Türkün müəmmalı və sirli qədim sivilizasiya məskəni: Arkaim/Əziz Mustafa

0
706

 

Bir vaxtlar qədim türklərin ana vətəni olan Ural min illərdir özündə əcdadlarımızın sirlərini gizlətməkdə davam edir. Bu baxımdan qədim türk tarixinin hələ yaxşı öyrənilməmiş sivilizasiya mərkəzlərindən biri olan Ural dağları və onun ətraf ərazilərində türklərin izlərini qoruyub günümüzə kimi çatdıran onlarla sirli, müəmmalı, eyni zamanda özündə qədim sivilizasiyamızı əks etdirən yaşayış məntəqələri mövcuddur. Onlardan biri də rusların tarixi saxtalaşdıraraq hər vəchlə öz adlarına çıxmağa çalışdığı qədim Arkaimdir.

Arkaimin qalıqlarının aşkar edilməsi də bir təsadüflə bağlıdır. Belə ki, 1987-ci ildə yerli məktəblərdən birindəki tarix dərnəyinin üzvü olan iki uşaq Böyük Karaqan vadisinə ekspedisiyaya getmək fikrinə düşür. Onlarla birgə olan dərnək üzvləri ilə çöldə o tərəfə-bu tərəfə gəzməkdən bezən bu iki uşaq yoldaşlarından ayrılaraq əks istiqamətə yol alır. Onları uzun müddət axtaran dərnək üzvləri tapa bilməyərək müvafiq qurumlardan kömək istəyirlər. Nəticədə uşaqların xüsusi təlim görən itlərlə axtarışına başlanılır. Amma hər iki uşaq gözlənilmədən onları axtarmaq istəyən adamların qarşısına çıxaraq, vadidə qədim və sirli bir şəhər tapdıqlarını söyləyir. Dərhal yeni tapılan qədim şəhərdə arxeoloqlar tərəfindən axtarışlara başlanılır. Şəhərin qalıqları yer altından çıxarılanda hamını təəccüb bürüyür. Bu şəhərin ən qədim sivilizasiya mərkəzlərindən biri olduğu üzə çıxır. Tədqiqatçıların araşdırmaları zamanı məlum olub ki, Arkaim şəhəri 100 ildən artıq mövcud olub. Amma hansısa hadisə nəticəsində şəhər yandırılmış, orada yaşayanlar isə bu doğma yurd yerlərini tərk etməyə məcbur olmuşdular. Şəhərin tərk edilməsinin səbəbini ətrafda əkinəyararlı torpaq sahələrinin, otlaqların az olması ilə əlaqələndirənlər də az deyil.

Bəzi alimlər Arkaimin o dövrdə yaşayan insanların müqəddəs yeri, dini mərasimlər məskəni olduğunu, digərləri isə ondan rəsədxana kimi istifadə edildiyini ehtimal edirlər. Arkaimin kosmosdan gələn hansısa inkişaf etmiş sivilizasiyaya malik olan insanlar tərəfindən inşa edildiyi də ehtimal kimi vurğulanır: Bu ehtimalların nə qədər doğru olub-olmadığını söyləmək çətin olsa da Arkaimin Ural ətrafında, Avropa ilə Asiyanın qovşağında yerləşən ən qədim mədəniyyət, elm mərkəzlərindən biri olduğu şübhə doğurmur. Arkaimdə 70-dən artıq qədim mədəniyyət abidəsi var və onların hər biri burada yaşayan insanların yüksək sivilizasiyaya malik olduqlarını sübut edir.

Arkaimdən danışarkən öncədən bir fakta diqqəti cəlb etmək istəyirik. Bu da qədim türk məskəni olan Arkaimin Hind-Avropa mənşəli insanların, o cümlədən farsların yaşayış məskəni kimi qələmə verməyə cəhdlərlə bağlıdır. Bunun üçün elmi əsaslara söykənməyən çoxsaylı faktlar belə ortaya qoyulur. Lakin hər bir qədim yaşayış məskəninin kimlərə məxsus olması, ilk növbədə, həmin yerin toponomi ilə bağlıdır. Bu baxımdan Arkaim toponiminin mənşəyi hansı məna verməsi xüsusi önəm daşıyır. Bu müstəvidə də əksər tədqiqatçılar Arkaimin türk kökənli toponim olduğunu gizlətmirlər. İş orasındadır ki, bu toponimin türk deyil, fars və ya Hind-Avropa mənşəli olmasını iddia etmək mümkün də deyil. Arkaim toponimi türk dilində arxa, arxam, söykəndiyim yer mənası daşıyır. Arkaimin yaxınlığındakı dağlar da Arkaim (arxam, dayağım) adlanır.

Arkaim Çelyabinsk vilayətindəki Qızıl (Kizil) rayonunun Aleksandrovski qəsəbəsindən iki kilometr cənub-şərqdə, Utyaqanka (Ötəgənkə) və Böyük Karaqanka (Qaraqanka) çaylarının qovuşağında yerləşir. Utyaqanka və Karaqanka çaylarının adlarının da türkcə olduğunu nəzərə alanda Arkaimi sivilizasiyanın fars və ya Hind-Avropa xalqları ilə əlaqələndirilməsi olduqca gülüng təsir bağışlayır. Nəhayət, ətrafdakı yaşayış məskənlərində yaşayan əhalinin də böyük əksəriyyətini türk-tatar əhali təşkil edir.

