Türkiyəyə qaçmış pilotun oğlundan ürəksızladan – Faktlar 08:53

0
634

Teleqraf.com-un “Varislər” layihəsinin növbəti qonağı azərbaycanlı mühacir pilot Məhəmməd Altunbayın oğlu Oqtay Altunbaydır.

***
Portalımızda Məhəmməd Altunbayın xatirələrini yayımladıqdan sonra müəyyən suallar ortaya çıxdı. Bu suallarımıza aydınlıq gətirmək üçün mərhum pilotun oğlu, hazırda İsveçdə yaşayan Oqtay Altunbaydan sosial şəbəkə üzərindən müsahibə aldıq.

O.Altunbay suallarımızı səmimi şəkildə cavablandırdı, atası ilə bağlı bizə nadir materiallar da göndərdi.

Beləliklə, Teleqraf.com Oqtay Altunbayla müsahibəni təqdim edir:

– Oqtay bəy, atanız Məhəmməd Altunbayın 1940-cı illərdə Türkiyədə yayımlanmış “Gök Börü” dərgisində xatirələrini tapdıq. Təəssüf ki, bu xatirələr jurnal bağlandığı üçün yarımçıq qalıb. Atanız sağlığında “Düşmən gəlir” adlı bir kitab yayımlayıb, öldükdən sonra ananız Məlahət Altunbay onun digər xatirələrini toplayaraq “Hürriyyətə uçan türk” adı ilə hazırlayıb, Azərbaycan Kültür Dərnəyi də kitabı çap edib. Amma o kitabdakı xatirələr də tam deyil, xatirələrin davamı yazılıbmı, sizdə əlyazmalar varmı?

– Atam mərhum Rəha Oğuz Türkqan ilə birlikdə “Gök Börü” jurnalında çalışıb. Bu jurnalın 13 sayı nəşr olunub. Atam həmçinin “Ərgənəkon”, “Bozqurd”, “Tanrıdağ”, “Çınaraltı”, “Orhun”, “Ülkücü Hərəkatın ABC-si”, “Qızıl Təhlükə”, “Türk İzi”, “Türk Dünyası”, “Mücahid”, “Milli Kültür” və indi adını xatırlamadığım bir çox dərgi ilə əməkdaşlıq edib. Həmçinin dönəmin bəzi qəzetlərində, məsələn, “Hürriyyət” və “Yeni sabah”da yazıları dərc olunub. 1974-cü ildə “Yeni Asya” yayınları tərəfindən Azərbaycandakı uşaqlıq illərindən bəhs edən “Düşmən gəlir” adlı kitabı yayımlanıb, vəfatından sonra 1989-cu ildə “Hürriyyətə uçan türk” adlı əsəri kitab olaraq dərc olunub. Vəfat etmədən öncə həyatının tamamını əhatə edən avtobioqrafiyasını yazmağa başlamışdı. Bu əsəri bitirmək, Azərbaycan dilində və ingilis dilində də nəşr edib dünyaya yaymaq ən böyük istəyi idi. Fəqət tamamlamağa ömrü yetmədi. Son hissələrini mənə danışdığı qədər, təbii ki, çox detallara girmədən özüm tamamlamağa çalışdım. Amma müəyyən imkansızlıqlar səbəbindən bu zamana qədər kitab olaraq nəşr edə bilmədim.

– Atanız 1939-cu ildə Azərbaycandan mühacirət etdi, iki ilə yaxın İranda saxlanıldı, nəhayət, 1941-ci ildə Türkiyəyə gəldi. Həmin ildən vəfatına qədər ardıcıllıqla nə işlə məşğul olduğunu deyə bilərsinizmi?

