“Ölkə.Az” məhz üç dəfə və daha çox ailə həyatı qurmuş sənət adamlarıyla bağlı kiçik araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik.
Xalq artisti Flora Kərimova üç dəfə rəsmi nikahda olub. Bəzi hallarda bu nikahların sayının beş olduğu deyilsə də, sənətkar öz açıqlamalarında üç dəfə ailə qurduğunu və hər üç halda həyat yoldaşlarının vəfat etdiyini bildirib. Qeyd edək ki, Kərimovanın sonuncu nikahından Zümrüd adlı qızı var.
Əfsanəvi aktrisa Barat Şəkinskayanın ilk evliliyi nə qədər qəribə səslənsə də, 16 yaşında olub. Teatr klubunun direktoru Mir İbrahim Həmzəyevə qoşulub qaçan Şəkinskayanın bu izdivacdan Solmaz adlı qızı dünyaya gəlir. Sənətkarın ikinci evliliyi isə məşhur rejissor Şəmsi Bədəlbəyliylə olur. Bu evlilik də ona Rövşanə adlı qız övladı bəxş edir. Ancaq bu münasibət də uzun sürmür. Deyilənlərə görə, Şəkinskayanın ən xoşbəxt evliliyi rejissor Mehdi Məmmədovla olur. Onların bu evlilikdən Elçin adlı övladları dünyaya gəlir. Maraq üçün qeyd edim ki, Elçin Məmmədov bir sıra filmlərdə maraqlı obrazlar yaradıb. Həmin obrazlardan ən yaddaqalanı isə heç şübhəsiz ki, “Dədə Qorqud” filmindəki Qaraca Çobandır.
Ötənlərin məşhur rejissoru Mehdi Məmmədovun da üç ayrı nikahdan övladları var. Sənətkarın sonuncu nikahından dünyaya gələn öğlu Vüqar Məmmədov hazırda Akademik Milli Dram Teatrında rejissor köməkçisi işləyir. Onun digər iki həyat yoldaşı isə aktrisalardır. Belə ki, Məmmədov 1944-52-ci illər aralığında Barat Şəkinskaya ilə, 1972-83-cü illərdə isə Şəfiqə Məmmədovayla rəsmi nikahda olub.
“Şeron” musiqi qrupunun rəhbəri Rüstəm Zeynallı da üç dəfə rəsmi nikahda olub. İfaçının ilk evliliyindən iki övladı var. Onun ikinci həyat yoldaşı isə məşhur qarmon ifaçısı, xalq artisti Aftandil israfilovun qızı Həcər İsrafılova olub. Qeyd edək ki, R.Zeynallı sonuncu dəfə 2015-ci ilin fevralında ailə həyatı qurub.
Müğənni Bahar Lətifqızı da üç dəfə ailəli olub. Sənətçinin dediyinə görə, ilk dəfə 18 yaşında ailə qurub:
“İlk ailə həyatımı 18 yaşında qurmuşam. Birinci ailəmin dağılmasına səbəb çox oldu. Amma ikinci ailəmin dağılmasına səbəb övladım olmaması idi. 9 il bir insanla yaşadıq, amma uşağım olmadı. Daha sonrakı ailəmdən bir qızım oldu. Çalışıram pis şeylərdən uzaq durum, bu barədə danışmayım. Həyat yoldaşım ailə qurdu, xoşbəxt olsun. Hal-hazırda da həyatımda biri var. Niyə də olmasın? Həyatıma kimsə daxil ola bilər, sevə bilərəm. Nə qədər ki, dərinliyə getməmişəm, düşünürəm. Amma çox istəyərdim bir övladım da olsun. Belə şeylərə gülmək lazım deyil. Bu həyatın çərxi-fələyidir, bizlə belə rəftar edir. Mən də istəməzdim belə həyat qurum”.
Mərhum xalq artisti Hacıbaba Bağırov isə bu mənada rekord sahibidir.
Belə ki o, beş dəfə rəsmi nikahda olub. Bu nikahlardan üçündən sənətkarın övladları var. Hərbi xidmətdə ailə qurduğu rus qadından Aleksandr adlı oğlunun hazırda yaşı altmışı keçib.
Bağırovun ikinci həyat yoldaşı olan Leyla xanımdan isə Lalə adlı qızı dünyaya gəlib. Hazırda Lalə xanımın yaşı əlli beşi haqlayıb. Xalq artistinin üçüncü həyat yoldaşı Almaz adlı həkim xanım olub. Ancaq 15 illik rəsmi evlilikdən onların övladları dünyaya gəlməyib.
Sənətkarın 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru olub. Bu evlilikdə ən diqqətçəkən məqamlardan biri budur ki, aktyor Tamara xanımın övladlarını öz soyadına keçirir. Maraq üçün qeyd edək ki, Tamara Ocaqova Dövlət Musiqili Teatrının direktor müavini Elxan Ocaqovun əmisi qızıdır.
Hacıbaba Bağırovun sonuncu evliliyindən isə Şölə adlı bir qızı var. Qeyd edək ki, Arzu Bağırova Hacıbaba Bağırovdan 37 yaş kiçik olub.