Elmi baxımdan Arkaim orta bürünc dövrünə xas olan möhkəmləndirilmiş yaşayış məskənini xatırladır. Arkaimin eramızdan III-II min il bundan əvvəl salındığı ehtimal edilir. Bəzi alimlərin fikrincə, Arkaim ən azından eramızdan 4 min il əvvəl mövcud olub. Arkaimin Misirdəki piramidalarla yaşıd olduğu da irəli sürülən ehtimallar arasındadır. Bununla belə, piramidalarla müqayisədə bu günə kimi Arkaimin yaşını müəyyən etmək mümkün olmayıb.

Arkaimin mərkəzində kvadrat formalı meydan yerləşir. Arxeoloqların iddialarına görə, bu meydanda qədimlərdə dini mərasimlər keçirilib. Buna sübut kimi meydanda xüsusi qaydalar əsasında yerləşdirilən ocaq qalıqları göstərilir. Bəzi tarixçilər bu ocaq qalıqlarının kainatın quruluşunu göstərdiyini ehtimal edirlər. Arkaimi inşa edən insanların yüksək şəhərsalma mədəniyyətinə malik olduqları da dərhal nəzərə çarpır. Şəhərsalma zamanı ulduzların yerləşmə vəziyyətləri olduqca dəqiq nəzərə alınıb. Bu da Arkaimin qədim rəsədxana rolunu oynadığını və orada yaşayan insanların kainatın quruluşu haqqında yüksək elmi biliklərə malik oduğunu söyləməyə imkan verir. Digər tərəfdən də, şəhər daxilindəki küçələr dairəvi formadadır və onlar bir-biriləri ilə insanı heyrətə salacaq dərəcədə olduqca riyazi dəqiqliklə kəsişirlər. Küçələrdə palçıq olmasın deyə torpağın üzərinə xüsusi ağac kötüklər döşənib. Bu ağac kötükləri günümüzədək belə çürüməyərək varlığını sürdürə bilib. Şəhərdə yağış yağan zaman küçələrdə suların toplanmaması məqsədi ilə xüsusi arxlar salınıb. Bu arxlar vasitəsilə yağış suları xüsusi borularla şəhərdən kənara, yaxındakı çaylara axıdılıb. Qalanın daxilindəki dairəvi qala divarlarına evlər bitişik inşa edilib. Bu da evlərin təhlükəsizliyinin təmin edilməsində, düşmən hücumu zamanı onlara ağır zərbələr endirilməsinə imkan verib. Şəhər daxilindəki dairəvi formada inşa edilən və ən azından 3-4 qat olan qala divarları düşmən hücumlarından müdafiə olunmaq məqsədi daşıyıb. Əgər düşmən birinci qala səddini alaraq şəhərə daxil olardısa, onda onların qarşısını keçilməz hesab edilən ikinci qala divarları kəsəcəkdi. Bu qala divarlarını almaq isə düşmənə ancaq çoxsaylı itkilər hesabına başa gələ bilərdi. Ancaq hətta bu qala divarları da alınsaydı belə onlar daha bir möhkəmləndirilmiş qala divarlarını qarşılarında görəcəkdilər. Qala divarları ilə bağlı diqqəti cəlb edən digər bir maraqlı məqam da onların bir girişinin olmasıdır. Bu girişin isə yenə də qədm türklərin yaşayış adət-ənənələrinə uyğun olaraq cənub-şərqdən olmasıdır. Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Şəhərə girən hər adam onun daxilində günəşin hərəkət trayektoriyası ilə hərəkət etməyə məcbur olur. Çünki girişin istiqaməti məhz günəşin hərəkət trayektoriyasına əsasən hesablanıb.

Yenə də qeyd edək ki, Arkaimi inşa edən insanların yüksək biliklərə malik olması indi də alimləri heyrətə salmaqda davam edir. Ona görə də hər vəchlə bu qədim sivilizasiyanı arilərin, hind-avropalıların adına çıxmağa cəhd edirlər. Hətta bəzi rus tarixçilər Arkaimin rusların əcdadlarının məskəni olduğunu belə iddia edirlər. Halbuki rusların Ural ətrafına XV əsrin sonlarında gəlməyə başladığı məlumdur. Bütün hallarda tarixçilərin Arkaimin digər xalqlara aid olduğunu sübut etməyə cəhd etmələrinə baxmayaraq, onun qədim türk sivilizasiyasının məskəni olduğu təkzibedilməz şəkildə göz önündədir. Təəssüflər olsun ki, 600 ilə yaxın bir müddət ərzində Rusiyanın işğalı altında olan, hazırda belə orada yaşayanların əksəriyyətinin tatar türkləri olmasına baxmayaraq, türk arxeoloqların orada qazıntılar aparmasına imkan verilmir. Amma Arkaimin günlərin birində yenidən türk ruhu ilə nəfəs alacağı, türk ruhu ilə canlanacağı şübhə doğurmur…

BIR CAVAB BURAXIN