkəsicilər, şəkər əleyhinə preparatlar satışda yoxdur.

“Əvəzləyicilərini təklif edirik”

 

Metronun “Neftçilər” stansiyasının yaxınlığındakı aptekdə əczaçı təqdim etdiyimiz reseptdəki dərmanların əvəzləyicilərini təklif edir. Hətta ağrıkəsici kimi istifadə edilən “Tempalgin”, antibiotik olan “Tetrasklin” məlhəmi satışda yoxdur.

Yaxındakı aptekdən isə ağrıkəsici və qızdırma əleyhinə istifadə olunan “Nurofen” həblərini soruşuruq. Bəlli olur ki, sentyabrın əvvəlindən bu həb verilmir. Bəzi apteklərdə isə 5 qramlıq “Aktovigen” iynəsi tapılmır. Baxmayaraq ki, Tarif Şurası qiymətləri tənzimləyərkən bu iynənin qiyməti artırılıb. Əvvəllər 17 manata satılan iynə hazırda 19-20 manatadır.

Bu dəfə başqa istiqamətə, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı apteklərə üz tuturuq. Bəlli olur ki, zob əleyhinə istifadə olunan “L tiroksin 50 mq”, “L tiroksin 100 mq” həbləri də “yoxa çıxan” dərmanlar sırasındadır. Ağrıkəsici “Diklofenak”, “Spazmalqon” həbləri də satışda yoxdur.

Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən “Zeytun” aptekində satıcı işləyən Elmira Məmmədova artıq neçə vaxtdır ki, bəzi dərmanların verilmədiyini təsdiqləyir. “Apteklərdə levomisetin, penisillin dərmanları neçə vaxtdır ki, yoxdur. Təzyiq üçün istifadə edilən “Korinfar”, “Tempalgin”, “Bor turşusu” da satışdan yığışdırılıb. “Nurofen” həbləri bir neçə gündür ki, satışa verilmir.

Metronun “20 yanvar” stansiyasının yaxınlığındakı apteklərdən Rusiya istehsalı olan “İbuprofen” axtarırıq. Əksər həkimlərin uşaqlara məsləhət gördüyü bu dərman çoxdandır ki, satışda yoxdur.

“Məsələn, qarnı ağrıyan xəstələrə “İmodium” təklif edirik. Düzdür, bu dərman “Levomisetin”i tam olaraq əvəz eləmir. Çünki “Levomisetin” özü antibiotikdir və daha yaxşı təsir edir. Bu dərmanın əvəzedicisi “Tetrasiklin”dir. Amma o da uğursuz əvəzedicidir. Həm də uşaqlara verilməsi məsləhət görülmür”, – Respublika Klinik Xəstəxananın yaxınlığındakı aptekin satıcısı yaranmış vəziyyəti izah edir.

 

Dərman var, amma…

 

“Həkim mədə ağrılarına görə dərmanlar təyin edib. “Neksium” həblərini yalnız müəyyən apteklərdən tapmaq mümkündür. Artıq 3 aptek gəzmişəm, deyirlər ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı “Elita” aptekində var. Tapılmayan dərmanları yalnız bir neçə aptekdən almaq olur”.

Bunu deyən alıcı Samir Abbasov Respublika Klinik Xəstəxanasının yaxınlığındakı apteklərdən həkimin təyin etdiyi bütün dərmanları ala bilmədiyindən şikayətlənir.

Digər alıcı isə “Beklagen” məlhəmi istəyir və “yoxdur” cavabı alaraq apteki tərk edir.

Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan “Oksiprogesteron” iynələri də müəyyən apteklərdə yoxdur. “Anama bu dərmanlardan təyin ediblər. Həkimə əvəzedicisini yazmasını xahiş etdim, dedi ki, çalışın, bundan tapın. Bakıdan Sumqayıtadək neçə aptek gəzmişəm, yalnız bir aptekdə dərman oldu, o da ki müalicəyə yetməyəcək”, – əczaçının cavabından narazı qalan satıcı gileylənir.

 

 “Apteklərə dərman verilir”

 

“Avromed”dən satışda olmayan dərmanlarla bağlı sualımıza qısa cavab verməklə kifayətlənirlər. “Zeytun” apteklər şəbəkəsi isə yazılı müraciət tələb edir. Adının açıqlanmasını istəməyən firma nümayəndəsi dərman qıtlığını dolların bahalaşması ilə əlaqələndirdi. “Dərmanların qiyməti dövlət tərəfindən tənzimlənir. Dollar bahalaşandan sonra daha ucuz dərman gətirməyə çalışırıq”.

Səhiyyə və İqtisadiyyat nazirlikləri dərman qıtlığı ilə bağlı deyilənlərlə razılaşmır. “Satışda kifayət qədər əvəzedicilər var”, – Səhiyyə Nazirliyindən belə deyirlər. İqtisadiyyat naziri Şahin Mustafayev də mətbuata açıqlamasında dərman çatışmazlığının olmadığını söyləyib.

Qeyd edək ki, Tarif Şurası tərəfindən 9850 dərman vasitəsinin qiyməti təsdiq edilib. Sentyabrın 1-dən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışına qadağa qoyulub. Həmin dərmanların satışı qiymətləri təsdiq olunduqdan sonra həyata keçiriləcək. Bütün dərmanların qiyməti təsdiqlənəndən sonra dərman qıtlığı ilə bağlı problem olmayacağı vəd edilir. Gözləyirik…

Ülviyyə

Gülnar

Foto Samirənindir

Virtualaz.org

BIR CAVAB BURAXIN