Türkiyə Cümhuriyyətinin Rusiya Federasiyasındakı keçmiş səfiri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının qurucu baş katibi Xəlil Akınçının APA-ya müsahibəsi
– Prezident Ərdoğanın “Rusiyanın bizdən gözlədiyi ilk addımın nə olduğunu anlamırıq” açıqlamasına qarşılıq olaraq Kreml sözçüsü Dmitri Peskov üzr və təzminat gözlədiklərini bildirib. Bu barədə nə demək istərdiniz?
– Məsələ ondadır ki, hər iki tərəf media vasitəsilə danışır. Məncə, media vasitəsilə danışmağa son qoyulmalı və müzakirələrə başlanmalıdır. Çünki hər hansı iki ölkə arasında mövcud olan problemi həll etmək üçün əvvəl-axır müzakirə masası arxasına oturulur. Türkiyə ilə Rusiya arasında da müzakirələr başlamalıdır.
– Hansı formada müzakirəni nəzərdə tutursunuz?
– Hansı formada olursa-olsun, tezliklə müzakirələrin başlamasını arzu edirəm. Rəsmi müzakirələr başlasa, daha yaxşı olar. Ancaq rəsmi müzakirələr hələ alınmırsa, başqa səviyyədəki müzakirələrə başlamaq lazımdır. Hər şəraitin özünə görə müzakirə subyektləri və formaları var. İndiki şərait nəyi tələb edirsə, ona uyğun şəkil və formatda müzakirələr başlaya bilər. Bunun üçün hər iki ölkənin kifayət qədər mexanizmləri var.
– İndiki halda siz hansı formatı və mexanizmi təklif edərdiniz?
– Bizim dəstəyimizlə qurulan İctimai Forum var. Məncə, bu çərçivədə danışıqlar və müzakirələr başlaya bilər. İctimai Forumda hər iki ölkənin alimləri, ziyalıları, diplomatları, sənətkarları iştirak edirlər. Müzakirələrin siyasi müstəviyə keçməsinə zəmin hazırlamaq üçün indiki şəraitdə İctimai Forum çərçivəsində görüşlərə başlamağın çox faydalı olacağını düşünürəm.
– Siz diplomat kimi Moskvaya ilk dəfə 1975-ci ildə getmişiniz, həm “zastoy”, həm də “perestroyka” dönəmində Moskvada olmusunuz, sovetlərin yıxılaraq Rusiya Federasiyasının müstəqil olduğunu görmüsünüz. 2008-2010-cu illərdə isə orada səfir idiniz. İki ölkə arasındakı siyasi münasibətlərin pisləşməsinin iqtisadi münasibətlərə bu qədər mənfi təsir göstərdiyi dövrü xatırlayırsınızmı?
– Məsələ ondadır ki, istər çar dövründə, istər SSRİ, istərsə də Rusiyanın müstəqil olmasından bəri Türkiyə ilə münasibətlər çox tez pozulur, çox gec sahmana salınır. İndi isə pozulan münasibətlərin uzun müddət davam etməsinə imkan verməməliyik. Bu yaxınlarda bir çıxışımda dedim ki, biz nəvə-nəticələrimizə bu cür soyuq münasibət qoyaraq gedəcəyik? Bir an əvvəl danışıqlara başlayaraq münasibətləri qaydasına salmalıyıq.
– Bəzi şərhçilər keçən il noyabrın 24-də təyyarə vurulan kimi məsələni aydınlaşdırmaq üçün iki ölkə arasında komissiya qurulmasını təklif etmişdilər. Sizcə, bu məsələdə tərəflər gecikdimi?
– Müzakirə və dialoqlara həmişə başlamaq olar. Mən indiki mərhələdə İctimai Forumun işin içinə daxil olmasını ən məqbul variant hesab edirəm. O çərçivədə danışmağa başlasaq, məncə, rəsmi müzakirə mərhələsinə keçmək də çətin olmayacaq.