– Atam 1939-cu ildə iki dəyərli dostu ilə birlikdə kommunist rejimindən qaçaraq Türkiyəyə gəlmək istəyib, ancaq təyyarələrinin Sovet-İran sərhədində vurulması nəticəsində məcbur olaraq İran torpaqlarına eniblər. Burada Rza şah Pəhləvi dönəminin hökm sürdüyü İranda iki ildən çox əsirlik həyatı yaşayıb, sonra yenə bir möcüzə şəklində 1941-ci ildə Türkiyəyə gəliblər. Atam Türkiyədə öz peşəsi ilə, yəni pilotluqla məşğul olsa da, eyni zamanda Stalin dönəmini, kommunizmin iç üzünü azad dünyanın insanlarına tanıtmağı özünə borc bilib, bu mövzuda yazılar yazıb, mətbuat konfransları keçirib, radioda verilişlərə qatılıb, səsini eşitdirmək üçün həyatından bəhs edən, ssenarisini özünün yazdığı film çəkib. Atam 1941-1950-ci illərdə Nuri Dəmirağ Göy Məktəbində test pilotu və müəllim pilot olaraq çalışıb. 1952-1954-cü illər arasında Londondan 3 ədəd təyyarə (biri “Konsul” iki mühərrikli və 2 ədəd “Percival Proktor” tək mühərrikli) alaraq, ilk özəl aviaşirkət olan “Göy Tur”u qurub. Fəqət təyyarələrin talehsiz şəkildə ayrı-ayrılıqda yerə düşməsi səbəbindən 1954-cü ilin əvvəllərində şirkətin fəaliyyətini dayandırıb. 1954-1960-cı illər arasında Türk Hava Yollarında Kapitan Pilot kimi çalışıb. 1961-1962 (və ya 1963) illər arasında Amerikaya dəvət edilib, “Yaşıl kart” verilib. Ancaq ana vətən həsrətinə dözə bilməyərək Türkiyəyə dönüb. 1963-1964-cü illərdə Almaniyaya gedib, orada bir il “Azadlıq” radiosunda kommunizmə qarşı təbliğat aparıb. 1965 və sonrakı illərdə ticarətə atılaraq Dövlət Material Ofisi və hərbi üçün müxtəlif materialların istehsalı sahəsində çalışıb.

– Atanızın azərbaycanlı mühacirlərlə əlaqəsi necə idi? Mühacirlərlə birgə fotoları varmı?

– Onlar eyni vətənin, eyni idealın, eyni mücadilənin və eyni fikrin övladları idilər. Dırnaq ətdən ayrılmadığı kimi onlar da həmişə birlikdə idilər. Həmid Ataman, Əziz Alpoud, Nuri Saryal, Feyzi Aküzüm, Əhməd Qaraca ailəliklə görüşdüyümüz bəzi şəxslər idilər. O vaxtlar çox foto olmurdu. Ona görə də məndə də çox foto yoxdur.

– Qeyd etdiniz ki, atanızın həyatı ilə bağlı “501 nömrəli hücrə” adlı film var. Mən bir çox mətbuatda o film haqqında geniş materiallara rast gəldim. Məsələn, “Səs” jurnalında iki səhifəlik yazı var. Filmin orijinal afişalarından birini də satın aldım. Amma təəssüf ki, filmin özünü tapa bilməmişəm.

– 1967-ci ildə “Ordu Foto Film” Mərkəzi tərəfindən iki hissə olaraq çəkilən və dövlət teatr sənətçiləri tərəfindən oynanılan bu film Türkiyədə böyük maraq doğurmuşdu. Film bir çox hərbi birliklərdə, universitetlərin konfrans salonlarında izlədildi. Amma TRT-də yayımlanıb-yayımlanmamasını xatırlamıram. Filmin neqativləri hazırda sadəcə Ankara Foto Film Mərkəzində, silahlı qüvvələrin arxivində saxlanılır. Atam “Kafkas” Film şirkəti də yaradaraq xaricdən film idxal edir, Türkiyədə kinosalonlarda yayımladırdı. Daha çox tarixi və mədəni filmlər üzərində çalışırdı. Mədəniyyət nazirliyi və TRT bir çox filmini yayımlayıb. Xatırladığım bəzi filmlər: “Seyyid Nəsimi” (“Teymurləng və Nəsimi”), “Nəsrəddin Xoca”, “Mayila. Həyat dolu bir qız”, “Dədə Qorqud”, “Füzuli”, “Şərqin çiçəkləri”.

– Atanızdan qalan bir arxiv varmı?

– Təəssüf ki, atama aid çoxlu arxiv materialı, sənədlər yoxdur. Öz həyatını yazarkən tutduğu qeyd dəftəri, əl yazısı var. Onları yazdıqca təkrar gözdən keçirir, sonra makinada yazardı. Bəzi qeydləri və məktubları var, onları hələ də saxlayıram.

– Atanız Məlahət xanımla necə tanış oldu?

– Atam anamla THY-də tanış olublar. Anam Dövlət Hava Meydanlarında hostes olaraq çalışırdı. 1961-ci ildə evləndilər. Tək övladları mənəm. Mən də 1998-ci ildə ailə qurdum, 2001-də oğlum doğuldu.

– Atanızın Azərbaycandakı ailəsi ilə əlaqəniz oldumu? Onun sizinlə eyni adı daşıyan bir oğlu da var. Yazıçı Oqtay Altunbay. Onunla görüşdünüzmü? Azərbaycanlı yazıçı Əlisa Nicat mənə demişdi ki, Məhəmməd bəy Bakıdakı oğluna pul, hədiyyələr göndərirmiş. Doğrudurmu?

– Bəli, atamın mənimlə eyni adı daşıyan, Azərbaycanda qoymaq məcburiyyətində qaldığı bir oğlu var. Atam ona olan həsrətinə görə, mənə də eyni adı verib. Oqtayın iki qızı var. Qardaşımla ilk dəfə 1976-cı ildə İstanbulda bir araya gəldik. 37 il sonrakı bu qarşılaşma kəlmələrlə ifadə edilə bilməyəcək hisslərdir. Daha çox da atam və qardaşım üçün. Bu illər içərisində atam bir şəkildə qardaşımla təmas qurub, məktublaşıblar. Sonrasının necə olduğunu tam şəkildə bilmirəm. Amma xüsusi icazə və ya viza ilə Türkiyəyə gələ bildi. Sonrasında da zamanla Türkiyəyə gələrək bizləri ziyarət edirdi. Atam hörmətli Əlisa Nicatın söylədiyi kimi əlindən gəldiyi qədər Azərbaycandakı ailəsinə dəstək olurdu, hər dəfə müxtəlif hədiyyələr göndərirdi. Mən isə Bakıya ilk dəfə 1989-cu ildə getdim. Orada qardaşımın ailəsi, hətta atamın həyatda olan və Gəncədə yaşayan bacı və qardaşları ilə, onların uşaqları ilə görüşdüm. Atamın anası Bəyim xanımın qəbrini ziyarət etdim. Atamın xanımı Gülsüm xanımı gördüm, xeyli söhbət etdik. Yəni Azərbaycan ziyarətimdə göz yaşlarım heç qurumadı. Həsrətim bitmədi.

– Atanızın dəqiq ölüm tarixi nə vaxtdır, məzarı haradadır?

Atam 27 dekabr 1987-ci ildə İstanbulda vəfat etdi. Orada yaşayırdıq. Ankaraya apardıq, orada Karşıyaka məzarlığında dəfn etdik. Sonra özümüz də Ankaraya köçdük.

– Təyyarə ilə mühacirət edərkən atanızla bərabər, Həsən Zeynallı və Cəlal adında iki pilot da olub. Bu yaxınlarda Həsən Zeynallının bir müsahibəsini tapdıq. Məzarı da İstanbulda Zincirliquyudadır. Amma üçüncü pilot haqqında bilgimiz yoxdur. Deyəsən, Cəlal İranda həlak olub.

– Azadlıq yolunda bərabər yola çıxdıqları üçüncü pilot Cəlal bəy Tehranda rus gizli xidmətinin agentləri tərəfindən qəfil yaxalanır, güllələnərək şəhid edilir. Əslində KQB-nin aldığı əmr hamısını canlı olaraq ələ keçirmək, Rusiyaya geri aparmaq imiş. Amma güclü, qüvvətli Cəlal bəy 3-4 xəfiyyəni yumruqlayıb məhv etsə də, daha qələbəlik şəkildə üstünə hücum edirlər. Cəlal tez yaxınındakı elektrik dirəyinə sarılır. Heç bir güc onu oradan ayıra bilmir. O anda ətrafdan insanların gəldiyini görən xəfiyyələr Cəlalı sağ apara bilməyəcəklərini başa düşərək, onu güllə yağmuruna tuturlar. Atam bu hadisəni hər dəfə danışanda duyğulanır, göz yaşlarını görməyək deyə hamama gedərdi…


Müəllif: Dilqəm Əhməd

BIR CAVAB BURAXIN